İlham Əliyev də halallıq alırmı?

Bu sertifikatı kimlər, neçəyə və hansı bazarlarda satırlar?

Qənimət Zahid

Milli Təhlükəsizlik Nazirliyi işi ilə bağlı məhkəmə materiallarının davamlı təqibçisi deyiləm, ayda bir-iki dəfə maraqlanıram ki, görüm daha hansı hoqqalar üzə çıxır. «Niyə»sini boş verin. Heç vaxt hesab etməmişəm ki, Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi ciddi işlərlə, milli təhlükəsizlik məsələləri ilə məşğul olur. Özəlliklə də Eldar Mahmudov bu nazirliyin başına gətiriləndən sonra orada zibilin xirtdəyə çıxacağını proqnozlaşdran, bu barədə böyük bir  (və bir neçə) yazı da yazıb ölkə ictimaiyyətinin diqqətinə təqdim etmişdim. Səhv etmirəmsə, həmin yazılardan birincisi 2005- ci ildə «General Eldar Mahmudova tövsiyyələr» adı ilə «Azadlıq» qəzetində dərc edilmişdi. Bir səhifəlik yazı idi və sonra da «Azərbaycan» qəzetinin bərk gedən əməkdaşlarından biri böyük bir yazı ilə mənə cavab vermişdi. Yazmışdı ki, mən hansı ağız- bəhəm eləyib o boyda generala məsləhət verirəm, avaranın biriyəm və sairə və ilaxır… Amma «Azərbaycan» qəzetində mənə ittihamlar şəklində, bir az da hədə-qorxu şəklində yazılan həmin cavabdan sonra da elə hesab etməkdə israrlıydım ki, nə Eldar Mahmudovdan nazir olar, nə də onun Milli Təhlükəsizlik Nazirliyindən nazirlik olar. Bunlar polisdə özünə yer tapa bilməyən dələduzlaşmış bir qrup idi, Milli Təhlükəsizlik anlayışı ilə yaxından- uzaqdan əlaqəsi olmayan,  təfəkkür qısırlığından əziyyət çəkən adamlardı.

Bu günlərdə davam edən məhkəmə prosesində üzə çıxarılan faktlar və həmin faktların üstündə sabiq generalların yorumları o qənaətləri yadıma salır və istərdim ki, rəsmi dövlət qəzeti olan «Azərbaycan»dakı həmkarlarım həmin məhkəmə iclaslarından bəzilərinə baş çəkib öz təəssüratlarını zənginləşdirsinlər.

«Cəbhəçilər məni işdən çıxartdılar…»

Niyə elə hesab edirdim ki, Eldar Mahmudovun təyinatı ilə Azərbaycanda xüsusi xidmət sahəsinin atası yandırıldı? Birincisi ona görə belə hesab edirdim ki, Eldar Mahmudovu İlham Əliyev təyin edib. İlham Əliyevin vəzifəyə təyin etdiyi bütün kadrların bir böyrü yanıqdır, təfəkkür qıtlığı var, peşəkar deyillər, – bəlkə sadiqdirlər, mütidirlər, amma peşəkar deyillər. Həm də, onlara tapşırılan sahədə yox, ümumiyyətlə, ağlın, dərrakənin, strateji düşüncənin və fəhmin tələb olunduğu heç bir sahədə peşəkar deyillər.

