
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli
Qarabağ məhbuslarının məhkəməsi davam edir. Dövlət ittihamçısı onlara 3 il 6 aydan 4 il 6 ayadək azadlıqdan şərti məhrumetmə cəzası istəyib.
Niyə? Nədir bu insanların suçu?! Vətəni sevməkmi?! Qarabağın azadlığını istəməkmi?!
Bu suçdursa nədən ötən ilin payız aylarında Azərbaycan 44 gün ərzində Qarabağda Vətən savaşı verdi, 3 min şəhid Qarabağ uğrunda canını fəda etdi, minlərlə igidimiz sağlamlığını itirib qazi oldu?!
Xalqı (yalnız xalqı, hakimiyyət özü bu savaşda iştirak etmədi, qaçıb gizləndi) Qarabağın azadlığı ideyası ətrafında səfərbər edib düşmən üzərinə göndərən siyasi hakimiyyətinin yalnız Qarabağın azadlığını arzuladığına görə günahsız insanları şərləyib həbsə atmasının məntiqi bir izahı ola bilərmi?!
Fuad Qəhrəmanlı, Ayaz Məhərrəmli, Bəxtiyar Imanov, Məmməd İbrahim, ümumiyyətlə Qarabağa dəstək aksiyasında iştirak etmədikləri, həmin vaxt evlərində olduqları halda onları hansı əsasla cəzalandırırlar?! Bu ən yeni Azərbaycan standartıdırmı?!
Qarabağa dəstək mitinqində on minlərlə yurddaşımız iştirak etmişdi. Hakimiyyətyönlü, DTX-dan idarə olunan internet resursları həmin aksiyadan canlı yayım etmişdi, o yayımları eyni vaxtda 50 mindən çox insan izləmişdi, həmin canlı yayımlarda cib müxalifətinin təmsilçiləri Azərbaycan vətəndaşlarına açıq çağırışlar edərək onları aksiyada iştiraka dəvət etmişdi. Axı bunlar hamısı gözümüzün önündə baş verib!
Necə olur ki, həmin aksiyada iştirak edib efirdən çağırış edən “avtobusçulara” gözün üstə qaşın var deyən olmur, ( təbii ki, olmamalıdır da! Etiraz aksiyalarında iştirak hər bir vətəndaşın konstitusion hüququdur), ancaq həmin gün evindən kənara bir addım atmayan, hətta dostlarına “aksiyaya getməyin” çağırışı edən cəbhə fəalları uzunmüddətli şərti cəzaya məhkum olur?!
4 gün öncə Artur Kartanyan adlı erməni hərbçisi Laçın rayonu ərazisində tutulmuşdu. Öncə, Azərbaycan tərəfi onun özünü şübhəli apardığı və diversiya fəaliyyəti ilə məşğul olması haqqında şübhələr yarandığı barədə açıqlama yaymışdı.
Qarabağdakı Rusiya Ordusunun komandanı Rüstəm Muradovun tələbilə dərhal Kartanyanı təhvil verdilər. Bəlli oldu ki, cəmi bir neçə saat öncə “özünü şübhəli aparan” Kartanyan sən demə Azərbaycan tərəfinə səhvən, yolu azıb keçibmiş!
Bir neçə ay öncə əlində silah Azərbaycan əsgərinə güllə atan, soydaşlarımızı öldürən erməni hərbçisinə(!!!) münasibətdə humanizm kəllə-çarxa vurur, maşAllah!
İndi təsəvvür edin ki, Azərbaycan hakimiyyəti bir neçə ay öncə əlində silah Azərbaycan əsgərlərini qətlə yetirən, Azərbaycan sərhəddini qanunsuz keçən erməni hərbçisi, cinayətkar Artur Kartanyanı əfv edib Ermənistana təhvil verir, ancaq Vətən Savaşında igidlik göstərmiş, sağlamlığını itirmiş Qarabağ qazisi Asif Yusifliyə heç bir günahı olmadığı halda, yalnız Qarabağa dəstək aksiyasında iştirak etdiyinə görə 4 il 6 ay şərti cəza tələb edir! Bunu edən Azərbaycan hakimiyyəti ola bilməz! Bunu edən Ermənistan hakimiyyəti ola bilər, ancaq əsla və əsla Azərbaycan hakimiyyəti ola bilməz!
Bədnam, antimilli 10 noyabr Bəyanatından sonra təxribat məqsədilə torpaqlarımıza soxulmuş 62 nəfərlik diversiya qrupunun üzvlərinin bir neçəsi də Azərbaycan hakimiyyətinin müstəsna humanizmi))) nəticəsində təhvil verilib. Beynəlxalq təzyiqlərə görə digərlərini də qaytarmaq istəyirlər və bu məqsədlə bir qrup hüquq müdafiəçisinə “mısl veriblər” ki, prezidentə onların azadlığa buraxılması ilə bağlı müraciət etsinlər.
Ancaq mən nədənsə heç yerdə erməni diversantlarının, terrorçularının azadlığa buraxılması ilə bağlı prezidentə müraciət edən hüquq müdafiəçilərinin aralarında Qarabağ qaziləri də olan Qarabağ aksiyası iştirakçılarının azadlığa buraxılması ilə bağlı müraciətinə rast gəlmədim. Halbuki, onlar ermənilərdən fərqli olaraq diversant, təxribatçı, terrorçu deyillər, nəinki cinayət, heç inzibati xəta da törətməyiblər, günahsızdırlar. Tək suçları bu Vətəni uğrunda azadlıqlarını, hətta canlarını fəda edəcək qədər sevmələridir!
İndi mən susum, siz danışın, dəyərli oxucularım.
Azərbaycanı sevən, düşünən, Azərbaycanın maraqlarından çıxış edən bir hakimiyyət erməni terrorçularına, diversantlarına, cinayətkarlarına belə xoşgörülü, böyükürəkli davranıb Azərbaycan fədailərinə, Qarabağ qazilərinə, məsum azərbaycanlılara bunca zülm edərmi?!