Şəkildə Toni Montanaya özünü oxşadan bu deputat qazilərin torpağını əlindən alıb qaynanasına saray tikdirib
Yaxşı ki, sosial şəbəkələr varmış. Ölkə vətəndaşları kamera qarşısında dərd-sərlərini danışıb yerləşdirilər internetə. Biz də bu imkanlar sayəsində insanların nələr çəkdiyini öyrənmiş oluruq. Bir daha əmin oluruq ki, bu hakimiyyətdə nazirindən, deputatından tutmuş icra başçısına qədər hamısı xalqın qanını içir. Bu videoda 30-dan çox şəhid ailəsi və Qarabağ qazisi adından ölkə prezidentinə müraciət edən qazi deputat Adil Əliyevin özbaşınalıqlarından danışır. Qazinin sözlərinə görə, millət vəkili Adil Əliyev 3 ailəyə məxsus torpaq sahəsini onların əlindən zorla alıb, yerində şadlıq sarayı tikdirib. “Ölkə prezidentinə müraciət edirik. Adil Əliyev zəli kimi qanımızı içir. Binəqədi rayonunda yerləşən, torpaq sahəsini 3 ailə yığışaraq almışdıq. Adil Əliyev o torpağımızı əlimizdən alıb, şadlıq evi tikib. Bu gün 3 ailə Adil Əliyevin acgözlüyü üzündən səfalət vəziyyətində yaşayır, o isə qaynanasının adına “Çıraq” şadlıq sarayı tikdirib. Azərbaycanın bütün hüquq-mühafizə orqanlarına, məhkəmə orqanlarına müraciət etmişik. Adil Əliyev məhkəmə orqanlarına təsir edərək qanunsuz və cəfəngiyat qərarlar qəbul etdirir Biz görmüşük ki, millət vəkili ölkə rəhbəri ilə vətəndaş arasında körpü rolunu oynayar. Amma o vətəndaşın malına, mülkünə göz dikib onu əlindən alır. Belə millət vəkili bizə lazım deyil, belə vəkil dövlətin imicinə, sizin imicinizə ləkədir. Qiyməti milyonlarla ölçülən obyektləri, mülkləri olmağına baxmayaraq, gözü doymur. O milyonları sizin hakimiyyətiniz dövründə xalqın qanın içə-içə qazanıb. Sizdən başqa ümid yerimiz yoxdur, bizə kömək edin.”
Biz onsuz da parlamentdə xalqın dərdinə yanan deputatların olmadığını bilirik. Amma bu qədəri zülm və Allahsızlıqdır. Şəhid ailəsini və Qarabağ qazisini çölə atıb, mülkünə sahib çıxmağın bir hesabı var. O hesabı bu gün qanunla ödətməsələr də, sabah ilahi ədalətlə ödədəcəklər. Qazi qardaşımızın müraciətində ölkə başçısına ünvanlanan bir ifadə var “o milyonları sizin hakimiyyətiniz dövründə xalqın qanın içə-içə qazanıb.” Bu ifadə Əliyevlər hakimiyyətin mahiyyətini tam çılpaqlığı ilə ortaya qoyur. Bu hakimiyyətdə hər kəs xalqın qanını içə-içə qazanır, naziri də, deputatı da, kiçik məmurları və elə diktatorun özü də.