Ötən həftə bir xəbərdə oxudum ki, “Azərkosmos” qurumuna sədr müavini təyin edilib. “Azərkosmos” deyilincə güləcəkdim. Tək olanda adamın üzünə gələn təbəssüm çox qəribədir, bu zaman ironiya baş qaldırır və səsli gülməkdən özünü saxlaya bilmirsən. Amma əksinə oldu, əsl məyusluq və pərtlik yaşadım. Çünki az öncə pambıq tarlasında çalışanların zəhərlənməsi barədə xəbər oxumuşdum. “Kosmos ölkəsi” iddiası ilə çıxış edənlər min illərin aqrar ölkəsində əkinçinin zəhərsiz işləməsini təmin edə bilmirlər. İlham Əliyev hələ də durmadan inkişafdan danışır.
Bəs haradadır o kosmos ölkəsi?! Neft pulu ilə özgə ölkələrdən sənin adına peyk buraxılanda kosmos ölkəsi olmursan axı. Sən hələ velosipedi başqaları ilə şərik buraxırsan, o da alınsa. Pambığa dönüş mahiyyətcə ayıb deyil, başqa yolun qalmayıbca, heç ayıb sayılmaz, amma özünü yalandan kosmos ölkəsi elan edəndə bu dönüş pambıqla baş yozmaqdan və baş qatmaqdan başqa bir şey deyil, üstəlik, pambıqla baş kəsməyə çevrilir.
Traktorun lafetində tarlaya gedənlərin qəzada ölümü, pambıqçıların ardıcıl zəhərlənmələri olmadan da bunu demək mümkün idi. Çoxdan əmin olmalıydıq ki, kosmos bir yana qalsın, belə şanlı hakimiyyət pambıqçılığı da inkişaf etdirə bilməz. Səbəb çox sadədir, bir ölkədə adamların səsini boğanlar, azadlıqlarını tapdalayan, sərvətlərini talayanlar heç bir uğur gətirə bilməz. Bizim çağda bu şərtlər altında inkişaf mümkün deyil. Bu şərtlər altında heç kim uğur gətirə bilməz.
Amma bizim “qoçaqların” bacarığı başqa bir sahədə durmadan artdı. Söz oyunu olmasın, məsələn, elə pambıqla baş kəsməkdə. Ölkədə ictimai fəalları, səsini çıxaranları həbs etməkləri bir yana, dayanmayıb başqa ölkədə həbslərə imza atmağa başladılar. Qarabağ döyüşçüsü, araşdırmaçı jurnalist, mətin insan Əfqan Muxtarlının Gürcüstandan oğurlanıb gətirilməsi, həbsə atılması nəinki dünya ictimaiyyətini, elə gürcülərin özünü və gözü hər şeyi görmüş azərbaycanlıları da təəccübə saldı. Gürcülər ölkələrinin bu cür istifadəsindən hələ də şok yaşayırlar.
Əfqanın həbsinin əhatə edən “ölkələrarası siyasi əməliyyat” çərçivəsində tanınmış müxalif siyasətçi Gözəl Bayramlı da tutuldu. Gözəl xanımın həbsi həvəskar teatr səhnəsinə oxşayırdı. Onu ölkəyə bəyannaməsiz gətiriləcək miqdardan artıq valyuta keçirməkdə ittiham etdilər. 10 min gətirə bilərmiş, guya 12 min gətirib. İstintaq siyasətçinin öz rəfiqəsi ilə ölkəyə daxil olduğunu etiraf etmişdi. Onlar bu pulu doğrudan da gətirsəydilər, hərəyə 6 min paylaşıb keçirə bilməzdilərmi? Niyə hər zaman izlənən bir insan ehtiyac duyulmayan bir riskə getsin ki? Gülməlidir, amansızlıqdır.
Bu həbslər həyata keçirilmədən öncə iqtidarın şərləmə mətbuatında Əfqan Muxtarlı, Gözəl Bayramlının və digərlərinin Tiflisdəki fəaliyyəti barədə uydurmalar dərc olunmuşdu. Onlar Azərbaycana qarşı fəaliyyətdə təsvir olunurdular. Bu qaralama kampaniyasında adı keçənlərdən biri də tanınmış cərrah, professor Fərman Ceyranlı idi. Azərbaycanda işləməyin mümkün olmadığını görüb, Gürcüstana gedən, Tiflisdə böyük və uğurlu klinikanın qurucusu olan bu adam da Azərbaycan hakimiyyətinin düşməni kimi qələmə verilirdi. Gözləmədilər, elə onu da həbs etdilər. Amma professorun həbsi orada həyata keçirildi. Gürcüstan hökumətindən tanınmış jurnalisti oğurlayıb Azərbaycana verməyi istəyənlər bu dəfə orada həbsə sifariş verdilər. Çox sadəcə və olduqca görünən şəkildə.
Həbs edilərkən Fərman Ceyranlı bir xəstənin ölümü ilə bağlı ittiham edildi. İşdə adı keçən xəstənin ölümü isə bir il öncə olmuşdu. Fərman Ceyranlı isə klinikanın direktoru da deyil, o, yalnız təsisçilərdən biridir. Cərrahi əməliyyatı da o yox, Azərbaycandan olan çox bacarıqlı cərrah Mircəlal Kazimi həyata keçirmişdi. Mircəlal doktor məsuliyyətə cəlb edilmədi. Ondan heç ifadə də alınmadı. Məhkəmə prosesində vəkillər dindirilməsi və duruma aydınlıq gətirməsi üçün onun məhkəməyə çağırılması barədə vəsatət qaldırsalar da, hakim buna icazə vermədi. Çünki məqsəd xəstənin ölümünü araşdırmaq deyildi, nə də hədəf doktor Kazımi idi. Mircəlal Kazimi özü isə Bakıya gələn vəkillərə danışmaqdan imtina etmişdi. Qorxudulmasaydı, niyə danışmazdı ki?
Fərman Ceyranlı siyasi qurumlara bağlı adam deyil, amma fikirlərini açıq şəkildə söyləməkdən, tənqid etməkdən də heç çəkinmir. Hədəfə gəlməyinin səbəbi də bu idi. Məhkəmə prosesini onun vəkili Natali Bejaşvili belə şərh etmişdi: “Bəlkə də Gürcüstanın tarixində belə rüsvayçı məhkəmə qərarına rast gəlinməyib”.
Rüsvayçılıq doğrudan da Gürcüstan miqyasını aşıb. Azərbaycan miqyasını da. Bilmirəm, dünyada bu olayların oxşarı varmı – eyni adam eyni zamanda iki ölkənin siyasi dustağı olur?!
Sonuc odur ki, Fərman Ceyranlının siyasi məhbus olduğuna şübhə yoxdur, hətta iki ölkənin ortaq siyasi məhbusudur. Beynəlxalq qurumlar, hüquq müdafiə təşkilatları ona məhz bu statusu verib, azadlığına nail olmalıdır.