“Jurnalist Əfqan Sadıqov artıq 4-cü gündür aclıq keçirir. Onun səhhəti ilə bağlı hər hansı məlumat ala bilmirəm. Həyat yoldaşımın səhhətindən çox narahatam”, – jurnalistin həyat yoldaşı Sevinc Sadıqova Facebook səhifəsində yazıb.
“Həyat yoldaşım, şərlənərək həbs olunan jurnalist Əfqan Sadıqov ona qarşı olunan haqsızlıqlara və qanunsuzluqlara etiraz olaraq artıq 4 gündür ölüm aclığı keçirir. Hamınızı ona dəstək olmağa çağırıram”, – S.Sadıqova Facebook səhifəsində ictimaiyyətə müraciət edib.
O, Əfqan Sadıqovun aclıq aksiyasına başlaması ilə bağlı 1 saylı Bakı İstintaq Təcridxanasının rəisi vəzifəsini müvəqqəti icra edən Elnur İsmayılova yazdığı müraciətin surətini də Facebook səhifəsində yayıb.
“Penitensiar Xidmət və Baş Tibb İdarəsində olan anarxiyaya etiraz olaraq mayın 1-dən yemək, dərman qəbulu, söz və danışmaq hüququndan imtina aksiyasına başlayıram”, -jurnalist müraciətində yazıb.
Əfqan Sadıqov 2016-cı il noyabrın 22-də saxlanılıb, 2.5 il həbsə məhkum edilib. Jurnalist Cəlilabad Rayon İcra Hakimiyyətinin binasında bir qadını vurmaqda ittiham olunub.
Hüquq-müdafiə təşkilatları jurnalisti “siyasi məhbus” kimi tanıyıb.
2017-ci ilin noyabrında Ali Məhkəmə Əfqan Sadıqovun cəza müddətini 2,5 ildən 1,5 ilədək azaldıb. Mayın 23-də onun cəza müddəti bitir. Ancaq 2017-ci ilin dekabrında ona qarşı diffamasiya haqqında cinayət iddiası bərpa edilib. İddianı Cəlilabad rayonunun keçmiş icra hakimiyyəti başçısı Əziz Əzizov (o hazırda Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başısıdır-red.) qaldırıb.
Mayın 4-də Cəlilabad Rayon Məhkəməsində jurnalistə verilmiş yeni ittiham üzrə məhkəmə prosesi davam etdiriləcək.
Sevinc Sadıqova Turan-a bildirib ki, Əfqan Sadıqov qan təzyiqi və ürək ağrılarından əziyyət çəkir, xəstəliyi getdikcə ağırlaşır, ayaqları şişib.
“Aprelin 26-da onun səhhəti çox ağır olub. Təzyiqi o qədər yüksək olub ki, qıcolma keçirib və bütün bu hadisələr Kürdəxanıda – Bakı İstintaq Təcridxanasının rəisinin gözləri önündə baş verib. Ancaq rəis buna reaksiya belə verməyib” .
Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov isə Sevinc Sadıqovanın dediklərini əsassız adlandırıb.
“Həbsxanada da, təcridxanada da Əfqan Sadıqovun səhhəti həkim nəzarətində olub. Aprel ayında xroniki xəstəlikdən Penitensiar Xidmətin Mərkəzi Xəstəxanasında müalicə alıb”.
İftixar Qurbanov bildirib ki, Əfqan Sadıqov arterial qan təzyiqindən əziyyət çəkir və buna görə də dərmanları mütəmadi qəbul etməlidir. Deyilənə riayət etsə təzyiq normada qala bilər.
Penitensiar Xidmətin ictimiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov Turan-a bildirib ki, Əfqan Sadıqov aclıq aksiyası keçirmir.
“Əfqan Sadıqov hazırda Cəlilabad Rayon Məhkəməsindədir. Kimliyindən, hansı səbəbdən istintaq olunmasından asılı olmayaraq, hər bir şəxs istintaq təcridxanasının qaydalarına riayət etməyə borcludur”, – o qeyd edib.