“Onun dedikləri yalandır, absurddur, xalqın narazılığından qorxunun ifadəsidir”
“Bu dövləti, İlham Əliyevdən və partiyasından fərqli olaraq, biz qurmuşuq; Bizə qarşı təzyiqlər də məhz xalqın sözünü dediyimiz üçündür”
Ölkə başçısı İlham Əliyev aprelin 14-də 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirə keçirib və çıxışında müxalifətin ünvanına növbəti dəfə nifrinlər yağdırıb. O, prinsipial müxalifət qüvvələri yenə də düşmən adlandırıb, başqalarını da bu qüvvələrə belə münasibət göstərməyə çağırıb. Amerikanın Səsi radiosu İlham Əliyevin dediklərinə AXCP sədri Əli Kərimlinin münasibətini öyrənib. Əli bəy bildirib:
“Azərbaycan xalqının, dünya birliyinin çoxsaylı etirazlarına baxmayaraq, İlham Əliyev müxalifətə, cəmiyyətin əhəmiyyətli bir hissəsinə qarşı növbəti nifrət çıxışını edib. Əslində bu çıxış 19 matrtdakı çıxışın başqa bir formada davamıdır və tamamilə əsassız tezislər üzərində qurulub.
Birinci əsassız, yalan məlumat ondan ibarətdir ki, biz Milli Şura, AXCP olaraq hakimiyyətlə, iqtidarla dialoqdan imtina etməmişik. Dialoqun hansı mövzuları əhatə etməsi ilə bağlı öz təkliflərimizi irəli sürmüşük. Biz mənasız, görüntü xatirinə, imitiasiya xarakterli görüşdən imtina etmişik. Əsl dialoqdan imtina etməmişik. Konkret olaraq ümumilli maraqlarla bağlı təkliflərimizi irəli sürmüşük ki, hansı mövzularda danışa bilərik.
İkinci yalan tezis ondan ibarətdir ki, koronavirusla bağlı ölkənin vəziyyətinin pisləşməsinə biz heç vaxt sevinməmişik. Biz yanvar ayından başlayaraq dövlətin koronavirusla mübarizəyə hazırlanması üçün öz təkliflərimizi irəli sürmüşük. Əslində, kaş ki, bizim təkliflər yanvar ayından eşidiləydi. O zaman ölkədə koronavirusla da, sosial-iqtisadi durumla da bağlı daha yaxşı vəziyyət olardı. Əgər, “ölkədə vəziyyət nə qdər pisdir, o qədər yaxşıdır” prinsipi ilə yaşasaydıq, Azərbaycan iqtidarına həm koronavirusla mübarizə, həm də ölkənin sosial probelmlərinin həlli ilə bağlı çoxsaylı təkliflər verməzdik. Bizim təkliflərimiz ölkədə insanların vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş təklifərdir.
Üçüncü yalan, həqiqətə uyğun olmayan tezis ondan ibarətdir ki, biz bu vəziyyətədə ölkə əhalisinə pislik arzulayırıq, dövlətə və millətə qarşıyıq. Birincisi İlham Əliyevin özündən və rəhbərlik etdiyi partiyadan fərqli olaraq Xalq Cəbhəsi bu dövlətin birbaşa qurucusu olan hərəkatın varisidir. Bu dövləti faktiki biz qurmuşuq, işğalçılardan biz qorumuşuq. Vətən uğrunda müharibədə biz şəhid olmuşuq. Bizim silahdaşlarımız şəhid olub. Xalq Cəbhəsinin sıralarından minlərlə insan şəhid olub. Hazırda da Əliyevin türmələrində neçə nəfər Qarabağ qazisi olan cəbhəçi funksioner yatır. Ona görə Azərbaycan dövlətinə qarşı olmaqda Xalq Cəbhəsini, onunla birlikdə olan Milli Şuranı ittiham etmək absurddur, yalandır.