İkincisi, görünən dağa bələdçi gərək deyil və Eldar Mahmudov kimi bir polis atığının Milli Təhlükəsizlik kimi mühüm sahəyə başçı qoyulması, həmin sahənin şumlanması, amma əkilməməsi istəyindən xəbər verə bilərdi. Ya da, ümumiyyətlə, əkilməmək üçün şumlanmasının nişanı olmalı idi. Üçüncüsü, dördüncüsü, beşincisi,.. önəmli deyil və nəticələr göz qabağındadır  və lap bu gün nəzərimi Eldar Mahmudovun zamanının ən müqtədir kadrı olan Hilal Əsədovun məhkəmə çıxışı cəlb etdi. Məzkurun özündən iqtibas edəcəm: «….90-cı illərdə SSRİ Daxili İşlər Nazirliyinin tərkibində Bakıda regional idarə yaranmışdı. O idarədə mühüm işlər üzrə baş əməliyyat müvəkkili təyin olundum. Bundan sonra sovet hakimiyyəti dağıldı və cəbhəçilər hakimiyyətə gəldi. Bir müddət işsiz qaldım…». Bu ifadədən sonra o adamlar ağız- bəhəm etməlidirlər ki, «cəbhəçilər diletant idilər, işbacar deyildilər» kimi əsassız mülahizələrdə israr etmiş olsunlar. Xatırladıram ki, cəbhəçilər hakimiyyətə gələndə İlham Əliyevin «millətinin təhlükəsizliyi»nin başqa bir azman dayağı olan Akif Çovdarovu da həbsxanadakı nadzor işindən götürüb bayıra atmışdılar ki, səndən kadr olmaz. Amma sonra, yəni, cəbhəçilərin hakimiyyəti devriləndən sonra bu kadrların qabağa çəkilməsi üçün münbit şərait yarandı. Nə isə, siyasi məsələləri önə çəkib başınızı ağrıtmaq istəmirəm. Əsas olan bu deyil.

Əsas olan budur ki, Hiulal Əsədov, general, davam edir: «Milli təhlükəsizlik məsələlərinə aid böyük bir əməliyyat-təhqiqat işi var idi. Mətbuata da sızmalar var idi və o ərəfədə nazirliyə böyük ərizə axını başladı…

O cümlədən, bazarla bağlı bir ərizə gəldi…». (Paho!)…

Bazarlıq general

General Hilal Əsədov bu ifadələri dürüst və səlis şəkildə ifadə edir, çünki ifadə verməzdən əvvəl hakim ona and içdirib. (Məhkəmə rituallarına görə ifadə verən şəxs əlini müqəddəsatın üstünə basıb and içməlidir ki, məsələ ilə bağlı yalnız doğruları danışacaq. Başqa məsələdir ki, hakim üçün də gərək söyüş qoyulsun ki, sərəncamında olan işlərə adam kimi baxacaq). General!, Hilal Əsədov da and içdikdən sonra deyir ki, «Milli Təhlükəsizlik məsələləri ilə bağlı böyük ərizə axını başlamışdı və bunlardan da biri bazarla bağlı idi». «Bunların milli təhlükəsizlik anlayışı bazar anlayışları üzərində qurulur» qənaəti mənə məxsus olsaydı, opponentlər əyani şəkildə olmasa da, qiyabi şəkildə gözümü çıxarardılar. Amma bu qənaəti İlham Əliyevin milli təhlükəsizlik təsəvvürlərinin yaratdığı general bölüşür… «Milli təhlükəsizlik məsələlərinə aid böyük bir əməliyyat-təhqiqat işi var idi. Mətbuata da sızmalar var idi və o ərəfədə nazirliyə böyük ərizə axını başladı… O cümlədən, bazarla bağlı bir ərizə gəldi…».

Məsələnin sonrasına diqqət  edin, çünki bu, çox maraqlı və olduqca dramatik, kövrək, ağlamalı mühakimədir ! Azərbaycanın Milli təhlükəsizliyinin 10 illik dirəkləri, ki, həmin dirəklər çürüyəndən sonra daha Milli Təhlükəsizlik söhbəti ortadan tamamilə qalxıb:

«Prokuror: Belə başa düşdük ki, Çingiz Əsədov ərizəsində əvvəllər ona məxsus olmuş bazarın zorla əlindən alınmasını göstərib.

H.Əsədov: Mən ərizənin mahiyyətinə çox dərindən girmirdim. Bir də deyirəm ki, o ərizələr çox böyük axınla gəlirdi. Yalan olmasın. Gündə 1-2 qovluq ərizə yığılırdı.

Prokuror: Onda sualı belə verək – Çingiz Əsədov ərizə ilə müraciət edərkən bazarın hüquqi cəhətdən sahibi idi, ya yox?

H.Əsədov: Birincisi, mən o sənədlərə baxmamışam. Ərizəyə isə təhqiqat işinin çərçivəsində baxılıb. Üzr istəyirəm, indi mən durub hər ərizə yazanı yanıma çağırıb onu araşdırsaydım, gedib elə təhqiqatçı işləyərdim də.

