SOCAR qoçularının Qarabağ qazilərinə divan tutması ilə bağlı ortaya dəhşətli faktlar çıxıb. Şirkətin Təhlükəsizlik İdarəsinin keçmiş əməkdaşı Ruslan Cəlilov idarə rəhbərinin qanunsuz əməlləri haqqında mətbuata geniş açıqlama verib. O bildirib ki, 11 il şirkətin Tİ-nin məsul işçilərindən olub və 2 ay əvvəl qanunsuzluqla işdən qovulub. R. Cəlilov şirkətin təhlükəsizlik işçilərinin törətdiyi əməllərə görə birmənalı olaraq idarənin rəisi Rəşad Əliyevi ittiham edib. O bildirib ki, Rəşad şirkətdə Rövnəq Abdullayevin özünü belə saya salmır, onun bütün qanunsuz əməlləri də yalnız öz maraqlarına xidmət edir. “Rəşad 12-ci komanda “speçnaz” yaratmışdı, rəhbəri də mən idim. Bizi qanunsuz tədbirlərdə iştirak etməyə göndərirdi, onun öz maraqlarına xidmət edən tədbirlərə. Qarabağ əlillərini də, jurnalistləri də döydürən odur. Vaxtı ilə məni də belə qanunsuz işlərə göndərirdir. Mən özüm də əvvəllər şəxsən o söküntü işlərində iştirak etmişəm. Çoxumuz elə bilirdik ki, qərar ölkə rəhbərliyi səviyyəsində verilir. Amma sonra öyrəndik ki, adam qanunsuz tikinti adı ilə pul yığırmış. 1 mərtəbəli evin 10 min, 2 mərtəbəli evin qiyməti 15 min manatdır. Hadisə yerinə gedəndə istər-istəməz qarşıdurma yaranırdı. Beləliklə, bizi zorla cinayətlərin iştirakçısı edirdilər. Tikintini dayandırırdıq, sonra baxırdıq ki, dünən dava-qırğınla saxladığımız ev təzədən tikilir. Məlum olurdu ki, Rəşadın 10 minini verib başlayıblar tikməyə. O vaxt Əli Əliyev vardı, qaçdı ölkədən, Almaniyada sığınacaq aldı, Rəşadın ərazidəki pulyığanı idi. Bir dəfə tikinti aparanda deputat vəsiqə çıxartdı ki, toxunulmazlığım var. Zəng etdim, Rəşada dedim, cavab verdi ki, “ ə, onu orda tapdalayın atın kənara, işinizi görün”. Sabah gəldim, gördüm villanı tikirlər. Rəşadın icazəsi olmadan kəmərin yanında kim villa tikə bilər? Harda tikinti var, göndərirlər ki, gedin döyün camaatı. Mən də bunu eləmişəm və cəzamı almağa hazıram. Rəşad Əliyev əvvəl əks kəşfiyyatın əməkdaşı olub. Onun əks kəşfiyyatla, güc strukturları ilə əlaqəsi var, istənilən adamın torbasın tikir. Necə ki, işdə öz pul haqq-hesablarını ört-basdır etmək üçün neçə günahsız adamın torbasın tikib…”
Rəşadmı günahkardır, yoxsa yaxın qohumu Rövnəq Abdullayevmi?
Bütün bunları SOCAR-ın mühüm strukturlarının birində önəmli vəzifə tutmuş biri danışıb. Öz günahlarını açıq etiraf edib və deyib ki, İlham Əliyevin SOCAR-da at oynadan Rəşad Əliyevi cəzalandıracağına ümid edir. Günahını etiraf edən adamı, bəlkə də, bağışlamaq olar. Amma Cəlilov ya sadəlövhdür, ya da hələ şirkətə işə qaytarılacağına ümid etdiyi üçün belə danışır. Axı hər kəsə məlumdur ki, Rəşad Əliyev Rövnəq Abdullayevin yaxın qohumudur. Binəqədidən MM-ə seçilən deputat Sədaqət Vəliyeva isə onun xalası və Rövnəqin də qohumudur. Yəni dövlətin ən böyük şirkətində Tİ-nin rəisi vəzifəsini tutan bu adam birbaşa qohumu Rövnəq Abdullayevə arxalanıb o hoqqaları çıxarır. Şirkət prezidentinin xeyir-duası olmadan o nə jurnalistlərə əl qaldıra, nə qazilərə divan tuta bilər. İdarənin boru kəmərləri sahəsinə düşən “qanunsuz tikinti” biznesindən gələn yüz minləri həzm-rabedən keçirmək də onun boyuna görə iş deyil. Onlar bütün bu cinayətləri birlikdə edirlər. O üzdən İlham Əliyev qətiyyət göstərib günahkarı cəzalandırmaq niyyətinə düşərsə, milləti əsl hədəfdən yayındırmasın. Onsuz da, indiyə qədər etdiyi özbaşınalıqlar və biabırçılıqlar Rövnəq Abdullayevin yola salınması üçün kifayətdir. Əsas cinayətkarın kim olduğu açıq ortada. Qalır onun layiqincə cəzalandırılması. Gözləyək, görək, insanların narazılıq səsi yuxarılara çatacaqmı?