Ramiz Mehdiyevi Elmlər Akademiyasına təpişdirdi
Milli Şuranın sədri, tarixçi alim, professor Cəmil Həsənli dünən Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad eilən Ramiz Mehdiyevin Elmlər Akademiyasına prezident “seçilməsinə” münasibət bildirib. O, feysbuk hesabında yazıb:
Ramiz Mehdiyevi Elmlər Akdemiyasına prezident təyin etmək üçün fövqəladə dərəcədə utanmaz olmaq lazımdır. İlham Əliyev bunu da etdi. O, bu təyinatı ilə onsuz da can üstündə olan ölkə elminin fatihəsini verdi, onu Həzrəti Yusifin atıldığı quyudan da dərinə saldı.
1945-ci ildə yarandıqdan sonra Akademiyanın 10 prezidenti olub. Bunların içərisində ilk prezident Mirəsədulla Mirqasımov, Yusif Məmmədəliyev, Zahid Xəlilov kimi dünya şöhrətli alimlər olub. İndiyi qədərki Akademiya prezidentlərinin hamısı bu vəzifəyə aşağı-yuxarı elmdən gəliblər, yəni əvvəlcə alim olub sonra prezident olublar. Mehdiyev isə yəqin Akademiyanın prezidenti “seçiləndən” sonra nəhayət ki, “alim” də olacaq.
İndiyə qədər onun adından çap olunmuş kitab və məqalələrin Ramiz Mehdiyəvə heç bir aidiyyəti yoxdur. Ən yaxşı halda o, özü də həmin kitab və məqalələri oxucuları kimi sonradan oxuyub. Bircəciyindən başqa. Professor Suren Kaltaxçiyanın rəhbərliyi ilə yazdığı “V.İ.Lenin millətçilik və opportunizm arasında əlaqələr haqqında».
7-8 il bundan əvvəl onun üçün “Gorus: absurd teatrı mövsümü” adlı bir yazı yazmışdılar. Yazıda istinad edilən arxivlərin adı istinadda göstərilən rekvizitdən əvvəl nə az, nə çox 3 dəfə dəyşmişdi. Və adam bu yazı ilə ermənilərə dərs vermək istəyirdi. Məqalənin qəzetdə dərc olunmuş tərcüməsində o, “yazırdı” ki, “ermənilər bu hərəkətləri ilə özlərini küncə təpişdiriblər.” Deyəsən indi İlham Əliyev də Ramiz Mehdiyevi Elmlər Akademiyasına təpişdirdi.
P.S. Siz hələ seçki qutusunun qarşısında əllərində bülleten növbəyə düzülən “akademiklərə” baxın. Bu zavallılar elə bilirlər Ramiz Mehdiyevi onlar Akademiyaya prezident seçirlər.