İlham Əliyev Türk kimliyini təhqir edən Araz Əlizadəni niyə cəzalandırmır?
“Erməniləri üstümüzə salan Osmanlı idi” deyir
MM-nin ağzı söyüşlü deputatı Araz Əlizadə yenə başından böyük söhbətlər edib, aləmi qatıb bir-birinə. Onun İTV-nin 3D proqramında dediyi bəzi sözlərin əks-sədası Türkiyədə qədər gedib çıxıb. Deputat Türkiyə və Osmanlı ordusu haqqında illər əvvəl söylədiyi fikirləri təkrar edərək deyib: “Osmanlı ordusu muzdlu ordu idi. Muzdlu ordu pul olmasa, heç vaxt müharibəyə getməz və girişməz. Burda qəbahət bir şey yoxdur”. Rus simpatizanı Əlizadə Türkiyə ilə Azərbaycan xalqı arasında hər hansı qan bağlılığının olmadığını da bildirib: “Türkiyə ilə Azərbaycan arasında olan qan qruplarındakı elementlərə nəzər salsaq görərik ki, bir birilərinə heç uyğun gəlmirlər. Türklər Asiyadan gəlmədirlər, onlar sarı irqə məxsusdur. Azərbaycanlılar isə, Hind-Avropa irqinə aiddir”. Araz Əlizadənin türk kimliyinə nifrət ruhunda fikirlər səsləndirməsi birinci dəfə deyil. Adam dəfələrlə bu mövzunu gündəmə gətirərək, ölkə gündəmində qalmaqal yaratmağı bacarıb. “Erməniləri bizim üstümüzə salan elə Osmanlı idi. Sonradan isə xilas etdilər. Bu faktı unutmayın. Nuru paşa Gəncədə oturmuşdu və ona qızıl gələnə qədər yerindən tərpənmirdi. Hacı Zeynalabdin Tağıyev Nuru Paşaya faytonla qızılı çatdırandan sonra o, Gəncədən Bakıya doğru hərəkət etdi”. Onun bu mövzuya dönə-dönə qayıtması və hər dəfə insanlarda qıcıq doğuran ifadələr işlətməsi təsadüf deyil. Əlizadə etnik baxımdan fars kökənli, özü də rus simpatizanı olduğunu hər fürsətdə dilə gətirir. Onun yaxın günlərdə 20 yanvar qatili Primakovu müdafiə etməsi, onun həmin qırğınlarda heç bir günahı olmadığını söyləməsi də deyilənlərin sübutudur.
Parlament susdu, Türkiyə deputatları cavab verdi
Əslində, parlament hansısa dirijorun çubuğuyla danışan Araz Əlizadəni çoxdan cəzalandırmalıydı. Cəzalandırmadı və sonda Türkiyə tərəfi işə qarışdı. Dünən Türkiyə Böyük Millət Məclisinin deputatı Atilla Sertel onun çıxışına sərt şəkildə münasibət bildirib: “Azərbaycanla Türkiyə qardaş dövlətdir. Aralarında qan və can bağı var. Dilimiz də birdir, hər birimiz türkcə danışırıq. Dostluqdan əlavə eyni zamanda, qardaşıq. Onsuz da yetəri qədər, bizi sevməyən düşmənlər var. Niyə öz aramızda nifaq salıb belə fikirlər söyləyirik ki?… Həqiqi dostluqlar pul ilə satılmaz. Bizim anlayacağımız budur. Bunu deyənlər sübut etməlidir. Sübut edə bilmirsə, boş-boş danışmağın bir mənası yoxdur. Heç mən o deputatı tanımaram, ancaq bu cür fikir səsləndirməsi heç insanlığa yaraşmayan bir hərəkətdir. Belə fikirləri yalnız bizi sevməyən ermənilər söyləyə bilər.” Bu gün Türkiyə siyasətinin tanınmış simalarından biri Sinan Oğan da Araz Əlizadənin sözlərinə sərt cavab verib. O, Tvitter səhifəsində Əbülfəz Elçibəyin: ”Türk deyiləm” deyənə qarşı əsla israr etməyin. Allahın bəxş etdiyi şərəfi istəməyən şərəfsizə biz zorla şərəf verməyəcəyik”, –sözlərini yazıb. Milli Şuranın KM-nin üzvü Gültəkin Hacıbəyli də söyüşcül deputatın cavabını verib. “Gec xəbər tutmuşam ki, zillət vəkili, millətin üz qarası Araz Əlizadə azərbaycanlıların türk olmadığını yazıb, türk millətini aşağılayıb, təhqir edib. Əvvəla, başından böyük qələt edib. İkincisi, türk olmaq şərəfdir, Araz Əlizadə o şərəfə layiq deyil. O özü erməni də ola bilər, fars da, qaraçı da, moltanı da, bu onun şəxsi işidir. Ancaq özü erməni, fars, qaraçı ya moltanı olan birinin mənim kimliyimə, mənim atamın kimliyinə dil uzatması tərbiyəsizlikdir. Bunu yalnız öz atasından bixəbərlər edə bilər. Və sonda. Araz Əlizadə istisna deyil. Bu hakimiyyətdə təmsil olunanların böyük hissəsi millətimizə dərin nifrət bəsləyənlərdir, Əlizadəni də məhz bu “məziyyətinə” görə tapıb zillət vəkili ediblər.”
Mili Məclis tədbir görəcəkmi?
Onun qızışdırıcı fikirlərinə deputat Məlahət İbrahimqızından da sərt reaksiya gəlib: “Yeganə missiyası Azərbaycan-Türkiyə düşmənlərinin sifarişini icra etmək olan sədr danışdığı dilin hansı dil qrupuna aid olduğunun fərqində deyil. Görünür o mənsub olduğu Ariyan irqi demək əvəzinə Hind-Avropa irqi deyir ki, belə bir irq də mövcud deyildir. Hind-Avropa dil qrupu və ya ailəsi var, ora da Azərbaycan dili aid deyil. Bu coğrafiyada Ariyan irqinə yalnız farslar, ermənilər özlərini aid edirlər və ali irq hesab edirlər. Görünür Araz Əlizadə də belələrindəndir”.
Azərbaycan Parlamentində oturub, millətin kimliyinə həqarət edən Əlizadənin hərəkətlərinə təkcə deputat həmkarları deyil, MM özü qiymət verməlidir. O, ən yaxşı halda dediklərinə görə xalqdan üzr istəməlidir. Əgər bu dəfə də parlament onu cəzasız buraxacaqsa, deməli, söylədiklərinin arxasında elə rəhbərlik özü dayanır. Məsələnin başqa izahı varmı?