
Türkel Oğuz
Azərbaycan əsgəri əziz canından keçib, anasını gözü yaşlı, atasını beli bükülü, balalarını yetim qoyub Torpaq alıb ki, indi onu bu şəkildə aşağılayalar?!
Verdikləri bir qarın çörəyi əsgərin başına belə qaxarlar?! Əsgər niyə döyüş mövqeyində ac, susuz qalmalı, şikayət etməlidir?! Niyə əsgərə uğrunda canını qurban verdiyi dövləti sahib çıxmır ki, o əsgər də bu dövləti çapıb- talayan “Bravo”-ların yetim payına möhtac qalır?!
“Bravo” büdcədən yayındırdığı on milyonları ödəsə, o əsgərin heç kimə ehtiyacı da olmaz, dövlətinin, millətinin halal çörəyini yeyər.
O əsgər Torpaq azad edib, Torpaq! Millət olaraq, dövlət olaraq başımızı uca edib! Milli qürurumuzu bizə qaytarıb! O ucalığı bizə bəxş etmiş igidlərin nə özlərinin, nə ailələrinin maddi sıxıntısı olmamalıdır. Onlar hamıdan yaxşı yaşamalıdırlar.
Əsgərlərimizi, Ordumuzu aşağılayan, onları bu dövlətin sərvətlərini talayanlar qarşısında minnətçi çıxaran, gözükölgəli edən bu “yardım” kampaniyaları-bu rəzalət dərhal durdurulmalıdır.
Azərbaycanda başını dik tutub gəzməyə hamınızdan çox haqqı olanlar qəhrəman əsgər və zabitlərimiz və Şəhid ailələridir.
Bizim onlara bir Vətən boyda borcumuz var, onların bizə borcu yoxdur!