Bizim elə bu koronavirusla mübarizə dövründə irəli sürdüyümüz təkliflər də əslində xalqın təklifləridiir. Biz necə xalqa qarşıyıq ki, milyonlarla insanın bu gün ağır sosial vəziyyətinə görə narazılığımızı dilə gətiririk. Biz həmin insanlar üçün sosial yardım istəyirik. Birbaşa hər bir şəxsə, hər bir ailəyə çatacaq yardım tələb edirik. Biz özümüz üçün nə isə tələb edirikmi? Qətiyyən! Bizim bütün tələblərimiz Azərbaycan xalqı üçündür. Xalq bunu bilir və bizə dəstəyini artırır. Ona görə də hakimiyyət narahat olub.
Bizim koronavirusla mübarizə dövrünü bir fürsət bilməyimizi deməsi də tamamilə yalandır. Çünki, biz hələ dövlət rəsmi karantin elan etməmişdən qabaq özümüzün bütün strukturlarında karantin elan etmişik. Bütün toplantıları dayandırmışıq. Biz ilk gündən sıx karantinin tərəfdarı olduğumuzu bildirmişik və karantin qaydalarına əməl olunmasını hamıdan xahiş etmişik. Bizim heç zaman karantin qaydalarını pozmaqla bağlı çağırışlaırımız olmayıb. Karantin dövründə və koronavirusun yayıldığı dövrdə heç bir kütləvi aksiya planlaşdırmamışıq və buna cəhd etməmişik. Heç zaman insanları etiraz aksiyasına çağırmamışıq. Bu da növbəti bir yalandır.
Nəhayət, çıxışdakı növbəti yalan. İlham Əliyev bildirib ki, biz artıq 27 ildir tarixin zibilliyində deyir, nə deyir, oradayıq. Əgər elədirsə, onun nə işi var tarixin zibilliyində. Bizimlə nə işi var? Əgər biz artıq tarix olmuşuqsa, həm də onun hörmətsiz bir yerində olmuşuqsa, müxalifətlə də dialoq yaradıbsa, ölkədə də hər şey çox əla vəziyyətdədirsə, o zaman ölkəyə rəhbərlik edən adam niyə işini-gücünü atıb, yalnız həmin bu, guya tarixə atılmış siyasi qüvvələrlə mübarizə aparır? Özünə bu barədə bir sual verirmi? Bu necə güclü hökumət, iqtidar başçısıdır ki, artıq tarixə yuvarlanmış siyasi qüvvə ilə bütün karyerası boyu mübarizə aparır. İlin-günün bu vaxtında dünyanın gündəminə nə ilə gəlir? Koronavirusdan müxalifətə qarşı istifadə emtəklə. Danışsın, AZTV auditoriyasını öz aləmində sakitləşdirsin. Bütün dünya İlham Əliyevin koronavirusdan siyasi məqsədlər üçün sui-istifadəsindən yazır.
Mənim, müxalifət partiyası sədrinin interneti niyə bağlanmalıdır? Niyə imkan vermir ki, mən sözünü xalqa çatdırım. Bir sıra hallarda hətta məni mobil telefondan istifadədən də məhrum edir. Nəyə görə bu vəziyyət olmalıdır? Nəyə görə insanlar həbs olunmalıdır? Xalq Cəbhəsinin, Milli Şuranın bu günlərdə yeddi nəfər fəalı uydurma ittihamlarla həbs olunub. Təkcə Xalq Cəbhəsinin, Milli Şuranın fəalları deyil, jurnalistlər həbs olunub, ADR Hərəkatının, Müsəlman Birliyi Hərəkatının, hərəsinin iki finksioneri həbs olunub. Bütövlükdə demokratik düşərgədən (mənim son günlər internetə çıxışım yoxdur, son məlumatları bilmirəm) 15-20 nəfərədək insan repressiyaya məruz qalıb. Tofiq Yaqublu kimi nüfuzlu siyasətçi şərlənərək həbs olunub. Hökumət koronavirusla mübarizə ilə məşğuldur, yoxsa tarixə gömdüyünü dediyi həmin o müxalifətlə mübarizə ilə məşğuldur? Azərbaycan xalqı bilir ki, bu iqtidar uğursuz bir iqtidardır. O cümlədən son, karantin dövründə xalqın sosial problemlərini həll etməyi bacarmayan bir iqtidardır. AXCP və Milli Şuraya qarşı təzyiqlər də məhz Azərbaycan xalqının sözünü dediyimiz üçün yaşanır”.