Goranboy rayonunda büdcə təşkilatlarının birində çalışan oxucumuzdan ünvanımıza maraqlı məlumat daxil olub. Adının açıqlanmsını istəməyən həmin mənbənin məlumatına görə, rayonda bütün büdcə təşkilatları seçki ilə bağlı son hazırlıq vəziyyətinə gətirilib. Məktəblərdə, xəstəxanalarda, poçtlarda, müəssisələrdə yuxarıdan gələn təlimat əsasında bütün tapşırıqlar verilib və iş bölgüsü aparılıb. Hər il olduğu kimi, yenə seçkiyə məcburi şəkildə adam daşıyan onbaşı, yüzbaşı və minbaşıların da siyahısı tutulub. Bu hazırlığın son mərhələsi kimi 4 gün əvvəl rayonun icra başçısı şəxsən yüzbaşı və minbaşıları tək-tək qəbul edib və onlara son göstərişlərini verib. Onlara xüsusi tapşırılıb ki, necə olursa-olsun seçkidə fəallıq görüntüsü yaradılmalıdır. Mənbənin dediyinə görə, icra başçıları bu il vəziyyətin əvvəlki illərdən fərqli olduğunu bildikləri üçün narahatdırlar. “Yuxarıdan da onlara verilən siqnal belə olub. Növbədənkənar seçki ilə bağlı böyük narazılıq olduğunu bilirlər. Pozuntuların bir şəkildə mediaya çıxıb qalmaqal yaradacağı təhlükəsindən də qorxurlar. Ona görə də, insanların könüllü şəkildə seçkiyə gedib səs verməsi imitasiyasını yaratmaq çox vacibdir.” Oxucunun sözlərinə görə, onun dəqiq məlumatı var ki, bu təlimat bütün rayonlarda eyni şəkildə tətbiq olunacaq.
azadliq.info