Prezident aparatının rəhbəri, “boz kardinal” ləqəbi ilə tanınan Ramiz Mehdiyev də istefa verdi.
Ölkə başçısı İlham Əliyev istefanı qəbul edərək onun PA rəhbəri vəzifəsindən azad edilməsi haqda sərəncam imzalayıb. Başqa bir sərəncamla ona “Heydər Əliyev” orden verərək hörmətini də ifadə edib. Üstəlik, tamam kənara atmadığını göstərirmiş kimi Təhlükəsizlik Şurasına fərdi qaydada üzv də təyin edib.
İlham Əliyev komandasındakı qocaları Əzrayıldan daha tez haqlayaraq onların istefa ərizələrini alır. Bu sırada bəziləri hələ də qalır, amma Paşayevlərin hakimiyyəti tam götürməsinin qarşısında yeganə əngəl kimi tanınan Ramiz Mehdiyevin vəzifədən alınması ölkədə “qırğıların” yeni qaydalarını tətbiq etmək planlarını asanlaşdıracaq. Yeni qaydalar sırasına isə represiyaların daha da genişləndirilməsi, korrupsiyanın bir ailənin əlində cəmləşməsi, qara piar texnologiyalarının daha intensiv şəkildə tətbiq edilməsi və s. daxildir.
Əlbəttə, indiyə qədər də bu planlar vardı, icra edilirdi, onların idarə edilməsi, planlaşdırılması Mehdiyevin adı ilə bağlı idi. Amma Əliyev- Paşayev hakimiyyətinin bütün ölkədə yeganə söz sahibi olmasının qarşısını alan, hakimiyyətdə bir deyil bir neçə klanın varlığını qoruyub saxlayan faktor kimi Ramiz Mehdiyevin adı hallanırdı…
Xatırladaq ki, bu günlərdə daha iki qart qoca, Hacıbala Abutalıbov və Əli Həsənov da baş nazirin müavinləri postundan istefa verib getmişdilər.
azerbaycansaati.tv