Xalqı müflisləşdirən, Əliyevləri varlandıran dövlət şirkəti
![](https://i1.wp.com/www.azadliq.info/wp-content/uploads/2019/12/IMG-20191212-WA0011-1024x614.jpg)
Ölkədə bütün siyasi gedişlər Paşayevlər erasına hazırlıqdan xəbər verir. İlham Əliyevin hakimiyyətdə olduğu son 16 ildə ölkənin bütün gəlirli sahələri onların əlinə keçib. Ailənin milyardlarla səhm kapitalına sahib olan şirkət və bankları ölkəni, faktiki, zəbt edib. Amma tamah sərhəd tanımır, özəl sektordakı bütün rəqiblər sıradan çıxarıldıqdan sonra növbə çatıb dövlət şirkətlərinə. Etibarlı mənbələrdən aldığımız məlumata görə, hökumət SOCAR-ı özəlləşdirməyə hazırlaşır və Paşayevlər dövlət neft şirkətini də rəsmən ələ keçirmək üçün qovluqlarını hazırlayıblar. 25 il bundan əvvəl “Əsrin müqaviləsi” imzalananda bir əcnəbi jurnalist yazmışdı ki, BTC boru kəməri Azərbaycan neftini Avropaya vuracaq, Avropa da oradan geriyə demokratiya ixrac edəcək. Kəmər nefti məlum ünvana vurdu, amma Azərbaycan insanı nə demokratiya gördü, nə də qazanc. Neftdən gələn 200 milyarda yaxın vəsaiti Əliyevlər hakimiyyəti göyə sovurub axırına çıxdı. “Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) də beynəlxalq standartlara cavab verən bir şirkətə çevrilmədi. Bu həm də Azərbaycan iqtisadiyyatını neftdən asılı elədi, hakimiyyətdə arxayınçılıq yaratdı”. İqtisadçı-alim Qubad İbadoğlu müqavilənin 25 illiyi ilə bağlı fikirlərini belə dəyərləndirib. SOCAR beynəlxalq şirkətə çevrilmədi, amma ailə hakimiyyəti üçün öz rolunu “layiqincə” oynadı. İndi də gündəmə onun müəyyən faizinin özəlləşməsi məsələsi gəlib. Sadə vətəndaşlar dövlətin şirkəti olaraq SOCAR-dan bir xeyir görməsə də, hakim ailənin üzvləri onun milyardları sayəsində ofşorlara qədər gedib çıxıblar.
Dünya üzrə SOCAR-ın fəaliyyət şəbəkəsi
SOCAR-ın fəaliyyət şəbəkəsi haqqında mətbuatda getmiş rəsmi məlumata bir daha diqqət edin: “SOCAR-ın təsisçiliyi ilə fəaliyyətləri neft və qaz sənayesinin, demək olar ki, bütün sahələrini əhatə edən 36 birgə müəssisə, 6 alyans, xarici ölkələrdə törəmə şirkət və nümayəndəliklər yaradılmışdır. SOCAR və onun törəmə şirkətləri 15 ölkəni təmsil edən 23 şirkətlə imzalanmış 17 hasilatın pay bölgüsü sazişlərinin (HPBS) iştirakçısıdır. Bu sazişlərin podratçıları 1995-2016-cı illərdə ölkəmizin neft-qaz sektoruna, ümumilikdə, təxminən, 68,2 milyard ABŞ dolları məbləğində sərmayə qoymuşlar. Şirkət Türkiyə, Gürcüstan, İsveçrə, Ukrayna, Rumıniya və Rusiya kimi ölkələrlə yanaşı, Yaxın və Uzaq Şərq ölkələrində də layihələr həyata keçirir. Hazırda Tbilisi şəhəri istisna olmaqla, bütün Gürcüstan üzrə regional qaz distribusiya şəbəkəsinin 95 faizi SOCAR-ın nəzarətindədir və əhalinin, eləcə də sənayenin təbii qaza olan tələbatını tam təmin edir. SOCAR-ın Gürcüstan bazarında geniş yanacaqdoldurma məntəqəsi (YDM) şəbəkəsi də var. “SOCAR Energy Switzerland” İsveçrə bazarında neft məhsullarının topdan və pərakəndə satışı ilə məşğuldur. 2012-ci ildə SOCAR və “ExxonMobil” şirkətləri arasında imzalanan müqavilə əsasında “Esso Switzerland” şirkətinin aktivləri SOCAR-ın nəzarətinə keçib.” Rəsmi qəzetdə getmiş bu qısa xülasəni oxuyan düşünər ki, şirkətin ölkəyə gətirdiyi gəlirlərlə on il bundan sonrakı nəsilləri də yağ-bal içində yaşatmaq olar. Yaxşı, dünyanın bu qədər ölkəsində qaz vurub, qazan dolduran şirkətin milyardları hara gedir görəsən?
