Səadət Cahangir
Bu yaxınlarda Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev deyib ki, Azərbaycanda 121 mindən artıq fərdi qadın sahibkar fəaliyyət göstərir. O, “ölkədə aparılan məqsədyönlü islahatlar nəticəsində son illər qadın sahibkarların sayı əhəmiyyətli dərəcədə artdığını” vurğulayıb. Bu rəqəmi görəndə adamın gözü böyüyür və düşünürsən ki, ölkədə bütün fərasətli qadınlar çəngə-çəngə pul qazanır, sən yatmısan fil qulağında. Amma bu məsələ ilə bağlı bizim də az-çox məlumatımız var. Bilirik ki, konfederasiya prezidentinin dediyi yalnız bir xəyal “ürünüdür”. Xatırlayarsınız, bu yaxınlarda “EuCham” beynəlxalq təşkilatı biznes mühitinə görə reytinq qiymətləndirməsi apardığı ölkələrin sırasında Azərbaycanı 46 ölkə arasında 45-ci yerə qoymuşdu. Məlum hesabatdakı sıralama lap yerindədir. Bu gün ölkədə, ümumiyyətlə, azad sahibkarlıq üçün hər hansı imkandan söhbət gedə bilməz. Şahidi olduğum bir faktı xatırladım. 4-5 il bundan əvvəl Bakıda bir türk sahbkar qadının başına gəlib bu iş. Burada hələ müəyyən biznesləri olduğu üçün adını açıqlamıram. Deməli, xarici dərman və kosmetik məhsullar firmasının burdakı nümayəndəliyində məsul şəxslərdən olan qadın məhsullarının satışı üçün aptek açmışdı. Bir gün görüşəndə dedi ki, apteki bağlayacaq. Səbəbini soruşanda isə bildirdi ki, yuxarıdan 15 min manat pul istəyiblər. Təbii, qadın qəbul etmədi bu təklifi və apteki də bağlayıb çıxıb getdi İstanbula.
O zaman həmin xanıma Türkiyədə sahibkarlıq üçün gözəl mühit olduğunu xatırladıb, zarafatla “bura sizlik deyil” demişdim. Bir də Türkiyənin Tunceli şəhərindən 19 yaşında Berlinə gəlin gedib, orda özünə parlaq karyera quran Aynur Özdəmirin hekayəsini xatırlatmışdım. İllər öncə bir təmizlik işləri görən firmada çalışmağa başlayan Aynur qısa zamanda böyük uğur qazanaraq şirkətin müdürü olur. Bu uğurundan ruhlanan gənc qadın sahibkarlıq sahəsində daha əzmkarlıqla çalışmağa qərar verir. Hazırda Berlində həm restoranı, həm də təmizlik şirkəti var. Gənc qadın eyni zamanda Xristian Demokrat Partiyasında siyasətlə məşğul olur. Sahibkarlıqla bağlı uğurları yaşadığı ölkə ilə məhdudlaşmayan Özdəmir ana vətəni Türkiyəyə də sərmayə qoymağa qərar verib. Bunu xatırladanda həmin xanım dedi ki, “mən gedəcəm, məsələ yox, bəs bu ölkənin sahibkar qadınları necə olacaq…”
Burda uğurlu azad sahibkar qadınmı var? Kimdir onlar? Bacarıqlı azad sahibkar qadınların irəli çıxmasına imkanmı verərlər? Yaxından tanıdığım bir sahibkar qadının başına da həmin türk xanımın başına gələnlər gəlib hardasa. 10 ildir tərcümə xidmətləri ilə məşğul olan o şirkət sahibinə də keçən il ilk Formula yarışları ərəfəsində bütün qanuni vergi ödənişlərindən əlavə 8 min manat “norma” qoyulub. Ödəməyəcəyi halda, bazardan çıxarılacağı mesajı verilib. Əvvəllər də bənzər şeylər baş verdiyini deyən xanım tanışım şikayətlənir ki, bu məbləği onlar bəzən heç iki aya da qazana bilmirlər. Buna bənzər halların siyahısını xeyli uzada bilərəm. Amma görünən dağa nə bələdçi. Burda, onsuz da, belə işlərin hansı üsulla görüldüyü hər kəsə məlum…
Türkiyədə kiçik ideyalarla işə başlayıb, böyük işlərin sahibi olan onlarla tanınmış qadını örnək gətirmək olar. Məsələn, Hatice Gülgün Akça 15 il əvvəl işsiz bir xanımdı. Kimya mühəndisi olan Akça qardaşı oğluna hədiyyə üçün akvarium alarkən, akvaryumdaki qumlar diqqətini çəkir. O, uşaqları əyləndirmək üçün qumların rəngli daha cəlbedici ola biləcəyini düşünür. Bu düşüncə onun müvəffəqiyyətinin başlanğıcı olur. Rəngli qumlarla işə başlayan Akça hazırda dünyaya 600 çeşiddə məhsul satan “Doruk Kimya” şirkətinin sahibidir. Bizdə isə… Lap çoxdan qadınlara aid kiçik bir kafe açmaq xəyalı olan gənclərdən biri Çinarə Sədi deyir ki, bunu çox arzulasa da, başlanğıc üçün heç vaxt cəhd etməyin. “Bilirəm ki, xəyal qırıqlıgı yaşayacagam. Məlum maliyyə məsələləri, sonra ölkədə olan yazılmamış qanunlar önümü kəsib açıqcası. Qanunla etməyə çalışsam belə, heç nə alınmayacag, bilirəm. Biri gəlib deyəcək bu qədər pul ver, o biri deyəcək məni də görməlisən. Sonda xəyalımı qurmaga ayırdıgım vəsaitin yarısı belə belə qalmayacag. Yəni Azərbaycanda,sahibkarlıq anlayışı yalnızca bir təbəqə sinifə aiddir məncə. Biz ,gənclərə də bunu kənardan seyr etmək düşür yalnız. Ümid edirəm ki, nə vaxtsa öz xəyalımı reallaşdırmağa imkan olacaq bu ölkədə…”
Bax belə…121 min qadın sahibkar Azərbaycan üçün heç də pis rəqəm deyil. Amma o yalnız kağız üzərindəki sayı göstərməsəydi. Kağız üzərindəki say heç nəyi dəyişmir axı Dəyişsəydi, ölkə niyə bu gündə olurdu ki?..
Oxunub: 492