Polisin sərt müqavimətinə baxmayaraq, qadın fəallar bazar günü günorta saatlarında Bakının mərkəzində qadınlara qarşı zorakılıq əleyhinə etiraz aksiyası keçirməyə müvəffəq olublar.
50-60 nəfərə yaxın aksiya iştirakçıları – əsasən qızlar və qadınlar, habelə onları dəstəkləyən gənc kişilər Natəvan heykəli qarşısında yığışıblar. Onlar “Torqovaya” küçəsində yürüş etmək niyyətində idilər. Amma polis nümayəndələri onların yolunu kəsib və plakatlarını cırmağa başlayıb. Bir neçə iştirakçı kobud şəkildə güc tətbiq edilərək saxlanılıb və aparılıb.
Bu, etirazçıları daha çox qəzəbləndirib və onlar saxlanılanlar sərbəst buraxılmadan getməyəcəklərini bildiriblər və “Saxlanılanları azad et!” şüarı səsləndirməyə başlayıblar.
Polis bir neçə nəfəri yerindəcə buraxmaq məcburiyyətində qalıb və onlar qollarındakı qançırları göstəriblər. Bu, gərginliyi daha da artırıb.
Polis geri addım atmaq və iştirakçıların aksiyanın qətnaməsini oxumasına icazə vermək məcburiyyətində qalıb. Bu uğur onlara ilham verib və onlar polis dövrəsini yararaq, “Zorakılıq qarşısında susma!”, “Qadınlara qarşı zorakılığa yox!”, “Selektiv abortlara yox!”, “Erkən nikahlara yox!”, “İstanbul Konvensiyasını təkzib etmək!” və s. şüarlar səsləndirə-səsləndirə 100 metrə yaxın yürüş ediblər.
Polis Nizami abidəsi yaxınlığında yenidən onların yolunu kəsib və dağılmağı tələb edib.
Amma qadınlar hamı sərbəst buraxılmadan dağılmayacaqlarını deyiblər.
Polis əməkdaşları onları hamının artıq azad edildiyinə inandırmağa başlayıblar. Aksiya iştirakçıları bütün saxlanılanlara zəng edib, onların sərbəst buraxıldığından əmin olduqdan sonra dağılıblar.
Aksiya iştirakçılarından biri bildirib ki, etiraz 2019-cu ilin 9 ayı ərzində 118 məişət zorakılığı, o cümlədən 32 qadın qətli qeydə alınıb və dövlət ciddi tədbirlər görmür.
“Polis, bir qayda olaraq, qadınlara qarşı zorakılıq şikayətlərinə baxmaqdan imtina edir, bunu “ailə məsələsi” olması ilə izah edir. Biz isə deyirik ki, bu, “ailə məsələsi deyil”. Polis şikayətlərə baxmaqdan imtina edərək, özü qadınlara qarşı cinayətlərin iştirakçısına çevrilir”, deyə aksiya iştirakçısı bildirib.
“Turan” agentliyi