
İctimai fəal Bəxtiyar Hacıyev
Azərbaycan Respublikasının birinci xanımı, Birinci vitse-prezidenti, hakim YAP sədrinin birinci müavini, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, H.Əliyev Fondunun prezidenti, hörmətli Mehriban xanım Əliyeva,
Rəhbərliyində təmsil olunduğunuz partiya və hakimiyyətdəki kişi cinsindən olan komanda üzvlərinizə müraciət etdim, yumşaq desək, anlamadılar, onlara çatmadı. Çox böyük gözləntilərim olmasa da, tarixə düşməsi və öz tərəfimdən atılması lazım olan addım olduğu üçün sizə də yazım.
Yaxın keçmişdə ölkə daxilində də, ölkə xaricindəki KİVlərdə də şəxsən sizin özünüz, oğul və qız övladlarınızla, şəxsi həyat mövzusunda müxtəlif yalan, şər, böhtan əsaslı məlumatlar yayılıb. Bunun necə ləyaqətsiz davranış olduğunu ən azından siz şəxsən bilməmiş olmazsınız, həmin böhtanlar əsasında hazırlanmış məlumatlar tirajlandıqda keçirdiyiniz hissləri unutmuş olmazsınız.
Şüşəli binaların yüksək mərtəbələrində Xəzər dənizinə baxan kreslolarında oturub, bu məlumatların tirajlanması üçün müxtəlif qruplara müraciət edib, müxtəlif yollara əl atan, indi də həmin kreslolarında oturan rəsmilər buna can atanda bizlər bu mövzulara toxunmamışıq, belə məlumatları nə birbaşa, nə dolayı yolla tirajlamamışıq, bunun ləyaqətsiz mübarizə yolu olduğunu demişik.
Ancaq rəhbərliyində təmsil olunduğunuz komanda son aylarda ictimai-siyasi fəallara, tənqidi səslərə qarşı eyni çirkin, ləyaqətsiz üsullardan istifadə edərək onları qaralayırlar, ard-arda saxta məlumatlar, yazışmalar düzəldirlər, yayırlar. Bunu edərkən bu prosesə heç bir aidiyyatı olmayan qadınları da qurban verməkdən çəkinmirlər. Hüquq-mühafizə orqanları isə bunları araşdırmaq əvəzinə müraciət edənləri bezdirmək yolunu seçib, həmin şəxsləri himayə edirlər.
Mehriban xanım, nə isə edəcəyinizə inamım olmasa da, bu proseslərdən keçmiş, bu hissləri yaxın keçmişdə yaşamış biri kimi sizə yazmağı, öz üzərimə düşəni etməyi borc bildim. Hər bir halda bu ləyaqətsiz mübarizə üsullarını dayandırmaq imkanınızın olduğunu bilirəm, nə isə etsəniz də, etməsəniz də, mənim müraciətim də, sizin cavab addımınız da tarixə düşəcək.