
Milli Şuranın sədri professor Cəmil Həsənli
Çox şey görmüşdük, amma evində oturan adamlara mitinqdə iştiraka gərə iş verilməsi tamamilə yeni bir “hüquqi” hoqqabazlıqdır. Söhbət Qarabağa dəstək mitinqində “iştiraka” görə Cəbhəçilərə verilən cəzadan gedir. Bu gün onlara hökm oxunub və ötən ilin 14 iyul mitinqində iştirak etməyən Məmməd İbrahimə 3.5 ili sınaq müddəti olmaqla 4 il 1 ay 17 gün, Fuad Gahramanliya 3,5 il sınaq müddəti olmaqla 4 il 1 ay 13 gün şərti, Baxtiyar İmanov və Ayaz Məhərrəmliyə isə 3 il sınaq müddəti olmaqla 3 il 7 ay 13 gün şərti cəza təyin olundu. Görün “istintaq” nə qədər dəqiqliklə “aparıb”, hakim necə zərgər “incəliyi” ilə işə “baxıbsa, hətta Cəbhənin rəhbərliyinə daxil olan şəxslərə il və aylardan əlavə olaraq 17 gün, 13 gün kimi quyruqlar da qoyublar. Saxta ittihamlarla 4-5 dəfə uzun müddətli həbs həyatı yaşamış adamlara indi sınaq müddətinə cəza verirlər. Qalan 8 nəfərə isə 2,5 il sınaq müddəti olmaqla 2,7 il şərti cəza təyin olundu.
İlk gündən demişəm 14 iyul Qarabağa “dəstək” mitinqi İlham Əliyevin Xalq Cəbhəsi, Milli Şuraya qurduğu bir tələ idi. Pandemiyanın ən kəskin dövründə belə “vətənpərvərlik” nümunəsi ancaq müxalifətə divan tutmağa xidmət edirdi. Polisin birdən birə “humanistləşib” yürüşçülərin təhlükəsizliklərini “təmin etməsi” və göstərişin də bilavasitə Əliyevin özündən gəlməsi heç kəsə sirr deyildi. Bu aksiya vaxtı ilə faşistlərin özlərinin Reyxstaqı yandırması kimi bir şey idi və Bakıda da Milli Məclis tutulmalı idi. Amma cəbhəçilər bu tələyə düşmədilər. Milli Məclis ssenari üzrə tutuldu, amma onu tutan cəbhəçilər deyildi, DTX və DİN-in şəbəkəsi idi.
Bu “vətənpərvər” əməliyyatın məqsədi AXCP və Milli Şuranı qanundankənar elan etmək idi. Bu İlham Əliyevin çoxdankı arzususdur. Həmin axşam “dövlət çevrilişi” ittihamının bilavasitə onun dilindən səsləndirilməsi də buna xidmət edirdi. Bu baş tutmayanda B planı işə düşdü. Xalq Cəbhəsin iflic etmək. Həmin axşam evində oturan adamların “özgəsinin əmlakına ziyan vurması”, Polisə müqavimət “göstərməsi”, iğtişaşa “cəhd” etməsi, virusa yoluxmayan adamın virus yayması, nə bilim yuxu görməsi ki, cəfəng ittihamlar cəbhənin rəhbərliyinə daxil olan şəxslərin nəzarətdə saxlanmasına, fəaliyyət imkanlarının məhdudlaşdırılmasına, sərbəst hərəkətinin limitləşdirilməsinə xidmət edir. Maraqlıdır ki, ən çox iş məhz həmin axşam mitinqdə iştirak etməyən 4 nəfərə verilib. Məhz ona görə onlar dördü də Xalq Cəbhəsinin rəhbərliyində təmsil olunurlar.
Bu cəfəng hökm ölkənin hüquq və məhkəmə sisteminin artıq heç dekorasiya da olmadığını, bütövlükdə hüququn ələ salındığını, “məhkəmə” sözünün, “hakim” ifadəsinin təhqir olunduğunu ortaya qoydu. Bu mənzərəni yaradan İlham Əliyevdir. Sovet vaxtı belə bir lətifə var idi. Bir nəfər 15 il iş alıb həbsxanaya gələndə köhnə məhbuslar ondan soruşur ki, sən nə etmisən ki, sənə 15 il cəza veriblər. Yeni məhbus deyir heç nə! Köhnə və təcrübəli məhbuslar deyir ki, yalan danışma, heç nəyə görə adama 10 il iş verirlər, 15 il il yox. Düzdür, indi çağdaş “ədalət” meyarları baxımından heç nəyə görə İlham Əliyev o cəzanı bir az aşağı – 4 il 1 ay 17 və ya 13 gün sınaq və şərti azadlıqdan məhrum etməyə endirib. Amma hər necə olmasa, bu də müstəqillik dövründə hüquqi “tərəqqinin” bir göstəricisidir.