
Putinin mətbuat konfransı və Hadrut ərazisində olan son insidentdən sonra ictimaiyyətdə müzakirə yenidən alovlandı. Bəs deməzsən, erməni qoşunları hələ ordadır, çıxması yubanır, Rusiya çıxarmır, etiraz etməliyik və s… Həm də bunu kimlər yazır? Bizim ictimaiyyətin baş bilənləri, ekspertləri, siyasətşünasları, ay canım sizə desin, möhtərəm siyasətçiləri və s..
Bəylər, xanımlar, siz yuxudan hələ indi ayılırsız? Hansı sənəddə yazılmışdı ki, ermənilər qoşunları Dağlıq Qarabağdan çıxaracaq ? Siz heç İlham Əliyevdən eşitdiz ki, qoşunlar çıxacaq? O, bilirsiz yalnız nə deyir: “….Ermənistan ordusu yoxdur, dağıtmışıq artıq. …Hadruddakı olayı da Ermənistan etməyib, oradakı qondarma könüllülər edib”. İ. Əliyevə görə olmayan şeyin nəyini çıxarsınlar, kim tələb edir onu bizim tərəfdən?
Yəni bəziləri çıxmalıdır deyərkən 10 noyabr Bəyanatının 4-cü bəndinə istinad edirlər. O bənddə də söhbətin hansı ərazidən getdiyi və nə zaman olduğu görünmür. Elə formada yazılıb ki, çox rahatca ermənilər də deyə bilir ki, bu boşaldılan 3 rayona aiddir. Putin deyəndə gərək başa düşülə ki, bu baş verməyəcək?!
Əsas yanlış odur ki, sənədə tam baxmaq lazımdı, ayrı-ayrı hissələrlə yox. Ermənistanla Azərbaycan ərazisində 9 noyabr tarixinə olan vəziyyətində təmas xəttimiz varsa demək ki, Ermənistanın orada qoşunu var! Rusiya da aramızda dayanır ki, atəşkəs olsun.
Yeri gəlmişkən xəbəriniz varmı ki, DG ərazisilə təmasda çox yerdə Rusiya qoşunları deyil, “Artsax” adlandırılan qurumun bayrağı dalğalanan erməni postları bizim əsgərlərlə üz-üzədir. Demək olar ki, gündəlik də qısa çaplı silahlardan atışmalar olur. Rusiya gəlib heç o ərazilərdə də dayanmır, şərait ona harada rahatdı orada yerləşib. İndi onlar ordan niyə çıxmalıdırlar ki və ya İlham Əliyev razı olduğu halda Rusiya niyə çıxarmalıdır ki onları?! 1 dekabrda xalqa müraciətində, İlham Əliyev bəyanatın bəndlərinin icra olunmasından danışdıqda da 4-cü bəndin icra olunduğunu ifadə etdi. Dünənki MDB toplantısında da təkrarladı və sülhməramlıların fəaliyyətini təriflədi.
Deyəndə ki, hər şeyi mən bilirəm necə etmək lazımdı,sizlər də alqış tuturdunuz. İndi də bildiyi kimi edir də, sizi nədir incidən?