Əliyevlər ailəsi üçün ofşor hesablara 48 milyard dollar
Ölkə insanına fayda gətirməsi o yana qalsın, dünyanın harasında Azərbaycanla bağlı bir kriminal əməl aşkar olunsa, içindən SOCAR çıxır. Şirkətin prezidenti Rövnəq Abdullayevin oğlunun İbizada 2 milyonluq saatı oğurlananda İspaniya polisi şikayətdən şoka düşdüyünü bildirmişdi. Beynəlxalq Jurnalist Təhqiqatları təşkilatına açıqlama verən polis bildirmişdi ki, “müstəntiqlər indiyədək belə bir şey görməyiblər.” Təsəvvür edin ki, SOCAR-ın illik hesabatına görə, 2018-ci ildə şirkətin prezidentinin və 12 vitse-prezidentinin rəsmi maaşları və gəlirlərinin ümumi həcmi 1.28 milyon manat (755 min dollar), yəni oğurlanan saatın dəyərindən az olub. “Global Witness” təşkilatının təmsilçisi də “SOCAR rəsmiləri və qohumlarının rəsmi maaşlarından dəfələrlə baha saatlar taxdıqlarını“ yazmışdı. Həmin təşkilat SOCAR-ın ən azı 48 sövdələşməsində adı keçən şirkətlərlə Anar Əliyev adlı şəxsin bağlılığını qeyd etmişdi. Bunlardan təkcə birində Azərbaycan neftinin xaricə satışı ilə məşğul olan “Socar Trading SA” şirkətindən Anar Əliyevin qazancı 100 milyon dollardan artıq olub. Və bu adamın Rövnəq Abdullayevin ən yaxın qohumu, dayısı oğlu olduğunu artıq bilirsiniz. Sizcə bu qədər pulu şirkət prezidentinin qohumu öz cibinə qoyub? Əsla. O, sadəcə, həmin vəzifəyə təyin olunmuş vasitəçidir. Pullar da məlum ünvana gedir, Əliyev ailəsinin ofşorlara yatırım edən şirkətlərinə. “Washington Times” qəzetinin məlumatına görə, Əliyevlər ailəsi Azərbaycana məxsus 48 milyard dolları oğurlayaraq ofşor hesablara ötürüb. Son zamanlar yayılan məlumatlara görə Belçikanın aparıcı “Fluxys” sirkətinin Azərbaycanın SOCAR şirkəti ilə böyük korrupsiya əlaqələri aşkarlanıb. Amma İlham Əliyev halından məmnundur. O, bildirib ki, “Əsrin müqaviləsi”, “Şahdəniz” yatağı üzrə imzalanmış və icra edilən müqavilə Dövlət Neft Şirkətini böyük beynəlxalq şirkətə çevirib. “Bu gün həm ölkə daxilində, həm xaricdə Azərbaycan Dövlət Neft Şirkətinin çox böyük fəaliyyəti var. Bizim xaricə qoyduğumuz investisiyalar milyard dollarla ölçülür. Təkcə Türkiyədəki layihələrə 20 milyard dollara yaxın sərmayə qoyulması nəzərdə tutulub ki, onun təxminən yarısı artıq yatırılıb”. Yəni Əliyev demək istəyir ki, hələ də SOCAR vasitəsilə qazana biləcəkləri pullar tükənməyib. Ona görə də, özəlləşdirmə planı ilə dövrəyə Paşayevlər girir. Bəs necə, ölkənin bütün pulları artıq bir əldə toplanmalı, açarı da vitse-diktatorda olmalıdır. Pulu hara, necə xərcləməyi o hamıdan yaxşı bilir.