
AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı
Politologiyada cəmiyyətin inkişafında əsas amillərdən biri də elitalar hesab olunur. Elitaya müxtəlif sahələr üzrə seçilmiş, düşüncə və fəaliyyətinə görə aparıcı mövqedə olan şəxslər daxildirlər. Elitanın rolu həm də öz fəaliyyət sahəsi üzrə nümunələr yaratmaq, innovasiyalarla cəmiyyətin inkişafını təşfiq etmək, topluma mütərəqqi dəyərlər aşılamaqdır.
Bu baxımdan cəmiyyətimizin ən ağrılı problemlərindən biri də müxtəlif sahələr üzrə qeyri-peşəkarların, xarakter və mənəvi göstəricilərinə görə uyğun olmayanların, hətta kiminal tiplərin elita statunda olmasıdır.
Ölkənin iqtisadi elitası sərbəst, heç kimdən asılılığı olmayan iş adamları əvəzinə, məmur biznesinin icraçı rəhbərlərindən və ya şəriklərindən formalaşıb.
Siyasi elita isə məhdud sayda prinsipial müxalif siyasətçilər istisna olmaqla, korrupsiyalaşmış kleptokratik hakim zümrəddən və onların verdiyi rolu icra edən saxta mandatlı deputat və populist siyasi oyunçulardan təşkil olunub.
Hüquq elitası isə öz fəaliyyəti ilə hüququ korrupsiya alətinə çevirən, rejimin siyasi rəqiblərinə qarşı qanunlardan repressiya qamçısı kimi istifadə edən, bir çox hallarda kriminallaşmış bir zümrədən ibarətdir.
Ziyalı elitasını isə öz yaradıcılığını, elmi titulunu trampilinə çevirərək hakimiyyətə yaltaqlanan, hər cür məddahlığı özünə rəva görməklə, hakimiyyətdən aldığı pay hesabına komformist həyat sürməyə çalışan mənən cırlaşmış şəxslər təmsil edirlər.
Bu cür sıralamanı hər sahə üzrə davam etdirmək olar. Görünən odur ki, cəmiyyətimizdə ciddi şəkildə elita boşluğu var və mövcud problemlərin həlli üçün az sayda tənqidçi müxalif və vətəndaş cəmiyyəti elitasının fəaliyyəti sosial səfərbərliyə yetərli deyil.
Bu üzdən də mənəvi ölçüləri çox kiçilmiş cəmiyyətimizin generasiya imkanları məhdudlaşıb və ən vacib problemlərə adekvat reaksiya verə bilmir.