Bu gün Avropa Şurası Parlament Assambleyasının Strasburqda keçirilən yay sessiyasının ilk plenar iclasında qurumun prezidenti Pedro Aqramuntun postundan uzaqlaşdırılması məsələsi yenidən müzakirəyə çıxarılıb.
AŞPA-nın daxili prosedur qaydalarında Assambleyanın prezidenti, vitse-prezidentləri və komitə sədrlərinin vaxtından qabaq vəzifədən çıxarılması müddəaları olmadığına görə AŞPA Bürosu Pedro Aqramuntu prezident vəzifəsindən uzaqlaşdıra bilmədiyindən, bu gün səhər AŞPA Bürosunda, eləcə də plenar iclasda bunun yolları müzakirə olunub.
Bununla bağlı AŞPA nın sabah keçiriləcək plenar iclasında xüsusi hesabatın müzakirə ediləcəyi gözlənilir.
Bu günkü plenar iclasda çıxış edən bəzi deputatlar Pedro Aqramuntun vəzifədən uzaqlaşdırılaraq, Assambleyanın yeni prezidentinin seçilməsinə və Assambleyada yaranmış böhranın tezliklə həllinə çağırışlar ediblər. AŞPA Bürosunun bu gün keçirilmiş iclasında eyni zamanda qurumun oktyabr sessiyasında yeni prezidentin seçilməsi məsələsi də qaldırılıb.
AŞPA-nın prezidenti Pedro Aqramunt isə bu səhər Büronun iclasında iştirak etsə də, bugünkü plenar iclasa qatılmayıb. O, Büronun iclasından çıxandan sonra jurnalistlərə də hər hansı açıqlama verməyib.
Plenar iclasa vitse-prezidentlər sədrlik edir.
P. Aqramunt Rusiya Dövlət Dumasının sədr müavini Vladimir Vasilyevin rəhbərlik etdiyi Rusiya nümayəndə heyəti ilə birlikdə bu ilin martında Suriyaya səfər edərək, bir sıra görüşlər keçirib, o cümlədən Suriya prezidenti Bəşər Əsədlə görüşüb. Bu isə AŞPA üzvlərinin narazılığı ilə qarşılanıb. Parlamentarilər P. Aqramunta etimadsızlıq məsələsini qaldırıblar.
P. Aqramuntun AŞPA-nın ötən sessiyasında istefasını elan edəcəyi gözlənilsə də, o bunu etməyib.
Oxunub: 668