ANS-in vitse-prezidenti, hazırda isə “Real TV”nin icraçı direktoru Mirşahin Ağayevin həbsdə olan böyük qardaşı Mirəddin Ağayevin apellyasiya şikayəti təmin olunmayıb. İşə düzəltmək adı ilə adamlardan pul alıb onları aldatmaqda ittiham olunan Mirəddin Ağayevin üç il azadlıqdan məhrum edilməsi barədə hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.
Qeyd edək ki, Mirəddin Ağayev apellyasiya şikayətində şərti cəza ilə azadlığa buraxılmasını istəmişdi. Amma Bakı Apellyasiya Məhkəməsi ona rədd cavabı verib.
Mirəddin Ağayev 4 vətəndaşa qarşı ümumilikdə 86 min manat ziyan vurmaqda günahlandırılır. O, CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirli bilinib.
Məhkəmədə zərərçəkmişlər bildiriblər ki, Mirəddin Ağayev onlardan pulu alarkən işə düzəltmək məsələsində Mirşahinin yardım edəcəyini deyib. Onlar da Mirşahinə görə inanıb pulu veriblər.
Mirəddin Ağayev ixtisasca həkimdir.
Azadliq.info