İşğalçı və işğala məruz qalan Rusiya qonaqlığında
Azərbaycan hökumətinin həqiqətən də “öz yolu” var. Amma bu “yol”un marşrutu Rusiyanın “yol nişanları”yla müəyyən olunur. Bu dəfə də Rusiyanın dəvətiylə Kazanda təhlükəsizliklə bağlı tədbirə qatılıblar.
Belə ki, bu gün Rusiya Federasiyasının Kazan şəhərində 8 MDB ölkəsinin, o cümlədən Azərbaycanın Silahlı Qüvvələrinin (SQ) Qərargah Rəisləri Komitəsinin növbəti iclası keçiriləcək. İclas Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun sədrliyi ilə keçiriləcək. Məlumata görə, Kazanda Rusiyadan başqa, Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın nümayəndələri olacaqlar. Görüş zamanı iştirakçılar mövcud hərbi-siyasi vəziyyətlə bağlı fikir mübadiləsi aparacaq və MDB məkanında hərbi təhlükəsizliyə təhdidləri təhlil edəcəklər. Bundan əlavə, müdafiə və təhlükəsizlik sahəsində qarşılıqlı maraq doğuran əməkdaşlıq məsələlərini müzakirə etmək planlaşdırılır.
Təsəvvür edin ki, tədbirdə iki dövlətin nümayəndə heyəti iştirak edir ki, bunlardan biri digərinin ərazsini işğal edib. Hələ bu azmış kimi hər gün atəşkəsi pozur və heç bir müqavilə şərtlərin əməl etmir. Belə bir reallıqda Rusiyanın ağsaqqallığı ilə hərbi təhlükəsizlik tədbirləri müzakirə edilir. Deməli, Rusiya bir tərəfdən Ermənistanın vasitəsilə Azərbaycana təhlükə düzəldir, o biri təfdən də iki düşmən ölkəni mehriban əməkdaşlığa dəvət edir. Təkcə bu fakt göstərir ki, Azərbaycna hakimiyyəti müstəqil siyasət yürütməyə qadir deyil. Rusiya istədiyi vaxt YAP müdriklərini Sarkisyanlarla eyni masaya oturdur və nəticə də nəticəsizlikdən ibarət olur.
Azərbaycan və Ermənistan heyətinin bir masa ətrafında təhlükəsizlikdən danışması qədər absurd nə ola bilər? Elə bu tədbirin keçirildiyi anlarda da ermənilər atəşkəsi pozmaqdadı. Əslində, hər dəfə belə mənzərənin yaranması Azərbaycanın dövlət qürurunun alçaldılması deməkdir. İşğalçıya dəstək olub, sonra da təhlükəsizlikdən danışmaq işğala məruz qalanı ələ salmaqdır.
Sanki, Qarabağ məsələsi ədalətli həllini tapıb və buna görə də təhlükəsizlik məsələlərini müzakirə etmək zərurəti yaranıb. Rusiya açıq şəkildə Azərbaycanı işğal faktıyla barışmağa və Ermənistanla bu şərtlər daxilində əməkdaşlığa səsləyir. Azərbaycan hakimiyyəti isə “ağsaqqal”ın sözünü heç vaxt yerə salmır. Utanmasalar, 20 faiz ərazinin düşmənə güzəştə gedilməsini tolerantlıq kimi təqdim edirlər.
Xülasə, təhlükə mələkləri ilə təhlükəsizlik tədbirləri keçirmək də mümkün olub. İşğalçı və işğala məruz qalan Rusiya qonaqlığında sağlıq deyəcəklər.
Samir