
AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı
ABŞ Dövlət Katibinin hərbi siyasi işlər üzrə köməkçisi Klark Kuper deyib ki, Rusiyanın Qarabağdakı mövcudluğu təhlükəsizliyə təhdiddir. Bu bəyanat artıq Qarabağla bağlı böyük geopolitik savaşın anonsu sayıla bilər.
Bundan dərhal sonra isə Rusiya prezidenti Putin, tərəflərin razılığı olarsa Qarabağdakı Rus sülhməramlılarının sayının artırıla biləcəyindən danışıb. Onun bu sözləri Kuperin narahatlığına cavab hesab oluna bilər.
Belə görünür ki, Rusiya təhlükəsizliyin təmin olunmasında nəinki digərlərini də nəzərə almaq istəmir, hətta sahədəki qoşunlarının sayını artırmaqla, burada mövqelərini daha da gücləndirməyə çalışır. Aydındır ki, Ermənistan nəinki Putinin bu arzusuna etiraz etməz, hətta rusların sayının artırılmasını öz təhlükəsizlik təminatı olaraq istəyir. Demək, bundan sonra Kreml Azərbaycanın da razılığını almaq üçün ölkəmizə təzyiqləri artırmağa çalışacaq.
Kremlin sülhməramlı missiya adı altında Azərbaycanda baza yaratması və Dağlıq Qarabağ üzərində birtərəfli hərbi nəzarətə sahib olması, Rusiyanın təktərəfli qaydada Cənubi Qafqazın hərbi siyasi patronuna çevrilməsi deməkdir. Bu isə postsovet məkanındakı imperial iddiaları və ekspansiyaları ilə beynəlxalq təhlükəsizliyə təhdid yaradan, AB- nin genişlənmə siyasətini əngəlləyən, mühüm strateji kommunikasiya və enerji dəhlizləri üzərində nəzarət yaradan Rusiyanın durdurulması zərurətini daha da aktuallaşdırır.
Rusiyanı ABŞ – n əsas strateji düşməni kimi hədəf göstərən Bayden administrasiyasının, hələ işə başlamamışdan təhlükəsizlik məsələlərinə açıq vurğu salması təsadüfi deyil. Bu onu göstərir ki, qarşıdakı dönəmdə Rusiyanı zəiflətmək üçün, onun sülhməramlı adı altında qoşun yeritdiyi regionlardan vurulub çıxarılması və beləliklə də geostrateji təsirinin zəiflədilməsi nə çalışılacaq.
Burada diqqəti çəkən ən vacib məqamlardan bir də budur ki, Qərb bu siyasəti ya Moldovada olduğu kimi avrointeqrasiya tərəfdarı olan Maya Sandu kimi liderlərlə həyata keçirməyə çalışacaq, ya da ki, başlanğıc mərhələ kimi öncə Rusiya yandaşı olan hakimiyyətlərin demokratik qüvvələrlə əvəzlənməsindən başlayacaq.
Bu isə o deməkdir ki, artıq demokratiya təkcə xalqın tələbi olaraq qalmayacaq, həm də Qərblə Rusiya arasında yaxın illərdə geopolitik rəqabətin əsas silahına çevriləcək.
O üzdən də Qarabağda Rusiyanın iştirakına münasibət, həm də Azərbaycan hakimiyyəti üçün bir geopolitik seçim məsələsidir.
Yeri gəlmişkən, bu günlərdə Türkiyə Müdafiə Naziri Hulusi Akar Azərbaycana türk hərbiçilərinin gəlməsini Rusiya ilə deyil, Azərbaycanla müzakirə edəcəklərini bildirib. Bu onu göstərir ki, Rusiya Türkiyənin Dağlıq Qarabağa gəlməsinə mane olduğu üçün, indi yeganə yol Azərbaycanla bu məsələni ikitərəfli qaydada həll etməkdir. Demək ki, Rusiya bu məsələdə müqavimətini davam etdirəcəksə və Azərbaycan tərəfi də Türkiyənin istəyinə qarşı qeyri müəyyən mövqedə qalacaqsa , o zaman, ABŞ Türkiyə ittifaqının yaranması reallaşa bilər.
Bütün bu məqamlar, 44 günlük hərbi əməliyyatların regionumuzda daşları yerindən oynadığını və yeni geosiyasi konfiqurasiya yaranmaqda olduğunu göstərir.