Toydan da, vaydan da pul qazananlara, yumurtadan da yun qırxanlara aman verməyək.
Bunun üçün ilk növbədə şəffaflıq və hesabatlığın artırılmasına ehtiyac vardır. Odur ki, təklif edirəm:
1) Koronavirusa qarşı mübarizəyə dəstək fonunun gəlirləri və xərcləri barədə ictimaiyyətə müntəzəm məlumat verilsin. Fondun internet resursu yaradılsın, veb səhifədə fondun fəaliyyətini tənzimləyən sənədlərlə yanaşı onun fəaliyyətini və xərclənmə istiqamətlərini xarakterizə edən informasiyalar yerləşdirilsin. Şəffaflığın və informasiya çıxış imkanlarının artırılması hazırda 50 milyon manatdan çox vəsaitə malik olan Fonda dəstək imkanlarını da çoxalda bilər.
2) Koronavirusla bağlı dövlət büdcəsindən ayrılan 1 milyard manat vəsaitin bölüşdürülməsi xərc istiqamətləri və hər istiqamət üzrə xərc maddələri və yarım maddələr üzrə təsnifləşdirilsin. Bu vəsaitin xərclənməsi ünvanlılıq əsasında aparılsın, ictimai nəzarətlə müşahidə edilsin və mətbuat daimi məlumatlandırılsın.
3) Hazırda karantində olan 2126 nəfərin hər bir saxlanma obyekti üzrə adambaşına xərcləri açıqlansın. Onların müxtəlif yerlərdə – 5 ulduzlu hotellərdən çarır şəhərçikləri- saxlanmasını nəzərə alaraq dövlətin xərcləmələri hər obyekt üzrə ayrıca və adambaşına olmaqla ictimaiyyətə təqdim edilsin.
Bir sözlə çalışaq ki, toydan da, vaydan da pul qazananlara, yumurtadan da yun qırxanlara aman verməyək ki, koronavirusu koronakorrupsiyaya çevirsinlər.