
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli
Azərbaycan hüquq mühafizə orqanlarının, məhkəmələrin, ədliyyə sisteminin qudurğanlığı, dərəbəyliyi, qanunsuzluqları onsuz da həmişə olub, yenilik deyil, ancaq indi özlərini ən axırıncı yola qoyublar. Vağzal dilənçiləri bunların yanında çox abırlı-həyalı insanlar imiş.
Üzümə insan alverçilərini qoydular, həyasızcasına, bircə sübut, sənəd təqdim etmədən boynuma 85 min manat pul yüklədilər. Evimi, maşınımı hərraca çıxardılar. Tamam dedim. “Balamın dərdi-bəlası balalarınızın canına dolsun, it aparan olsun” deyib ödədim.
İndi tərbiyəsizliyə baxın ki, “borcu” tam ödədiyimə baxmayaraq yenə əmlakımı geri qaytarmırlar. Nə maşınımı ala bilirəm, nə evimi.
Nəsimi Rayon Məhkəməsinin üzdəniraq hakimi Ceyhun Tağıyev hüquq, Konstitusiya, qanun adına nə varsa hamısına tüpürərək iki aydır mənim əmlakımın üzərindən həbsi götürmür.
Normalda bir məhkəmə iclasında 10 dəqiqəyə baxılan formal bir prosedura görə 6 məhkəmə iclası keçirilib.
Hakim hakimlik yox, artistliklə məşğuldur. Gah deyir biz bu məsələni ciddi araşdırmalıyıq. Burada ciddi araşdırılası nə var?! İddianın həcmindən 10 dəfə artıq olan əmlak üzərinə həbs qoyarkən niyə ciddi araşdırmaya ehtiyac duymadınız?! Onda qərarlar köhnə tarixlə, ildırım sürətilə verilirdi, indi iki aydır məhkəməni nə adla süründürürsünüz?!
Düz iki aydır müxtəlif əsassız bəhanələrlə məhkəməni uzadırlar. Son iki iclas icra məmurunun iştirak edə bilməməsi səbəbindən təxirə salınıb. Ötən iclasda icra məmuru Cəlaləddin Əliyev icra işinə gedibmiş. İki həftədən sonra keçirilən bugünkü iclasda isə vaksin olunmalıymış.
İclasdan dərhal sonra icra şöbəsinə getdim, rəisin köməkçisi Nəzrin Həsənli, icra məmuru Pərviz Babayev təsdiq etdilər ki, Cəlaləddin Əliyev az öncə işinin başında, idarədə, kabinetində olub. Yəni, icra məmuru məhz mənim məhkəmən davam edən 10 dəqiqə müddətində vaksin olunmalı imiş. Təsadüfün beləsi, yəni.
Hakim Ceyhun Tağıyevə dəfələrlə başa salmağa çalışmışam ki, mən borcu 3 may 2021-ci il tarixində tam ödəmişəm, icra şöbəsinin borcun tam ödənilməsi haqqında arayışını məhkəməyə təqdim etmişəm. İcra məmuru 3 məhkəmə iclasında şəxsən iştirak edərək borcun tam ödəndiyini təsdiq edib. Hazırda onun iştirakının heç bir önəmi yoxdur. Gəlib nə deyəcək ki?!
Ancaq Prezident Administrasiyasından gələn tapşırıq qanundan üstün olduğu üçün hakim yenə də işi uzadır.
Bu iqtidar-müxalifət, vətəndaş-dövlət münasibətlərində yeni mərhələnin başlanğıcıdır. Açıq qarət və mülki terror mərhələsidir. Bu gedişlə, öncə müxaliflərin, ardınca istənilən vətəndaşın evinə girib “rədd ol buradan, bu ev mənimdir” deyəcəkləri günə də çox qalmayıb.
Nə deyirəm ki, bizim zorakılıqla, qanunlara tüpürərək əlimizdən ala biləcəkləriniz bir ev, bir maşındır. (Onsuz da iki il yarım günün altında, dayanacaqda saxladığınız maşın çoxdan zibil olub). Amma bu tərbiyəsizliyə görə nə qədər sinirlənsəm də sizin əlinizdən alınacaqları, sizin itirəcəklərinizi və ən əsası, sizin bu millətə yaşatdığınız zülmlərə, fiziki, mənəvi, maddi işgəncələrə görə yaşayacaqlarınızı fikirləşəndə, adamın gözünə işıq gəlir, qəlbinə su səpilir.
P.S. Fikrət Məmmədovun, ya Ramiz Rzayevin maddi vəziyyəti çox ağırdırsa, mənim evimə və ya maşınıma ehtiyacları varsa, müraciət etsinlər, kömək edərəm.