
Böyük Britaniyada qanunsuz miqrantların otellərdə yerləşdirilməsi praktikasına qarşı etirazlar daha da genişlənib.
Gununsesi.info xəbər verir ki, bu barədə “The Daily Telegraph” məlumat yayıb.
Məlumata görə, iyulun 26-da İngiltərənin şərqindəki Norviç şəhərində etiraz aksiyaları keçirilib. Əllərində Britaniya bayraqları olan yüzlərlə insan qanunsuz miqrantların qaldığı otellərdən birinin qarşısına toplaşaraq, onun bağlanmasını tələb ediblər.
İyulun 27-də ölkənin cənubunda Bornmut (Dorset) və Sauthempton, Satton-in-Eşfild (Nottinqemşir), Vulverhempton (Qərbi Midlends), Oltrinqem (Böyük Mançester) və Epping (Esseks) şəhərlərində yeni etiraz aksiyalarının keçirilməsi planlaşdırılır.
İyulun ortalarında Eppinqdə baş verən insidentdən sonra etirazlar daha da güclənir. Şəhərdə yaşayan 38 yaşlı efiopiyalı qaçqın 14 yaşlı qıza cinsi təcavüzdə təqsirləndirilib. Bundan sonra onlarla insan miqrantların qaldığı otelin qarşısına toplaşaraq, onun bağlanmasını tələb ediblər. Etiraz aksiyaları bir neçə gün davam edib, 18 nəfər saxlanılıb, onlardan 7-ə ittiham irəli sürülüb.