15 ildən sonranın göstəriciləri
İlham Əliyev 4-cü dəfə and içdi. 4-cü dəfə analoqsuz inkişafdan, uğurlu xarici və daxili siyasətdən, Qarabağ məsələsindəki prinsipial mövqedən, tolerantlıqdan, yoxsulluğun kökünün kəsilməsindən, Azərbaycanın beynəlxaq imicinin yüksəlməsindən, ölkədə demokratiyanın fontan vurmasından, bütün azadlıqların təmin edilməsindən danışdı. O, ilk dəfə 15 il öncə and içmişdi və “mən hər bir Azərbaycan vətəndaşının prezidenti olacam” demişdi. Amma 15 ildən sonra Azərbaycanda müstəqil mətbuat sıradan çıxıb, 100-dən artıq ləyaqətli insan şərlənərək həbs olunub, dövlətin xarci borcu 20 milyarda çatıb, yüzminlərlə insan ölkəni tərk etmək məcburiyyətində qalıb, dövlət büdcəsi iki dəfə kiçilib, 20 faiz arazının 20 qarışı işğaldan azad edilməyib, intiharlar adi hala çevrilib, beynəlxalq hesabatlarda Azərbaycan qara çərçivələrdə görünür, ölkə əhalisinin üçdə biri bank girovuna çevrilib, minimum əməkhaqqı 130 manat olub və bir qrup vəzifəli şəxs mlyardlarla rəqs eləyib.
Belə çıxır ki, bütün vədlər, andlar bir qrup adamın şəxsi istək və arzularını təmin etməyə yönəlibmiş. Çünki, 3 dəfə təkrarlanan anddan sonra statistik rəqəmlər həyəcan təbili çalır. Vətəndaşın üz tutuacağı dövlət qurumu qalmayıb. Hökumət ölkəyə yaxşı gəlir gətirən obyekt kimi baxır.
“Prezident seçkiləri Azərbaycan xalqının iradəsini əks etdirib. Azərbaycan xalqı görülən işlərə yüksək qiymət vermişdir, görülən işlərə səs vermişdir. İnkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcək inkişafımıza səs vermişdir. Seçkilər ədalətli və şəffaf şəkildə keçirilmişdir. Seçkilərdən əvvəl yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları, seçkilər günü yenə də beynəlxalq və yerli təşkilatlar tərəfindən keçirilmiş “exit-poll”lar seçkilərin rəsmi nəticələri ilə üst-üstə düşür. Mən 2003-cü ildə, prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək demişdim ki, əgər mənə xalq etimad göstərərsə, mən ulu öndər Heydər Əliyev siyasətinə sadiq qalacağam, bu siyasəti davam etdirəcəyəm. Mən fəxr edirəm ki, xalq mənə inandı, məni dəstəklədi və mən də öz növbəmdə sözlərimə əməl etdim. Son 15 il ərzində Azərbaycanda hərtərəfli inkişaf təmin edilmişdir. Bu 15 il ərzində Azərbaycanda demokratik inkişaf çox sürətlə getmişdir, Azərbaycanda bütün azadlıqlar təmin edilmişdir. Hesab edirəm ki, bu 15 il demokratik inkişaf baxımından çox uğurlu illər olmuşdur. Biz siyasi islahatları dərinləşdirərək bütün azadlıqları – söz azadlığını, mətbuat azadlığını, sərbəst toplaşma azadlığını, siyasi fəaliyyət azadlığını təmin etmişik”.
Bu fikirləri andiçmə mərasimində İlham Əliyev söyləyib. Karusel əməliyatlarını, topa bülletenləri, beynəlxalq müşahidəçilərin mənfi rəyini, xqlqın seçkini boykot etməsini “xalqın iradəsi” kimi təqdim edib. Təbii ki, həmişəki kimi rəqibləri aşağılamağı da yaddan çıxarmayıb.
“O ki qaldı, antimilli qruplaşmaya, onlar tam marginallaşıb. Bu seçkilər bir daha göstərdi ki, onların Azərbaycanın siyasi səhnəsində yeri yoxdur. Onların yerini Azərbaycan xalqı çoxdan müəyyən edib, bu da tarixin zibilxanasıdır. Xarici qrant, ianə hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxış edən, bir çox hallarda milli satqınlıq nümayiş etdirən ünsürlərə Azərbaycan xalqı bir daha öz yerini göstərdi. Seçkilərdən əvvəl və seçkilərdən sonra onların təşkil etdikləri yığıncaqlar bir daha onu göstərir ki, Azərbaycan xalqı heç vaxt imkan verməz ki, xaricdən idarə olunan qruplaşma Azərbaycanda hansısa mövqeyə sahib olsun.”- deyə İlham Əliyev bildirib.
Bu andiçmə mərasimidən çıxaracağımız nəticə budur ki, bundan sonra da heç nə dəyişməyəcək. Çünki, 4-cü dəfə özünü seçdirmiş adam səhvləri etiraf etmədi, yarıtmaz idarəçiliyə görə üzr istəmədi, müxalifətə qarşı ritorikanı dəyişmədi. Və bir daha təsdiq etdi ki, həqiqi islahatların aparılacağına, azadlıqların təmin olunacağına, hökumətin xarakterinin dəyişəcəyinə and içməyəcək. İztirablar içində yaşayan xalqa növbəti dəfə analoqsuz inkişafdan danışmaq bütün andları pozmaqdı. Xalq gördü ki, bu adamlar üçün and içmək, su içməkdən də asandı. Bayrağa, Konstitusiyaya, Qurana sayğısı olan adam 4-cü dəfə hökuməti zəbt etmək haqqında düşünməzdi. Bu ölkədə Quran oxuyanları ən ağır cəzaya məhkum ediblər, bu ölkədə Konstitusyon hüquqlarını tələb edənləri qandallayıblar, bu ölkdə bayrağa sarılanlara “vətən xaini”, “ermənipərəst” adı verilib. Ona görə də bu and heç nəyi dəyişmir.
Tövbə qapıları tövbə etməyənin üzünə açıq olmaz. 3 dəfə andı pozub, 4-cü dəfə and içmək də tövbə etməməyin göstəricisidir.
Hikmət