Əli Kərimli, Tofiq Yaqublu və dostlarını meydana gətirən 20 dəqiqəlik yol!
![](https://i1.wp.com/www.azadliq.info/wp-content/uploads/2019/10/IMG-20191021-WA0012.jpg)
Tarixdə heç bir mübarizə nəticəsiz ötüşmür. Nə qədər uzun sürsə də, ağır yollardan keçsə də, qurbanlar tələb etsə də, sonda haqlı olan qazanır. Bu mübarizədə də qazanan mütləq Azərbaycan xalqı olacaq. On illərin məhrumiyyətlərini çiynində daşıyan, şəxsi həyatından, ailəsindən belə böyük qurbanlar verən fədakar insanlar qazanacaq bu davanı. Çünki bu dava haqlı davadır, qanun, hüquq, ədalət, insanlıq uğrunda gedən davadır. Bu dava bir qəddar rejimin insani dəyərləri məhv etmək istəyinə qarşı aparılan qəhrəmanlıq savaşıdır. Bu dava dünyəvi dəyərlərlə vaxtı keçmiş, köhnəlmiş, çürümüş düşüncələrin davasıdır. On illərdir hakimiyyəti ələ keçirmiş bir qrup oğru və cinayətkarın kriminal qaydalarına qarşı davadır. Milyonların haqqını yeyərək, hakimiyyəti bir-birinə ötürən, ölkənin sərvətini talayaraq sülaləsinə milyardlar toplayan korrupsionerlərə qarşı aparılan davadır. Bu mübarizə cəsurların, fədakarların, öz xalqı və ölkəsi üçün bütün təhlükələri və qurbanları gözə alanların davasıdır…
O gün meydandakı həmin qəhrəmanlar bu davanın gələcək qalibləridir. Buna kimsənin şübhəsi olmasın. O şəkillərdə düşmənin üstünə gedirmiş kimi qolları bir-birinə kilidlənmiş, qorxunun gözünə dik baxaraq meydana yürüyən qəhrəmanları gördünüz. Müxalifətin aparıcı simaları Əli Kərimli ilə Tofiq Yaqublunun əqidə dostları ilə bərabər böyük dirəniş hesabına davam etdirə bildikləri 20 dəqiqəlik yolda necə mübarizə nümunəsi yaratdığına şahid oldunuz. O 20 dəqiqəlik yolda milyonları yuxusundan səksəndirdi onların “azadlıq” sədaları. Qorxusuna yenik düşmüş yüz minləri yerindən tərpətdi. Bakının sükut dolu mərkəzində əks-səda verdi. O gün milyonların gözləri qarşısında baş verdi o böyük dirəniş. Milyonların gözləri qarşısında baş verdi onlara qarşı edilən qəddarlıq və zorakılıq. Milyonların gözləri qarşısında sərgiləndi bu hakimiyyətin qaba və iyrənc hərəkətləri. Müxalifət liderləri o gün xalqa bir daha öz mesajlarını verdilər – bu yolda ölümdən qorxmadan sonadək yürümək var! O gün hər iki müxalifət lideri olmazın işgəncələrə məruz qalıb. Birbaşa diktator İlham Əliyevin sifarişi ilə edilib bu amansızlıq. Birbaşa onun psixopat istəyi əsasında ölümcül şəkildə döyüblər onları. Amma tarixdə böyük zəfərlər asanlıqla qazanılmır. Bu diktaturanın arxasında 26 illik zor aparatı dayanır və rejim də ona arxalanıb asanlıqla təslim olmaq istəyir. Əslində, rejim çoxdan məğlub olub o cəsur mübarizə adamlarının iradəsinə. Geri qalan tək şey yüz minlərin toparlanıb bayrağı o qələbə meydanına sancmağıdır. O günə də az qalır. Azadlıq istəyən insanların 19 oktyabr dirənişi bunu bir daha sübuta yetirdi