Bloomberg-in enerji strateqi Julian Lee yazır ki, bu yaxınlarda OPEC-in nekroloqunu yazmaq lazım gələ bilər və ya kartel təcili qaydada reanimasiyaya yerləşdirilməlidir.
Müəllifin fikrincə, hazırda təşkilat necə bir vəziyyətə, necə düşdüyünü və hazırda harda olduğunu dərk etmir.
O yazır ki, OPEC hazırda son 30 ildə özünün ən ağır durumuna düşüb.
12 ay müddətində məkik diplomatiyası aparılıb və nəhayət 22 ölkə neft qiymətlərinin qaldırlması üçün onun hasilatının günə 1, 8 milyon barrel azaldılması barədə razılığa gəlib, amma yenə də heç nə əldə edilməyib.
Bir qədər sonra OPEC üzvləri və başqa iri neft ixracatçıları arasında zorla əldə edilmiş razılaşmaların da vaxtı qurtaracaq, amma neft qiymətləri qalxmır ki, qalxmır.
Julian Lee yazır ki, hələlik mövsüm faktorları Rusiyanın və başqa neft ixracatçılarının hasilatı aşağı saxlamasına imkan yaradır, amma 2017-ci ilin ikinci yarısında bunu etmək çox çətin olacaq.
Bundan başqa Liviya və Nigeriyada hasilatın dirçəlişi neft bazarına əlavə xammal gətirməkdə davam edir.
Burada başqa bir məsələ də nəzərə alınmalıdır. Hazırda neft ixracatçısı olan Yaxın Şərq ölkələrinin arasında Qətərə görə ixtilaf dərinləşməkdə davam edir. Əslində bu 1990-cı ildə İraqın Küveytə müdaxiləsi zamanı yaranmış ixtilafdan heç də az təhlükəli deyil.
Lee yazır ki, belə görünür ki, OPEC reallıqla əlaqəsini tamamilə itirib. Bu ölkələrin rəsmiləri bildirirlər ki, neft qiymətlərinin qalxması investisiyaların çoxalması üçün lazımdır. Amma axı onlar neftin qiyməti 100 dollar olanda da elə belə deyirdilər.
Amma neft qiymətləri düşəndən sonra neft ölkələri bir sıra layihələrin qiymətini möcüzəli bir şəkildə ucuzlaşdırıblar.
“Ən möcüzəlisi isə budur ki, neftin qiyməti bir barrel üçün 100 dollar olanda sərfəli görünən layihələr, elə indiki qiymətlərlə də sərfəli görünür” – yazır müəllif.
Lee yazır ki, OPEC hələ də Şimali Amerika neft sənayesinin necə sürətlə inkişaf etdiyini dərk etməyib.
“Bu bir az zona oxşayır ki, mən 85 yaşlı anama internetin nə demək olduğunu izah etmək istəyirəm” – deyə zarafat edir ekspert.
Julian Lee-nin yazdığına görə, “möcüzəsiz həqiqət” bundan ibarətdir ki, neft ölkələri gələcəyin ucuz qiymətləri üçün investisiyanı neftin qiyməti kəllə-çarxda olanda yatırmalıydılar.
İndi OPEC qocadır və xəstədir və bu günlə təbii ki, ayaqlaşa bilməz.
Oxunub: 502