
Müasir təhsil sistemlərinin dayanıqlı inkişafı üçün elmi əsaslı qərarvermə mühüm şərtlərdən biridir.
Bu məqsədlə bir çox ölkələrdə müstəqil beyin mərkəzləri fəaliyyət göstərir və təhsil siyasətinin formalaşmasında iştirak edir.
Azərbaycanda isə təhsildə bu cür institutların rolu və mövcudluğu geniş müzakirə mövzusudur.
Mövzu ilə bağlı Gununsesi.info-ya danışan dosent İlham Əhmədov bildirib ki, ölkənin müxtəlif sahələrdə beyin mərkəzləri fəaliyyət göstərsə də, təəssüf ki, indiyə qədər təhsil sistemimizdə bu zəruri institut formalaşmayıb:
“Daha pisi odur ki, bu boşluğa dövlət qurumlarında məsul şəxslər ehtiyac da duymayıblar. Nəticədə 25 illik “təhsil islahatları” adı altında təməli düzgün qoyulmamış, sistemi tərsinə qurulmuş bir təhsil strukturu yaranıb.
Bəs belə bir beyin mərkəzi ARTİ və ya Təhsil Nazirliyi ola bilərmi? Əfsus ki, buna ciddi şübhələr var. Çünki ARTİ-nin elmi potensialı son 10 ildə tədricən zəiflədildi, ETN isə nazirin özünün də etiraf etdiyi kimi, “elmi qurum deyil”.
Maraqlıdır, bəs ölkə təhsili bu gün hansı elmi tövsiyələr, hansı tədqiqatlar əsasında idarə olunur və inkişaf etdirilir?
Əslində, bu sualların cavabı birbaşa təhsildə beyin mərkəzlərinin yoxluğu ilə bağlıdır. Bəs “beyin mərkəzi” nədir və onun təhsildə rolu nədən ibarətdir?
Təhsil sistemi müasir dövrün tələblərinə uyğun olaraq fasiləsiz şəkildə yenilənməlidir. Bu prosesi yalnız praktik təcrübə ilə idarə etmək mümkün deyil. Bunun üçün strateji baxış, dərin təhlil və elmi əsaslı qərarlar vacibdir. Məhz bu səbəbdən təhsildə peşəkar beyin mərkəzlərinin fəaliyyətinə böyük ehtiyac var.
Belə beyin mərkəzləri:
- Elmi təhlillər və tədqiqatlar apararaq təhsil siyasətinə istiqamət verə bilər;
- Dövlət və ictimaiyyət üçün məlumat əsaslı qərarların qəbulunu dəstəkləyə bilər;
- Təhsil sahəsinə dair analitik hesabatlar, elmi araşdırmalar, ictimai əhəmiyyətli təkliflər hazırlaya bilər;
- Müasir elmi baza üzərində qərarvermə potensialına malik ola bilər.
Təhsil yönümlü beyin mərkəzləri aşağıdakı əsas funksiyaları yerinə yetirməlidir:
- Təhsilə dair sistemli araşdırmalar aparmaq;
- Təhsil siyasətinə dair sənədlər və konsepsiyalar hazırlamaq;
- Qlobal təhsil trendlərini izləyərək onların lokal tətbiq imkanlarını təhlil etmək;
- Təhsil icması, cəmiyyət, biznes və dövlət qurumları arasında effektiv kommunikasiya qurmaq;
- İctimai diskussiyaları və qərarvermə proseslərini elmi əsaslarla dəstəkləmək.
Bu gün təhsilimizdə bu funksiyaların demək olar ki, heç biri icra olunmur. Təəssüf ki, təhsil idarəçiliyində təmsil olunan məmurlar bu məsələlərə nə düşünür, nə də potensialları bu suallara cavab verməyə yetərlidir.
“Biz proseslərə yox, nəticələrə investisiya edirik” yanaşması ilə təhsilin gələcəyini planlaşdırmaq, müasir çağırışlara cavab vermək mümkün deyil”.
İlham Əhmədovun fikrincə təhsildə beyin mərkəzləri həm milli səviyyədə, həm də universitetlər səviyyəsində yaradılmalıdır:
“Bu cür institutlar universitetlərdə innovativ fikir kasadlığının qarşısını ala, ali təhsil müəssisələrini 50 il əvvəlki adların bərpası ilə deyil, müasir trendlərlə maraqlanmağa sövq edə bilər.
20 il ərzində distant təhsil sistemi qura bilməyən universitetlərin qlobal təhsil məkanında heç bir ciddi brend yaratması mümkün deyil. Çünki süni intellekt dövründə distant təhsil sistemi olmayan ali məktəb, beynəlxalq nüfuz da qazana bilməz.
İkili diplom proqramı” adı altında xarici universitetlərin 3-4 faiz tədris-metodik bazasını primitiv formada tətbiq etməklə, yalnız kommersiya məqsədi daşıyan QS reytinq şirkəti ilə əlaqələr qurmaqla da brend qurmaq mümkün deyil.
Universitetin brendə çevrilməsi üçün o, əvvəlcə özünü dərk etməli, dünya təhsil məkanındakı mövqeyini düzgün müəyyənləşdirməli, müasir inkişaf proqramları hazırlamalı və güclü maliyyə mənbələri formalaşdırmalıdır.
Təəssüf ki, bizim universitetlər bu istiqamətdə həm müasir proqramlar yaratmaqda çətinlik çəkir, həm də məhdud maliyyə imkanları ilə özləri donor kimi çıxış etməyə məcbur qalırlar.
Bu illər ərzində yığılan problemlərin həlli yalnız bir yolla mümkündür: ölkə təhsili və universitetlər güclü elmi potensiala, intellektual suverenliyə və müasir, müstəqil “beyin mərkəzləri”nə sahib olmalıdır”.
Şəbnəm Rəhimova