Vəkil: “Ona qarşı bütün qərəzlərin kökündə onun AXCP sədri Əli Kərimlinin qayını olması dayanır”
Bu gün Qaradağ məhkəməsinin hakimi Rəşad Mustafayevin sədrliyi ilə 13 saylı Cəzaçəkmə müəssisəsində AXCP sədrinin qayını, Texnikabankın Yasamal filialının müdir müavini işləmiş Elnur Seyidovla bağlı məhkəmə prosesi keçirilib. Budəfəki şikayət Elnur Seyidovun cəzanın qalan hissəsinin məntəqə tipli cəzaçəkmə müəssəsində keçirilməsilə bağlı olub. Çəzaçəkmə müəssisəsnin mənfi rəyi əsas götürülərək, şikayət təmin olunmayıb. Bu barədə azadlıq.info-ya vəkil Fəxrəddin Mehdiyev məlumat verib.
Vəkilin sözlərinə görə, Elnur Seyidova verilən 7 il 3 aylıq cəzanın 2/3 hissəsi başa çatıb. Qanunla onun məntəqə tipli müəssisəyə köçürülməsi təmin olunmalı idi. Məhkəmə işin digər hallarını nəzərə alaraq, onun çəzaçəkmə növünün dəyişdirilməsi barədə qərar verməli idi. “Elnur Seyidov dağınıq skleroz xəstəliyindən əziyyət çəkir, ikinci qrup əlildir, onun ittiham olunduğu maddələrlə bağlı heç bir maddi ziyan mövcud deyil. Həmin iş üzrə bütün həbs olunanlar artıq şərti cəza ilə azadlıqdadırlar. Lakin hakim bütün bunları nəzərə almayaraq, cəzaçəkmə müəssisəsinin rəyinə istinad edən prokurorun mülahizəsinə uyğun qərar çıxardı. Halbuki, müəssisə rəhbərliyinin verdiyi mənfi rəyin də heç bir əsası yoxdur”, – deyə vəkil bildirib.
Fəxrəddin Mehdiyev Elnur Seyidovun ictimaiyyətə, beynəlxalq və yerli hüquq müdafiə təşkilatlarına müraciət ünvanlandığını da deyib: “Elnur Seyidovun səhhəti həddindən artıq pisdir. Ona qarşı istintaq və məhkəmə dövründən olan qərəzli münasibət cəzaçəkmə müəssisəsində davam edir. Onun müalicə müəssisəsinə köçürülməsi təmin olunmur. Halbuki, qanunla belə xəstələrə həbs cəzasına alternativ cəzalar tətbiq olunmalıdır. Elnur Seyidova qarşı təxribat törədilməsi ehtimalı da var. Keçən ilin avqustunda buna bənzər hal baş vermişdi. Ona qarşı olan bütün qərəzlərin kökündə onun AXCP sədri Əli Kərimlinin qayını olması dayanır”.
Oxunub: 252