Azərbaycanda həbsxanalar islah düşərgəsi filan deyil, əksinə, burda oğru qatilə çevrilə bilir və bu çevrilməni yaşayanın törətdiyi qətl də özündən başlayır, özünü, ruhunu burdakı bataqlığa tabe etməkdən keçir. Kimsə də öz etdiyindən peşman da deyil. Mümkün də deyil belə bir şey. İnsanların yaşadığı cəmiyyətdən narazılığı kütləvi xarakter daşıyarkən cəzanın sərtliyi və ya hətta ədalətli olması məhkum olunanların yenidən cəmiyyətə qazandırılmasına imkan vermir. Çünki məhkəmə ədalətli qərar çıxarmış olsa belə, burda əksər məhkumlar özlərini günahsız, qurbanlıq hesab edirlər. Hətta aldıqları cəza üzündən yaşadıqları ölkəyə, topluma, məhkəmə sisteminə nifrət edirlər. Peşmançılq duyduqları yeganə məsələ cinayəti törədərkən buraxdıqları səhv üzündən məsuliyyətdən yayına bilməmələridir… O üzdən daha cinayət etməmək düşüncəsi üzərində deyil, növbəti əməlləri edərkən həbsə səbəb ola biləcək səhvlərə yol verməmək niyyətinə kökləniblər. Çinayətkar onu ittiham edən qanunlara, məhkəməyə, hakimə haqlı olaraq inanmadığından, ya da məsələn, rüşvət aldığı üçün tutulub cəzalandırılan şəxs özü burda adi şeylərə görə hər addımbaşı rüşvət ödəyirsə, təbii olaraq, etdiklərindən peşman olub yeni bir həyata başlamaq əvəzinə, cəza müddətində öz cinayətkarlığının peşəkarlığını artırmağa daha çox meyl edir. Beləcə, ölkədə həbsxanalar cinayətkarların peşəkarlığını artıran, təkminləşdirən “məktəblər” rolunu oynayır.
Həbsxanada udduğu havanı belə pulla satın alan, yatdığı yatağın daha yaxşı olması, gələn sovğatın tam ona çatması üçün burda rəis rolunda çıxış edib əslində, özünü bir “məhkum biznesmeni” kimi aparan rəsilərdən tutmuş, aşağıdakı nəzarətçi, qapıçıya qədər, içəri buraxılmaq üçün yazılan ərizəyə görə pul alanın qarşısında təmizlənmək mümkün deyil. Cinayətkar damğası ilə damğalanmış adam “mən cinayət, oğurluq etmədən yaşaya bilərəmmi?” sualına müsbət cavab ala bilmir, çünki elə vəziyyətdir ki, hər kəs ayaqda qalmaq, yaşaya bilmək, adi təməl ehtyaclarını ödəmək üçün oğurlamalıdr. Yalan danışıb başqasının haqqına girməlidir. Ona görə də kimsə törətdiyi əməldən səmimi şəkildə peşman ola bilmir.
Rüşvət verməklə, ya da oğurluqda günahlandırılıb həbsxanada onu islah etmək iddiasında olanlara rüşvət verməyə məcbur edilən məhkumun inamsızlığa haqqı da var. Cəmiyyət özü ədalətsiz olanda, maddi imkanlar müəyyən bir zümrənin əlində cəmləşəndə insanlar öz bacarıq və qabiliyyətlərinə uyğun olaraq rahat yaşaya bilmədikdə adamlar yaşadıqları cətinliklərin səbəbini özlərində deyil, başqalarının zənginliyində, hakimiyyətdə olanların əldə etdiklərini saxlaya bilmək üçün qoyduqları ədalətsiz qaydalarda görür. Buna görə də hər kəs özünə cinayət etmək haqqı tanıyırdı.
Cinayəti bəsləyən ədalətsizlikdi.
Bu üzdən də islah mexanizlmi işlək hala gəlmir. Cinayət yaşamaq vasitəsinə çevrilir.
Səbəbə məhəl qoyulmadan nəticə ilə “mübarizə” aparılısa, o zaman nağıllarda deyildiyi kimi, kəsilən bir əjdaha başı yerinə yeddisi yaranır.
Yazı müəllifin Facebook səhifəsindən götürülüb