
Bəxtiyar Hacıyev
Şəhid və qazi ailələrinin təminatı ilə bağlı yaradılmış YAŞAT Fondunun ilk iclasının bu qədər səs-küy yaratması xoş deyil.
Problemin miqyası böyükdür və dövlət tərəfindən belə bir fond mütləq yaradılmalı idi, bu müsbət addım idi, ancaq görünür, Fondun idarəçiliyinə cəlb edilmiş insanlar, qurumlar və ilk iclasa dəvət edilənlərin kimliyi cəmiyyətdə ciddi narazılıq yaradıb. Dünəndən şəxsən məni onlarla posta, yüzlərlə şərhə tag ediblər, soruşurlar sizi niyə dəvət etməyiblər, nə düşünürsünüz bu barədə və s.
Doğrusu, düşünürdüm ki, qısa bir müzakirə olacaq və keçəcək. Həm də işlərin çoxluğundan bu müzakirəyə vaxt sərf etmək istəmirdim. Ancaq YAŞAT Fondunun dünənki iclasla bağlı açıqlaması gərginliyi daha da alovlandırdı. Yazıblar ki, daha çox insanın məlumatlandırılması, əlçatanlığın təmin edilməsi üçün məhz həmin şəxslər dəvət ediliblər.
Konfransda iştirak edənlərin auditoriyalarına da, kimliklərinə də, keçmiş fəaliyyətlərinə də, ictimai rəyə təsir qabiliyyətlərinə baxanda da oradakıların ən az yarısının uyğun namizəd olmadıqları, oradakılardan dəfələrlə daha çox təsiri və fəaliyyəti olmuş xeyli insanın isə dəvət olunmaması görünür.
Auditoriya deyəndə say nəzərdə tutulursa, elə instagram, tiktok məhşurları var ki, yüz minlərlə izləyiciləri var. Ancaq onlar ictimai rəyə təsir edə bilirlərmi? Sabah çağırış edib, 100 000 manat toplaya bilərlərmi?
Gərək belə etməzdilər. Ancaq problem YAŞAT fondunda deyil, fondun yaradılması özü çox yaxşı təşəbbüs idi. Sadəcə idarəçilik hər şeyi öz nəzarətinə alan, bütün sahələrə girən, böyüdükcə idarəçilikdə və kommunikasiyada belə problemləri üzə çıxan ASAN-a verilməməli idi.
YAŞAT ayrıca, müstəqil bir qurum kimi fəaliyyət göstərməli idi ki, belə problemlə üzləşməsinlər, köhnə problemlər, siyasi məsələlər, gərginliklər təzəcə yaranmış və çox yaxşı bir missiyası olan YAŞAT-ın ictimai rəydəki imicinə belə mənfi təsir göstərməsin.
P.S: Zoom konfrans da qapalı zaldakı konfrans deyil ki, orada say məhdudiyyəti olsun, virus yayılmasından ehtiyatlanılsın. 15-20 nəfər də əlavə adam dəvət etmək olardı.