![](https://i1.wp.com/www.azadliq.info/wp-content/uploads/2019/05/FB_IMG_1557077058893.jpg)
“Mənim bu cinayət işinə verəcəyim bir cavab var: 19 oktyabrda meydanda görüşərik”
Baş Prokurorluq AXCP sədrinin keçmiş müavini Fuad Qəhrəmanlıya cinayət işi açıb.
Söhbət Cinayət Məcəlləsinin 133.2.1 (iki və ya daha çox şəxsə qarşı döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə) və 133.2.4-cü (yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə) maddələrindən gedir.
Bu barədə Baş Prokurorluq oktyabrın 16-da məlumat yayıb.
Məlumatda deyilir ki, buna səbəb Fuad Qəhrəmanlının həyat yoldaşı Zümrüd Qəhrəmanlının və qızı Selcan Qəhrəmanlının sosial şəbəkələrdə ailələrində baş verən zorakılıqla bağlı paylaşımları olub. Baş prokurorluq bildirib ki, bu paylaşımlar əsasında araşdırma aparılıb.
İddiaya görə, F.Qəhrəmanlı yetkinlik yaşına çatmayan qızlarına və həyat yoldaşı Zümrüd Qəhrəmanlıya (Yağmur) qarşı zorakılıq edib.
İttihamlar sübuta yetirilmiş sayılarsa, müxalif siyasətçiyə 5 ilə qədər həbs cəzası verilə bilər.
Açıqlamaya görə, cinayətin xarakteri, işin xüsusiyyətləri və hadisələrin Abşeron rayonunun ərazisində baş verməsi nəzərə alınaraq cinayət işinin istintaqı Abşeron rayon Prokurorluğuna həvalə edilib.
“Meydanda görüşərik!”
Fuad Qəhrəmanlı məsələyə dərhal münasibət bildirib. O, feysbuk hesabında yazıb: “Baş Prokurorluq mənə cinayət işi qaldırıb. İndi növbəti dəfə aydın oldumu ki, mənə qarşı aparılan kampaniyanın arxasında hansı qüvvələr və maraqlar dayanırmış? Uydurma ittihamlar əsasında məni linç edənlər indi bildilərmi ki, özləri də bilmədən hansı planın tərkib hissəsinə çevriliblər? Sadəcə mən qüruruma sığışdirıb haqsız ittihamlarla bağlı danısmadım və bundan sonra da danısmayacağam. Ancaq biriləri hələ də susmur… Təəssüf.
Mənim bu cinayət işinə verəcəyim bir cavab var: 19 oktyabrda meydanda görüşərik”.
Fuad Qəhrəmanlı Azadlıq Radiosuna açıqlamasında da ittihamı əsassız, uydurma adlandırıb: “Bunlar hamısı uydurmadır, siyasi fəaliyyətimlə bağlı mənə edilən təzyiqdir və bunun başqa adı yoxdur”.
“Tərtər, Gəncə işindəki işgəncə faktlarını niyə araşdırmırlar”
![](https://i1.wp.com/www.azadliq.info/wp-content/uploads/2015/10/zumrud-yagmur-yeni.jpg)
Məsələ ilə bağlı Zümrüd Yağmur da feysbuk səhifəsində mövqeyini açıqlayıb.
“Zakir Qaralovun ədalət damarı tutub və “dediyim dedikdi” deyib bir ailədə baş verən hadisə ilə bağlı cinayət işi acıb. Hətta şiddətin nə qədər olduğunu da müəyyən ediblər, nə az, nə çox… Sən demə, 40 dəfə olub…Hətta Sənayın 7 yaşı olanda ayağının sınmasına dair araşdırma da aparıblar əməllicə, 2018- ci ildə təkrar və hər il tələb olunan müayinəni də araşdırıb ortaya çıxarıblar. (Bunların belə araşdırma “qabiliyyəti” vardısa, niyə Tərtər, Gəncə işindəki işgəncə faktlarını araşdırmırlar?)
Mən keçən dəfə də demişdim. Görünür anlamaq istəmirlər, o üzdən bir daha deyirəm. Hər kəs öz siyasi oyununu oynayır. Amma mən və qızlarım kiminsə məkrli oyunlarında ucuz şahmat taxtası deyilik. Mənim nə İlham Əliyevin, Nə Mehriban Əliyevanın, nə Zakir Qaralovun, nə DTX-nın, nə də DİN- nin ədalətinə ehtiyacım yoxdu. Və onların siyasi qisas oyunlarında və ya başqa məkrli planlarında da alət olmaq niyyətində deyiləm. Belə ədalətlidirlərsə, bir zəhmət, istefa verib getsinlər, ədalətsiz əməlləri ucbatından boğulan ölkə rahat nəfəs alsın.
Bu gün Elinanın məhkəməsi bitdi. Onu intihara sürükləyənlərə cəza verməyənlərin ədalət axtarışı gülünc görünür”, – deyə o, yazıb.
Zümrüd Yağmur daha sonra özünün və qızı Sənayın adından Baş prokuror Zakir Qaralova göndərdikləri müraciətin fotosurətini də paylaşıb. Müraciətdə onlar Fuad Qəhrəmanlıya qarşı heç bir iddia və tələbrləinin olmadığını, bundan sonra da olmayacağını yazır, cinayət işinə xitam verilməsini istəyirlər.
![Görüntünün olası içeriği: yazı](https://scontent-cdg2-1.xx.fbcdn.net/v/t1.0-9/72336002_10212837306807703_3226999333974966272_n.jpg?_nc_cat=100&_nc_oc=AQmcOKrtqQ_Lbp1SUm39UyHkJMR2ZFG6II6ewGV-cz7TA60Xrq3o1R1WhCje6cjQDTEoxBNKKx1UjrlR_9m6YJzO&_nc_ht=scontent-cdg2-1.xx&oh=0ee1a99a6b217043c7762ef860677520&oe=5E20AA10)