![](https://i1.wp.com/www.azadliq.info/wp-content/uploads/2019/11/IMG-20191111-WA0013.jpg)
Yaxın günlərdə Türkmənistan parlamentinin spikeri Gülşət Məmmədova Azərbaycana gəlmişdi. Şəxsi təyyarə ilə Bakı hava limanına enən spiker xanımı Milli Məclisin vitse-spikeri Bahar Muradova qarşılayırdı. Maraqlı səhnəydi. İki totalitar rejimin parlament kürsüsündə önəmli yer tutan iki xanım. Bir siyasi əkizin iki yetişdirməsi. İllərdir hər ikisi bənzər rejimlərə qulluq edir, o qəddar rejimlərin anti-insani mahiyyətinə haqq qazandırmaq üçün dəridən-qabıqdan çıxır, yalanlarına ortaq olur, xalqın kölə kimi əzilməsinə və yoxsulluq içində sürünməsinə haqq qazandırır. Amma özləri üçün hər şeyin ən yaxşısını, ən lüksünü, ən qiymətlisini haqq etdiklərini düşünürlər. Bahar Muradovanın Milli Məclisin iclaslarının birində dediklərini xatırlayırsınız yəqin: “Hökumətdən gözləntilər arxa plana keçirilməli, əhali kasıb yaşamağa öyrəşməli və hər kəs ayağını yorğanına görə uzatmalıdır.” Ah, nə gözəl məmləkət! Guya bu ölkədə adamların yüksək vəzifə pillələrinə necə gedib çıxdığını bilən yoxdur? Guya Bahar Muradova həmin mərtəbəyə xüsusi bir istedad sahibi olduğuna görə, dişiylə-dırnağıyla çalışıb bu yeri haqq etdiyinə görə gəlibmiş. Guya onun hansı bacarıq sahibi olduğundan kimsənin xəbəri yoxdur.
Xanım Muradovanın məşhur çıxışı gündəmə gələndə Qənimət Zahid “yorğan” söhbətinə böyük bir yazı həsr etmişdi. Ondan bir parçanı xatırlatmaq yerinə düşər: “Bahar xanım çox yaxşı bilir ki, Azərbaycan xalqı heç zaman yaxşı yaşamayıb və yaxşı yaşamağın tək yolu bəzi arzuolunmaz keyfiyyətlərin daşıyıcısı olduğunu əməldə isbat edərək həmin nomenklaturaya daxil olmaqdır. Bahar xanım çox yaxşı bilir ki, onun daxil olduğu hakimiyyət Azərbaycan xalqının yorğanını çoxdan çırpışdırıb və indi həmin xalq ayağını nə qədər uzatsa da, hansı tərəfə uzatsa da, çırpışdırılan yorğan tərəfə uzada bilməyəcək. Çünki, yorğan yoxdur. Oğurlayıblar. Bahar xanım çox yaxşı bilir ki, Azərbaycan xalqının bu hakimiyyətdən heç bir gözləntisi yoxdur. Buna görə də 21-ci əsr başlar- başlamaz Azərbaycanlılar qonşu və ya uzaq ölkələrə qarşısıalınmaz köç etməyə başlayıb. Bahar xanım çox yaxşı bilir ki, onun daxil olduğu Azərbaycan hakimiyyətinin heç bir zaman xalqın sosial rifahını nəzərdə tutan bir qayğısı olmayıb. Xalq onlar üçün arzuolunmaz zərurət olub. Bahar xanım Muradova o hakimiyyətin tərkibindədir ki, onu xalqın nə dediyi, nə yediyi, nə düşündüyü heç zaman maraqlandırmayıb. Bunun üçün, axı, seçki deyilən fenomenə azacıq sayğı olmalıdır. Olmayıb. Bahar xanımın dediyi o yorğan Azərbaycan xalqının üstündən çoxdan götürülüb, həmin bu seçki saxtakarlıqlarını təşkil edən və həyata keçirən zümrənin üstünə salınıb. Bahar xanım da “bir az da kasıb yaşamağa öyrəşin” deyəndə, bunları nəzərdə tutur.”
Azərbaycan insanların bacarıqlarına görə dəyərləndirildiyi ölkə olsaydı, Muradova kimilər parlamentin qapısına belə gəlib çıxa bilməzdi. Daha doğrusu, xalq bu təfəkkürdə, bu düşüncədə adamlara səs verib, onları başa çıxarmazdı. Amma bu ölkədə xalqın fikrini, rəyini saya salan kim? Yuxarı mərtəbəyə dırmaşmaq üçün yaltaqlığı, yalanı, əliəyriliyi bilmək, içindəki vicdan və mərhəmət hissini öldürmək yetər. Muradova xalqa kasıb yaşamağı tövsiyə edir, ancaq özü haqq etmədiyi ən dəbdəbəli həyatı yaşayır, bu xalqın hesabına evinə ən yüksək maaşı aparır. Üstəlik tutduğu vəzifədən istifadə edib, ailəsi üçün əlavə imkanlar yaradır, təqaüdçü həyat yoldaşı üçün biznes şəbəkəsi qurur. Bahar Muradova xalqın dərdindən necə anlasın ki? Anlasaydı, oturduğu o şıq yerdən yoxsulluğun dibinə vurmuş insanlara bir az da kasıb yaşamağı tövsiyə edərdimi?