NİDA Vətəndaş Hərəkatı AXCP sədrinin təcrid olunması ilə bağlı etiraz bəyanatı verdi
Artıq 2 gündür hökumət AXCP sədri Əli Kərimlinin internet və mobil əlaqələrini süni yolla əngəlləyir. Aprelin 13-dən 14-nə keçən gecə AXCP sədrinin nəinki özünün mobil telefonu hətta ailə üzvlərinin mobil telefonları və mənzilin telefonu bağlanaraq onun ətraf aləmlə bütün əlaqəsi kəsilib.
Partiya liderinin aprel ayının 13-ü axşam saatlarında mobil rabitəsi kəsilib. Aprelin 14-ü gündüz saatlarında əlaqəsi bərpa edilsə də axşam saatlarda yenidən əlaqəsi kəsilib və hazırda da Əli Kərimlinin cəmiyyətlə, internetlə əlaqəsi tam məhdudlaşdırılıb.
Bütün dünyanın diqqətinin koronavirus pandemiyası ilə mübarizədə olduğu təqdirdə, Azərbaycan hakimiyyəti müxalif fəalların həbsinə, müxalif liderlərə qarşı repressiyasına davam edir. Hökumət belə çirkin əməllərindən, metodlarından əl çəkməlidir.
Nida Vətəndaş Hərəkatı olaraq hakimiyyətin inzibati resurslardan istifadə edərək öz opponentlərinə qarşı informasiya məhdudiyyətləri yaratmasını, eləcə də koronavirus pandemiyasından demokratik institutlara zərbə vurmaq üçün istifadə etməsini şiddətlə qınayırıq və hökuməti bu cür davranışlardan imtina etməyə çağırırıq.