Araz Gündüz
İlham Əliyevin Əli Kərimliyə qarşı çox qəzəbli olduğu hamıya bəllidir. Bunun səbəbi də gün kimi aydındır: ölkədə yeganə mütəşəkkil müxalif qüvvənin başında dayanan Əli Kərimli və silahdaşları, addımbaşı, İlham Əliyevin antixalq, antidövlət siyasətini ifşa edir, ölkə sərvətlərinin talanmasını, xalqın quru yurdda qoyulmasını uca səslə vurğulamaqla istər xalqın, istərsə də beynəlxalq ictimaiyyətin baxışlarını törədilən bu bəşəri cinayətlərə yönəldirlər. Rejimin repressiya maşınının tam gücü ilə işlədiyi bu məqamda maraqlı və paradoksal bir hadisə də baş verir: Əli Kərimliyə və silahdaşlarına qarşı fiziki təzyiqlər onları sarsıtmaq baxımından nərticəsiz qaldıqca, saxta müxalifət “zirehinə” bürünmüş çoxlu sayda siyasətçilərin mənəvi ölümünə səbəb olur. Sən ya rejimin törətdiyi cinayətlərə qarşı səsini qaldıran, bütün mümkün vasitələrlə onunla savaşan gücə və onun təmsilçisinə tərəfdar olacaqsan, ya da “müxalifətçilik donun” cırılacaq, bütün ayıblarınla ictimaiəyyət qarşısında çılpaq qalacaqsan. İlham Əliyevin repressiyaları başçılıq etdiyi rejimin tarixi süqutunun qarşısının alınması üçün mənasız şəkildə çabalamaqdan ibarətdir, ancaq burada saxta xalq qəhrəmanlarının ölümü də qaçılmaz olur və bu, Şərin içindəki Xeyirlərdən biridir. İndi Şərin qarşısında susmaq “qızılla” deyil, “ölümlə” ölçülür.