Alo, birini susdurdunuz, amma 19 oktyabr on minlərin səsi olacaq!
Hakimiyyətin mitinqlərdən necə xoflandığını Pərvanə Əhmədovanı susdurmaq üçün necə səfərbər olunduğu açıq ortaya qoyur. Adamlar bir həftədir iş-güclərini buraxıb, 8 oktyabr aksiyasının qəhrəmanı olan qadınla uğraşırlar. Deyilənə görə, onunla 3-4 səviyyədə söhbət olunub, problemlərini həll edəcəklərinə söz veriblər. Sonra da video paylaşıb “müxalifətə səslənirəm, məni öz oyunlarınıza alət etməyin” dedirdib sakitləşiblər. Adamların panika içində olduğu açıq-aşkar ortada. Yoxsa nədən bir evdar qadını susdurmaq üçün bu qədər əldən-ayaqdan getsinlər ki? Bizim onsuz da yoxsulluq və ehtiyac içində boğulan o qadından böyük bir gözləntimiz yoxdu. İnsanı meydana sosial problemləri gətirmişdi və orda ürəyindən keçən hər şeyi uca səslə deyib getdi. Amma onun ayağına gələn hakimiyyət dünənə qədər Pərvanə xanımın varlığından belə xəbərsiz idi. Bilirsiniz, bu ölkədə nə qədər bənzər taleyi yaşayan Pərvanələr var? İllərlə qazanı ət görməyən, övladını məktəbə göndərə bilməyən, yarıuçuq evlərdə, kirayələrdə yaşayan yüzminlər var, inanın. Onların heç biri bu hakimiyyətin vecinə deyil. Aksiyada sözünü ucadan deyən bir qadının problemlərini belə onu susdurmaq müqabilində edirlər. Çünki hamını özlərinə borclu sayırlar bu rejimin harınlamışları, hər kəsi öz təbəələri kimi görürlər. Bu həqarətlərə nə qədər dözəcəksən, Azərbaycan xalqı? Təbəəsənmi? Köləsənmi? Bu talançı, acgöz rejimin quldurlarına borcunmu var?
Onlar sənin həyatını alt-üst etdilər, sərvətini taladılar, övladlarının haqqına girdilər, ölkəni viran qoydular. Torpaqlarına sahibləndilər, dənizini hasarladılar, neft milyardlarını övladlarının adına rəsmiləşdirdilər. Onlar sənin düşünən beyinlərini həbsxanalarda çürütdülər, sürgünlərdə qocaltdılar. Onlar səni sındırmaq və susdurmaq üçün hər pisliyə əl bulaşdırdılar. Artıq min cür iyrəncliyə əl atıb, səni susdurmaq istəyənlərin özlərini susdurmağın zamanı gəldi. Özünə güvənini qaytar, bacaracağına inan! Bu ölkənin sahibi sənsən, bu didiklənən, qarət olunan, yağmalanan vətən sənindir. Bu torpaqlarda insan kimi zəngin və hüzurlu yaşamaq sənin halal haqqındır. Bu ölkənin sərvətləri bir ovuc quldurun yox, sənin balalarınındır. Başını qaldır və önünə bax! Üfüqdə azadlıq işığı görünür, zəfər lap yaxındadır, Azərbaycan insanı. 19 oktyabrda meydanlara çıx, əl-ələ verək, dəyişək bu düzəni. Gözəl yurdumuzu əsl sahiblərinə qaytarmağın məqamı yetişdi artıq!