Prokuror: Qaynatanız Ənvər Məmmədovun bazara görə nə qədər pul verdiyini bilirsinizmi?

H.Əsədov: Dərinə getmirdim axı. Ənvər özü gedib danışırdı.

Prokuror: Siz ona bu iş üçün maddi kömək etdiniz?

H.Əsədov: Hə, evdən 60-70 min verilmişdi.

Prokuror: Bazarın sonradan həyat yoldaşınızın adına keçməsi bu məbləğlə bağlıdır, yoxsa?

H.Əsədov: O kişi özü bilər, necə deyərlər, böyük qızıdır, keçirib qızının adına. Mən o məsələlərə çox dərindən müdaxilə etmirdim. Ola bilər ki, səbəblərdən biri də bu olsun. Amma mən bildiyim qədər, böyük qızı olduğu üçün onun adına keçirib.

Prokuror: Həmin bazardan yoldaşınızın hesabına hər hansı məbləğ gəlirmi? İstintaqda ifadənizdə dəqiq rəqəm də göstərmisiniz.

H.Əsədov: Ola bilər. Yəqin ki, gəlirdi. Dərindən bu məsələlərə müdaxilə etməyə ehtiyac duymurdum.

Prokuror: Dediniz ki, bazarla bağlı sizə məruzə olunandan sonra siz nazirə məruzə etdiniz.

H.Əsədov: Mənə məruzə olunmadı. Akif Çovdarov yoldaşyana mənə dedi ki, belə bir məsələ var. Məsləhətdirsə, həll edək bunu.

Prokuror: Sizdə məlumat var idimi ki, bu bazar Çingiz Əsədovdan Fərhad Əliyevin adamları tərəfindən zorla alınıb, sonradan MTN əməkdaşları bazara silahlı basqın edərək, orada işləyənləri nazirliyə gətiriblər.

H.Əsədov: Yox, MTN-də, ümumiyyətlə, belə şeylər yox idi ki, silahlı basqın olunsun. Polisdə də işləmişəm… »…

Susuz quyular…

Bu uzun mühakimənin mahiyyətində bu dayanır ki, Azərbaycandakı hansısa bazar ölkənin milli təhlükəsizliyini təhdid edirmiş, Nazir müaıvini, general Əsədov da bnazirlə məsləhətləşəndən sonra belə qərara gəlir ki, bu təhlükəni aradan qaldırmaq üçün həmin bazarı götürüb versin qaynatasının adına, amma böyük adam olduğu üçün məsələnin «xırda» təfərrüatları ilə maraqlanmayıb, «dərinə getməyib». Axı, çox böyük adam olub, belə balaca məsələlərlə adamın özü yox, qaynatası məşğul olmalıdır və sairə

Milli Təhlükəsizliyin daha böyük fəlakəti Ziya Məmmədovun üstündəydi. Ziya Məmmədovu qırağa atdılar və tərtəmiz Milli Təhlükəsizlik mülahizələrinə görə, (pardon, Dövlət Təhlükəsizliyi söhbətlərinə görə, çünki artıq həmin sektor «milli » deyil, dövlətə aiddir) Ziya Məmmədovun nə qədər bazarı, obyekti, mülki və təyyarəsi vardısa alıb verdilər İlham Əliyevin ailə üzvlərinə. İlham Əliyev özü isə «dərinliyə getmir», «xırdalığına varmır», çünki mox böyük adamdır və belə balaca işlərlə məşğul olacaq adamlar var..

Bu cür gerçəkləri 10 il əvvəlindən gördüyümüz üçün deyirdik ki, Eldar Mahmudovdan Milli Təhlükəsizlik naziri olmaz, çünki quyunun dibində su yoxdur və heç zaman olmayıb.

24saat.org

Mənbə – azadliq.info

Jurnalistdən Rauf Arifoğluna şok ittiham

Sonrakı Yazı »

Gürcüstan səfirliyi Əfqan Muxtarlının müraciətinə reaksiya verdi

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: