Bu ölkənin simasına baxıb, ən təsirli ssenariləri, ən oxunaqlı kitabları yazmaq olar. Bu ölkənin gözlərinə baxıb, ən gözəl şeri qələmə almaq olar. Ona görə yox ki, ölkənin simasından, gözlərindən xoşbəxtlik tökülür. Ona görə ki, bu simada bədbəxtliyin bütün çalarları var. Bu ölkədə “kaş bizim də evimiz olaydı”, “kaş bizim də maşınımız olaydı”, “kaş biz də istirahətə gedə biləydik” arzusunda olan milyonlarla insan var. Amma insanı dəhşətə gətirən bu arzuların əlçatmaz olması deyil. İnsanı dəhşətə gətirən bu arzuların yerini “kaş mən də o köynəyi ala biləydim”, “kaş o meyvələrdən almağa pulum olaydı” arzusunun əvəzləməsidir. Yəni, zaman ötdükcə, arzular da cılızlaşır. Artıq yorğana görə ayağı uzatmaq dövrü keçib, indi yorğansız qalmaq dövrüdür.
Amma bu da ən dəhşətlisi deyil. Daha dəhşətli olan budur ki, pulu olanlar da normal qidalana bilmir. Aldığı dərmanın tərkibi dəyişdirilib, aldığı ərzaqın keyfiyyəti yoxdur, aldığı geyimin ömrü qısadır və.s Bəli, bu ölkədə çoxdandır ki, yaxşı həkim, yaxşı müəllim axtarışına çıxdığımız kimi, yaxşı yumurta, yaxşı toyuq əti, yaxşı pomidor axtarşına da çıxırıq. “Broyler toyuğunu alma, xəstəlikdir”, “filan meyvədən alma geni dəyişdirilib”, “filan kolbasdan alma, tərkibinə iyərnc şeylər qatırlar” sözlərini çox eşidirik. Ən çox isə “artıq filan məhsulun əvvəlki dadı yoxdur” sözləri qulağımızı yağır eləyib.
Son olaraq isə məlum oldu ki, Qazaxıstan Azərbaycandan idxal edilən 81 ton kartofu geri qaytarıb. Qısası budur ki, Azərbaycan kartofunun yararsız olduğu üzə çıxıb və Qazaxıstan hökuməti bu kortofu xalqına yedizdirməkdən imtina edib.
Bəli, indi bu analoqsuz ölkədə yaxşı avtomobil arzulamağın yerini, yaxşı kortof yeyə bilmək arzusu əvəzləyib. Hamı daha yaxşı filtir axtarır ki, suyun tərkibindəki çirkabın miqdarını azalda bilsin.
Zəngin bir ölkənin vətəndaşları, ən kasıb ölkə vətəndaşlarının arzuladıqlarını arzulamaq məcburiyyətindədir. “Uzaqgörən” siyasət bu ölkəni o qədər uzağa aparıb ki, adi kartofa da yaxın düşə bilmirik. Əzəmətli hökumətimiz yerin altındakı neftdən vətəndaşa xeyir vermədiyi kimi, yerin altından çıxan kartofdan da xeyir görməyə imkan vermir.
Biz də illərdi ölkədəki təhsilsizliyin, hüquqsuzluğun, ədalətsizliyin davasını aparırıq. Sən demə, ölkədə həm də kartofsuzluq hökm sürürmüş. Biz bunlardan azadlıq, demokratiya, qanunun aliliyini tələb edirik. Sən demə, bunlar adi kartofla da vətəndaşı təmin etmək iqtidarında deyilmişlər. Azərbaycan elminin, Azərbaycan iqtisadiyyatının, Azərbaycan turizminin inkişafını arzulayırıq. Sən demə, bunlar hətta kartof arzusunu da yerinə yetirməkdən acizdilər.
Camaat kartof boyda aparatla okeanın dibinin şəklini çəkir, göyün qatlarına siqnal ötürür, bizimkilər Qazaxıstana normal kartof göndərə bilmir.
Allah bu xalqa yararlı kartof nəsib etsin. Amma yararlı kartof yeyə bilmək üçün də yararlı hökumət lazımdır.
Oxunub: 484