
Milli Şuranın sədri Cəmil Həsənli
İndi gördünüzmü “müasir” avtoritarların, demokratiyaya iddialı olan totalitarların idarə etdikləri ölkələrdə gerçək müxalifət olmaq həyatınla riskə getmək qədər çətindir. Navalnının başına gələnlər bir daha göstərdi ki, Rusiya, Azərbaycan kimi ölkələrdə müxalif olmaq, Allahın verdiyi ömürü yaşamaq yox, Putin və Əliyevin xüsusi xidmət orqanlarının limitləşdirdiyi həyatı yaşamaqdır. Navalnının Putin labaratoriyasında hazırlanmış kimyəvi zəhərdən “dirilməsi” XXI əsrin əsl möcüzəsi oldu. Kimyəvi silahla zəhərlənmiş müxalifət rəhbəri Aleksey Navalnı təsadüfən sağ qalıb. Hər şey onun ölümünə hesablanmışmış, Putinin 8 nəfərlik “Ölüm Korpusunun” üzvü təsdiq eddi ki, təyyarənin Tomska nəzərdə tutulmayan eniş etməsi və Tomskda həkimlərin ilkin tibbi yardımı əməliyyatı uğursuzluğa uğradıb, Navalnı sağ qalıb.
Navalnı özünəməxsus bacarıqla öz qatilini danışdırdı, hər şey açıldı, Putin FTX-nin çirkli əli Navalnının alt paltarından çıxdı. Təsəvvür edirsinizmi Rusiyada Putinin 20 illik rejimi bu səviyyəyə düşüb, bu qədər alçalıb. Ən dəhşətlisi odur ki, Rusiya dəyişməyib, FTX KGB-nin etdiyklərindən 5 qat artığını edir. İnsafən bütün cinayətləri və natəmiz əməlləri ilə yanaşı KGB heç vaxt alt paltarı səviyyəsinə enməmişdi. Rusiya müxalifətinin lideri Navalnı ilə bağlı baş verənlər Putin Rusiyasının bu həyat həqiqəti, acı gerçəkliyini qoydu ortaya.
Navalnı yüksək səviyyəli beynəlxalq tibbi yardım və mənəvi dəstək nəticəsində xilas oldu, həyata qayıtdı, Amma həmin yüksək səviyyəli tibbi xidmət belə Azərbaycan müxalifətinin öncüllərindən olan Gözəl Bayramlını xilas etmədi. Əliyev rejiminin, Əliyev xüsusi xidmət orqanlarının, Əliyev sərhəd xidmətinin, Əliyev məhkəmələrinin, Əliyev cəzaçəkmə rejimin birgə əməliyyatı Gözəl Bayramlını diri-diri məhv etdi və ona qarşı qurulmuş əməliyyat “uğurla” başa çatdırıldı.
Putinin kimyəvi silahla zəhərləyib sıradan çıxarmaq istədiyi Navalnının, Rusiya müxalifətinin leqal iimkanları, ölkəni gəzmək, görüşlər keçirmək, xaricə səyahət etmək, bank hesabına ianələr qəbul etmək, bütün şəhərlərdə qərargahlar saxlamaq və s. qanunla müəyyən edilən hüquqları var. Ölkə içində Televiziyası, çap mediası var Rusiya müxalifətinin. Halbuki, bütün bunlar Azərbaycanda təsəvvürəgəlməz məsələlərdir.
Əgər ötən ilin oktyabr ayının 19-da Əli Kərimli İlham Əliyevin hərəkət edən işgəncə labaratoriyasında ölümlə üz-üzə dayandığı məqamda xaricə çıxarılmaq zərurəti yaransaydı ölkə müxalifətinin rəhbəri kimi adam 12 ildir xarici pasportdan məhrum edilib. 8 aya yaxındır adam gecə-gündüz Əliyev “keşikçilərinin” nəzarəti altındadır, nəinki “Omska” gedə bilmir, heç evindən bayıra ayaq basa bilmir, nəinki onu təqib edən rejimin əməllərindən Navanı kimi film çəkə bilmir, adi internet, normal telefon əlaqələrindən, pandemiya şəraitində özünü və ailəsini qorumaq imkanlarından belə məhrum edilib.
Rusiyada Putin rejimindən daha qəddar olan İlham Əliyev rejimi müxalifətçini həbs etmək, onu ev dustaqlığına buraxıb ayağına “çidar” vurmaq, bioloji böhranı öz əleyhdarlarına qarşı yönəltmək, Pandemiyadan müxalifəti məhv etmək vasitəsi kimi istifadə etmək, virisa yoluxmayan müxalifətçini virus yaymaqda günahlandırıb həbs etmək, Tofiq Yaqublunun timsalında şərləmə əməliyyatı keçirib saxta hökmlər çıxarmaq kimi “lüksə” malikdir.
İlham Əliyev rejimi Putin rejiminin istifadə etdiyi gizli kimyəvi silahdan fərqli olaraq açıq təhdidlər, leqal “hüquqi” vasitələrlə müxalifət ovuna çıxır. Adamlar ağır işgəncə altında döyülərək öldürülür, qonşu ölkələrdən başına torba keçirilərək oğurlanır, inzibati saxlama yerlərində intihar adı altında həyatla vidalaşır.
Əliyev rejimi də daxil olmaqla bütün post-sovet məkanında avtoritar rejimlər Putin rejiminin törəmələridir, oxşarıdır, bənzəridir, karikaturasıdır. Əliyev rejimi Putinin gizli etdiklərini açıq-aşkar edir. Post-sovet avtoritarları hakimiyyətdə qalmaq üçün Putinin etdiklərin təkrar edir, ona söykənir, bəzən ondan bir addım da qabağa gedib avtoritar idarəçiliyi ailə-klan sülaləsi ilə “zənginləşdirir”, müxalifəti konfiqurasiyalaşdırır, onu yağ çəkdiyi quyruğu ilə oynayan ev pişiyinə döndərir, gercək müxalifətin dövlətə dəxli olmayan ofisinin qapısını10 il qaynaqlayıb, adları sədrlərinin də yadından çıxmış “müxalif partiyalara” dövlət mülkiyyəti hesabına ofis əta edir.
Bir anlığa təsəvvür edin öz mövqeyini açıq ifadə etdiyinə, Milli Şurada təmsil olunduğuna görə Gültəkin Hacıbəyli hansı təqiblərə, təzyiqlərə, təhdidlərə məruz qalmayıb? Övladının əlindən alınması ilə təhdid edilib, hökumət saytlarında yayılan əxlaqsız məlumatlarla şantaı edilib, evinin, maşının üzərinə həbs qoyulub, keçmiş qaynanasının hökumətin əli ilə yazılmış iddia ərizəsi ilə 85 min manat məbləğində cərimə edilib. Bütün bunlara dözməyə ürək lazımdır, iradə lazımdır, dözüm lazımdır.
Və Azərbaycanda açıq şəkildə həyata keçirilən bütün bu natəmiz, çirkin, cinayət xarakterli əməllərin qiyməti Putinin Navalnıya qarşı istifadə etdiyi gizli kimyəvi silahın qiymətindən çox baha, dağıdıcılıq imkanından çox genişdir. Həm maddi, həm milli, həm mənəvi, həm də siyasi mənada.