Hakim “heykəl məhbusunun “nağılı”na imkan vermədi”
Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Vüqar Məmmədovun sədrliyi ilə “vicdan məhbusu” kimi tanınan Qiyas İbrahimovun Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 oktyabr 2016-cı il tarixli hökmündən verdiyi apellyasiya şikayəti üzrə qərar elan olunub. Məhkəmə Qiyas İbrahimovun şikayətini təmin etməyib.
Məhkəmə qalmaqalla yadda qalıb. Çıxış üçün söz verilən Q.İbrahimov bildirib ki, o bir ildir nağıllar eşidir və son söz əvəzinə də kiçik nağıl danışmaq istəyir. Lakin hakim ondan mahiyyəti üzrə danışmağı tələb edib və mikrafonu söndürüb. Buna etiraz edən Q.İbrahimov mikrafonu yerindən çıxarıb. Bu hadisə zaldakıların da etirazına səbəb olub. Q.İbrahimovun valideynləri hakimlərə etiraz edib.
Q.İbrahimovun vəkili Elçin Sadıqov məhkəmə hökmünü qanunsuz hesab edib və bildirib ki, hökm Avropa İnsan Haqları Konvensiyasının 3, 5, 8, 10, 13, 18-ci maddələrinin tələblərinə ziddir və ona görə də işə bəraətverici əsaslarla xitam verilməsini xahiş edir.
Qərardan sonra Q.İbrahimov uca səslə hakimlərə “siz mantiya geyinmiş marionetkalarsınız” dedi.
azadlıq.info
Oxunub: 1104