Milli Şuranın 31 mart 2018 il tarixdə Bakıdakı mitinqi ərəfəsində repressiyaya məruz qalan AXCP üzvlərinin siyahısı:
- Abdulla Mahmudov – AXCP Sabunçu şöbəsi, 26.03 tarixdə axşam saat 20.00-da Bakının Sabunçu rayon 15-ci polis bölməsinə çağırılıb və həmin vaxtda da özü polis bölməsinə gedib . 1 gecə orda saxlanıb və 27.03 tarixdə Sabunçu rayon məhkəməsi tərəfindən İXM-nin 535.1 polisə müqavimət maddəsi ilə 30 sutka inzibati həbs cəzası verilib.
- Orxan Baxışlı – AXCP Xətai şöbəsi, 27.03 tarixdə mitinqə çağırış vərəqələrini küçələrə yapışdırmaq üçün saat 16.00 radələrində evdən çıxıb və geri qayıtmayıb, ailəsinin və partiya yoldaşlarının axtarışlarına baxmayaraq 29.03 tarixdə səhər saatlarına qədər hələ də yeri naməlum olub. DİN-nin qaynar xətti 102 və Ombudsman aparatının qaynar xəttinə zənglər olunsa da fayda verməyib, harda olduğunu deyən olmayıb. 29.03 tarixdə səhər yaşadığı Xətai rayonunun 36-cı polis bölməsindən məlumat verilib ki, Orxan Baxışlıya məhkəmə qərarı ilə İXM-nin 535.1 maddəsinə əsasən 30 sutka inzibati həbs cəzası verilib. Məlum olub ki, 36-cı polis bölməsinin əməkdaşları Orxan Baxışlının anasına ondan xəbərsiz olduqlarını söylədikləri halda, əslində 27.03 tarixdə onu saxlayaraq bölməyə aparıblar, daha sonra elə həmin tarixdə heç kimə xəbər verilmədən məhkəməyə çıxarılıb.
- Ayaz Qasımov – AXCP Nəsimi şöbəsi, 29.03 tarixdə səhər evdən çıxıb və Bakının Binəqədi rayon 6-cı polis bölməsinin əməkdaşları tərəfindən heç kimin xəbəri olmadan həbs edilib. Partiya yoldaşları axşama qədər onu axtarıblar və axşam öyrəniblər ki, Ayaz Qasımov elə həmin tarixdə Binəqədi məhkəməsinə çıxarılıb və İXM-nin 535.1 maddəsi ilə 15 sutka inzibati cəza alıb.
- Ruslan Qurbanlı – AXCP Nərimanov şöbəsi, 27.03 tarixdə Bakının Səbail rayon polis şöbəsindən 3 dəfə zəng edib onu polis idarəsinə çağırıblar, getməkdən imtina edib. Cavabında deyiblər ki, özləri gəlib apararlar onu polis idarəsinə.
- Cəfər Nərimanov- AXCP Binəqədi şöbəsi, 29.03 tarixdə Bakının Binəqədi rayon polis idarəsinin 6-cı bölməsinin rəis müavini ona zəng edərək polis bölməsinə gəlməsini tələb edib, Bakıda olmadığını deyərək getməkdən imtina edib.
- Çingiz Cabbarlı – AXCP Masallı şöbəsi, 30.03 tarixdə Masallı rayon icra hakimiyyətinin nümayəndələri evinə gedib onu mitinqə getməkdən çəkindirməyə çalışıblar.
- Nazim Həsənli – AXCP Lənkəran şöbəsinin sədri, 30.03 tarixdə telefonuna polisdən çoxlu zənglər gəlib, cavab verməyib. 31.03 tarixdə səhər tezdən Lənkəran rayon Liman polis bölməsinin rəisi yenidən zəng edib və ona bildirib ki, Lənkəran rayon polis şöbəsinin rəisi onu çağırır. Öncə getməkdən imtina edib, o halda polis bölmə rəisi onun ardınca PPX-nin maşını ilə evinə gələcəkləri və onu polisə aparacaqları ilə bağlı xəbərdarlıq edib. Ailə üzvlərini narahat etməsinlər deyə, bu dəfə özü Liman polis bölməsinə gedib, mitinqlə bağlı, mitinqə rayondan gedənlərin olub-olmaması haqda çoxlu suallar verib bir neçə saatdan sonra sərbəst buraxıblar.
- Çapay Sadıqlı – AXCP Bərdə şöbəsinin sədri, 31.03 tarixdə səhər tezdən Bərdə rayonundan Bakıya mitinqə gələrkən Bərdə rayon polis şöbəsinin əməkdaşları onu təqib edib, daha bir cəbhəçi ilə bərabər yoldan qaytarıb, mitinqə getmələrini əngəlləyiblər. Sonra onları polis şöbəsinə aparıblar və bir neçə saat orda saxlayıb sərbəst buraxıblar.
- İsmayıl Həsənov- AXCP Nəsimi şöbəsi, 28.03 tarixdə Bakının Nizami rayonu 25-ci polis bölməsindən zəng olunub. 29-30.03 tarixlərdə polis sahə müvəkkili zəng edib. 31.03 tarixdə polis sahə müvəkkili təkrar zəng edərək mitinqdən sonra onunla görüşmək istədiyini söyləyib. Mitinqdən sonra polis sahə müvəkkilinin dediyi çayxanaya gedib, bir neçə polis ona hücum edərək qollarından tutaraq həbs etməyə cəhd edib, bir müddətdən sonra sərbəst buraxılıb.
- Kamal Heydərov – AXCP Hacıqabul şöbəsinin sədri, 28.03 tarixdə Şirvan şəhərində ATƏT DTİHB Seçki Müşahidə Missiyasının nümayəndəsi onu partiya təmsilçisi olaraq Şirvan şəhər İcra Hakimiyyətinin binasında görüşə dəvət edib, seçkiqabağı situasiya ilə bağlı fikirlərini öyrənib. 30.03 tarixdə Hacıqabul rayon polis şöbəsi tərəfindən idarəyə çağırılıb və ATƏT nümayəndəsi ilə nə danışdıqları barədə sorğu-sual edilib. 31.03 tarixdə polis tərəfindən saxlanıb və Bakıya mitinqə getməsi əngəllənib.
- Vadər Məmmədov – AXCP Hacıqabul şöbəsindən partiyanın Ali Məclis üzvü, 31.03 tarixdə Hacıqabul rayon polis şöbəsi tərəfindən saxlanıb və Bakıya mitinqə getməsi əngəllənib.
- Vahid Dadaşov – AXCP Hacıqabul şöbəsi, 30.03 tarixdə Hacıqabul rayon polis şöbəsinin sahə müvəkkili evinə gedib onu polis şöbəsinə dəvət edib. Polis şöbəsində onu niyə mitinqə getdiyi, nədən narazı olduğu barədə sorğu-sual edib bir neçə saatdan sonra sərbəst buraxıblar.
- Rövşən Məmmədov -AXCP Xətai şöbəsi, 14.03 tarixdə 10 mart 2018 il Milli Şuranın mitinqində iştirak etdiyinə görə Azərsun Holdinqin Xəzər mühafizə və Təhlükəsizlik xidmətindəki mühafizəçi vəzifəsindən ixtisar bəhanəsilə azad edilib. Qanunsuz şərtlər irəli sürülüb, o da məcburən öz ərizəsi ilə işdən çıxması ilə bağlı sənədi imzalayıb.
- Əflatun Əhmədzadə- AXCP Neftçala şöbəsinin sədri, 30.03 tarixdə axşam saat 21.00-da Neftçala rayon polis şöbəsi rəisinin göstərişi ilə polis idarəsinə aparılıb, mitinqlə bağlı təhdid olunub, bir neçə saatdan sonra sərbəst buraxılıb. 31.03 tarixdə evi polis nəzarətində olduğu üçün Bakıya mitinqə getməsi əngəllənib.
- Sövdagər Mursaqulov – AXCP Ağstafa şöbəsinin sədri, 31.03 tarixdə Bakıya mitinqə gedərkən Ağstafa rayon polis əməkdaşı tərəfindən izlənib, mitinqə getməsini əngəlləmək istəsə də, buna nail ola bilməyib.
- Xasay Mehdiyev – AXCP Ağstafa şöbəsindən partiyanın Ali Məclis üzvü, 31.03 tarixdə Bakıya mitinqə gedərkən Ağstafa rayon polis əməkdaşı tərəfindən saxlanılıb, mitinqə getməsi əngəllənib.
- Bəxtiyar İmanov – AXCP Rəyasət Heyətinin üzvü, 2002-ci ildən çalışdığı Azərbaycan Milli Elmlər Akademiyasının Fizika institutundakı mühəndis vəzifəsindən, rəsmi əmrlə guya əmək vəzifələrini təkrarən kobud şəkildə pozduğu üçün (ƏM-nin 70 maddəsinin “ç” bəndi), amma əslində siyasi fəaliyyətinə və mitinq təşkilatçılığına görə 29.03 mart tarixdə işdən azad edilib.
Qeyd:
1) Yüzlərlə AXCP üzvü mitinq öncəsi polis təzyiqi ilə üzləşməmək, həbs olunmamaq və mitinqdə iştirakları təmin olunsun deyə mitinq ərəfəsində günlərlə evlərində qalmayıblar, yaşadıqları nəinki evdən, hətta şəhərdən belə məcburi didərgin düşüblər, polisdən gələn zənglərə cavab verməyiblər, polis əməkdaşları evlərinə gedib ailə üzvlərini narahat ediblər. Bəzilərinin mitinq günü Bakıya getmələri əngəllənib.
2) Fatimə Mövlamlı – gənc facebook və ictimai fəal, AXCP tərəfdarı, könüllü mitinq təşviqatçısı, 26.03 tarixdə səhər saatlarında Bakının Binəqədi rayonu 4-cü polis bölməsinin əməkdaşları anasının iş yerinə gəlib Fatimə Mövlamlını guya bir nəfərin şəklini tanıyıb-tanımadığı barədə sual vermək üçün bölməyə çağırıblar. Gunorta saat 14.00-da polis bölməsinə gedib. Siyasi və ictimai fəaliyyəti, AXCP ilə əlaqələri barədə suallar verilib. Onun xaricdə yaşayan azərbaycanlıların keçirdiyi “Diktatoru tanıdaq” aksiyasını Bakıda davam etdirdiyi ilə bağlı videoçəkilişləri ona göstəriblər və məlum olub ki, prezident İlham Əliyevə qarşı olan bu aksiyada iştirakına görə çağırılıb polisə əslində. Sonra Binəqədi rayon polis şöbəsinin rəisi polis bölməsinə zəng edib və 18 yaşlı gənc qız Fatimə Mövlamlıya deyib ki, əgər təhqir olunmaq, döyülmək istəmirsə kiminlə işbirliyində olduğunu, kimdən təlimat aldığını söyləməlidir. Cavabında gənc qız heç kimdən tapşırıq almadığını, bu aksiyaya özü fərdi qaydada qoşulduğunu söyləyib. Daha sonra onu Binəqədi rayon polis idarəsinə rəisin yanına aparıblar, anası da ora çağırılıb. İzahat verdikdən, fəaliyyətini davam etdirəcəyini, hərəkətindən peşman olmadığını bildirərək, bir neçə saatdan sonra sərbəst buraxılıb.