Milli Məclisdə oturan Tahir Kərimliyə A Ç I Q M Ə K T U B
Bir qarın çörəyə görə şərəfli titulları necə itirmək, batırmaq olardı?
Mətləb Mütəllimli, İstiqlalçı millət vəkili
Bir Allah şahiddir ki, Milli Azadlıq Hərəkatından başlayan dostluq münasibətimiz, kəsdiyimiz duz-çörək, müxalifətin ünvanına səsləndirdiyin fikirlərə münasibət bildirməyə imkan vermirdi. Fikirləşirdim ki, deputat kreslosunda oturub xalqın dərdindən, sərindən, dilənçi vəziyyətindən danışacaq, haqqı nahaqqa verməyəcəksən. Bir çoxları kimi mən də gözləyirdim, susurdum. Ancaq, görünür, çox nahaq yerə. Səndən bütün gözləntilər faydasız imiş. Çünki, səni və sənin kimiləri elə proqramlaşdırıblar, elə satın alıblar ki, əvvəlki sizlərdən əsər-əlamət qalmayıb.
Milli Məclisdə son çıxışın bir daha göstərdi ki, milli maraqları şəxsi maraqlardan üstün tutub sənə və sənin kimi bir qırıq haram çörəyə görə əqidəsini dəyişənlərə nəinki cavab vermək lazımdır, həm də vacibdir. Desəm bir daha təkrarçılıq olacar, ancaq özün də yaxşı bilirsən ki, bu gün sən İlham Əliyevin xeyir-duası ilə millidən uzaq Milli Məclisdə oturursan. Görünən odur ki, sən də yapçılar kimi xalqın bir parçası olan, həyatını təhlükəyə atıb haqq-ədalət uğrunda, bu hakimiyyətin millətə zülmünə qarşı vuruşan müxalifətə nifrət püskürürsən. Bu nifrət təkcə müxalifət rəhbərləri ilə şəxsi münasibətlərə görə olsaydı, dərd yarı idi, dözmək olardı. Bu nifrətin başlıca və biabırçı səbəbi həm də odur ki, millətinə qan udduran bu antimilli hakimiyyətin süfrəsindən pay ummağındır, bununla da bir vaxtlar sənə inananları və özünü əskiltməyindir. 25 ildir ki, bu hakimiyyətin yalan üzərində qurulan yarıtmaz siyasəti nəticəsində işğal edilmiş torpaqlarımız azad edilmir və belə davam edərsə, heç vaxt da azad edilməyəcəkdir. Bəli, bu acı bir həqiqətdir ki, indiki rejim gecəsini gündüzünə qataraq var gücü ilə iki cəbhədə vuruşur: milli sərvətləri çapıb talamaq və onun talançılığı ilə barışmayan, xalqına şərəflə sahib çıxmaq istəyən dürüstlük simvolu kişiləri amansızcasına əzmək uğrunda. Görməzliyə vursanız da, sizə də sirr deyil ki, qaçaraq sığındığınız YAP hakimiyyəti dövründən başlayaraq ləyaqətli, cəsur oğul və qızlarımız şərlənərək zindanlara doldurulur. Bunun da nəticəsidir ki, millətin sərvətlərini bir qrup qatı cinayətkar talayır, bir vaxtlar sənin də qoruduğun haqq-ədalət ayaqlar altında tapdalanır, ana və bacılarımızın sürmələri isə göz yaşıdır. Elm sahiblərinin, yalançı “xalq şairlər”inin, “xalq yazıçıları”nın, yoğun bağırsağını düşünən bir sürü insan cildində olan manqurt ziyalıların ağzı möhürlənib, korluğun gətirdiyi qaranlığa səbr edirlər. Bir sözlə, özünü “ziyalı” hesab edənlərin ancaq və ancaq şəxsi mənafelərini düşünən mütləq əksəriyyətin könlündə şeytan yuva salıb. Doğrudanmı hakimiyyət süfrəsinin qırım-qırtığına görə bu qədər əskilmək mümkün imiş? Axı, vaxtilə sən də sıradan biri deyildin. Rayon hakimi ola-ola cəsarət nümunəsi göstərərək Azərbaycan xalqının düşməni, keçmiş SSRİ prezidenti M.Qorbaçova ölüm hökmü çıxaran sən deyildinmi? Məgər ölkənin tarixində vicdanlı, təmiz işləyən Ali Məhkəmə sədri də sən deyildinmi? Axı, kim bilməsə də, mən bilirdim ki, AXC hakimiyyəti dövründə kabinetlərində “boz qurd” qoyub, əslində isə soyğunçuluq edənlərdən fərqli olaraq Ali Məhkəmənin sədri olsan da evində oturmağa stulun belə yox idi! Ən nəhayət, Azərbaycanın müstəqilliyinə səs verən 43 nəfərdən biri, istiqlalçı millət vəkili, məgər sən deyildinmi? Odlu-alovlu çıxışlarını xatırla, şərəfdən, qeyrətdən, vicdandan dəm vuran keçmiş dost! Bu gün əlini ürəyinin üstünə qoyub özün özünə ədalətli qiymət ver, bir qarın çörəyə görə belə şərəfli titulları necə itirmək, batırmaq olardı? Bəli, sən bu gün YAP rejiminin çapıb taladığı, xalqın boğazından kəsdiyi haram tikələrlə qarnını doldura bilərsən. Ancaq heç vaxt, heç zaman sadaladığım və əziyyətlə qazandığın şərəfi geri qaytara bilməzsən, millətin, övladlarının, nəvələrinin gözünün içinə dik baxa bilməzsən. Ey, vaxtilə cəbhənin çörəyini yeyib indi ona təpik atanlar, mərdə bənzəyən namərdlər, nəfsinin arzusuna boyun əyənlər, öz süfrəsinin şiri-hakimiyyət süfrəsinin pişiyi olanlar, bu da tarixin acı bir ironiyasıdır ki: cəbhə hakimiyyəti dövründə ölkənin Ali Məhkəməsinin keçmiş sədri Tahir Kərimli, Azərbaycan əhalisinin az qala yarısını təşkil edən Bakı şəhərinin keçmiş prokuroru Çingiz Qənizadə, Prezident Elçibəyin keçmiş 1-ci müavini Fərəc Quliyev və onlarla başqa dönüklər cəmi bir il hakimiyyətdə olan AXC-ni 25 il fasiləsiz, utanıb qızarmadan söyənlərin cərgəsindədir. Əlbəttə, bu sözləri sənə üzbəüz deməli idim, bizim, bütövlükdə millətin ümidini qırmağının cavabını almalı idik. Ancaq nə yazıqlar ki, Tahir Kərimli, sən təkcə əqidəni dəyişməmisən, həm də telefononu dəyişmisən. Təzə telefonuna isə cavab verə bilmirsən, ya da vermək istəmirsən. Görünür, ağalarınız bizlərlə əlaqə saxlamağı sizlərə qadağan edib. O da ola bilər ki, bizimlə üzbəüz danışmağa, görüşməyə üzünüz qalmayıb, sizi gözləyən ağır ittihamlar qarşısında acizsiniz. Çünki, özünüz də çox yaxşı bilirsiniz ki, millətin mənafeyini şəxsi mənafeyinizə dəyişdirdiyinizə görə siz dönüklərə heç bir bəraət yoxdur.