Samuxda pambıq sahəsinə lafetdə gedənlər xəstəxanalıq oldu
Samux rayonunda ağır yol qəzası baş verib. Fəxrəddin Əhmədov idarə etdiyi traktorla fəhlələri əkin sahəsinə apararkən idarəetməni itirib və traktoru aşırıb. Nəticədə sürücü və traktorun qoşqusunda olan fəhlələr xəsarət alıblar. Xəsarət alan sürücü və traktorda olan sərnişinlər ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Sonradan sürücünün vəziyyəti daha ağır olduğundan o, Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Reanimasiya şöbəsinə yerləşdirilən Fəxrəddin Əhmədovun vəziyyətinin ağır olduğu bildirilir. Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərromov hadisə ilə bağlı özünün feysbuk səhifəsində bunları bildirib: “Görünür, İlham Əliyev dediyi kimi, “analoqu olmayan inkişaf dövrünü keçmiş” Azərbaycanın bütün rayonlarında fəhlələri əkin sahələrinə traktorların lafetlərində daşıyırlar”.
Son günlər buna bənzər yol-nəqliyyat hadisələri tez-tez baş verir. Yaxın günlərdə Sabirabadda baş vermiş hadisə zamanı əkin sahəsinə gedən 6 qadın qəza nəticəsində dünyasını dəyişib.
azadliq.info