Qıcıq doğuran mövzu barədə bəzi mülahizələr…
Əslində, bu mövzu barədə əhatəli yazmağı həmişə düşünmüşəm. Amma ölkəmizin daha ağır problemlərini görüb tərəddüd etmişəm.
Cəmiyyətimizi milli, siyasi, dini və ya məzhəb mənsubiyyətinə görə bölüb parçalamaq, onu xaosa sürükləmək üçün illərdir xaricdən və daxildən edilən xain cəhdləri nəzərə alıb, əlavə olaraq regionçuluq problemini də mətbuatda qabartmaq istəməmişəm.
Bu mövzuda yazmağın zamanı gələcəyini səbirlə gözləmişəm. Zatən, çap mətbuatında regionçuluq məsələlərinin 5-10 il əvvəlki kimi qabardılmadığını da görüb, problemlə bağlı müşahidələri davam etdirməyi, daha çox bilgi toplamağı faydalı bilmişəm.
Amma bugünədək elektron mətbuatda mövzu ətrafında qarşılıqlı ittihamların, təhqirlərin davam etməsini də görür, tərəflərin hələ də ortaq məxrəcə gələ bilmədiyindən sarsılıram. Deməli, problem var; haqqında açıq danışılmalı və həll edilməlidir!
Bəlkə də, indi yazmaq lazımdır… Bəstəkar Aygün Səmədzadənin sosial şəbəkədə Bakının yerli və gəlmə sakinləri haqqında paylaşdığı məlum fikirlər və bu fikirlərə qızğın reaksiya mənə sanki məsələyə “nöqtə qoymağın” zamanı gəldiyindən xəbər verdi.
Yox, məsələnin birdəfəlik həll olunacağı iddiasında deyiləm. Çünki bunun təbii və obyektiv səbəbi var. Amma cəmiyyəti məlumatlandırmaq və maarifləndirməklə ən azı yersiz ittihamları, küsülülüyü, etimadsızlığı minimuma endirmək və problemə elmi yanaşmağı təşviq etmək mümkündür.
Bu işi indiyədək mütəxəssislər görməli idi, nə yazıq ki, regionçuluq-əyalətçilik bütün sahələri bürüdüyündən müasir və sağlam düşüncə sahiblərinin də səsi eşidilmir, meydana qərəzli və kompleksli simalar çıxır. Hətta missiyası obyektiv məlumatlandırmaq və maarifləndirmək olan, adları az qala Azərbaycanın görkəmli şəxsləri sırasında çəkilən jurnalistlər, yazarlar da var ki, “bakılı-rayonlu” mövzusunda kin-küdurətini açıq şəkildə göstərirlər. Hələ özünü dünya vətəndaşı, qlobalist və ya modernist kimi təqdim edənlərin bu mövzuda xırdaçılığını demirəm…
Problemin kökü və ya mahiyyəti
Əlbəttə, mən mütəxəssis deyiləm, amma illərdir təqib etdiyim problemin əsas səbəbi barədə bəzi mülahizələrimi bölüşmək üçün özümü kifayət qədər hazır bilirəm. Dedik ki, problemin təbii və obyektiv səbəbi var: nədir bu səbəb?
Əslində, bunu hamı bilir, amma nədənsə cəmiyyət bu bəsit məsələyə yanlış yanaşma sərgiləyir. Kimsə məsələnin dərinliyinə varmır, ya da bunda maraqlı tərəf kimi görünmür… Problemə ailə-məişət səviyyəsində, ya da qrup-bölgə mənafeyi nəzərə alınaraq münasibət göstərilir.
Əvvəla, məsələni “bakılı-rayonlu” kimi təqdim etməyin özü yanlışdır; ya bilməməzlikdən irəli gəlir, ya da avantüradır?! Məsələni belə qoymaq həm də cəmiyyəti parçalamaq marağında olan qüvvələr üçün fürsətdir, zəmindir…
Bu problemdə bakılı və qeyri-bakılının yox, şəhərli və kəndlinin adları çəkilməlidir. Axı, problemin özü şəhər və kənd ziddiyyətlərindən, yaxud şəhər və kənd mədəniyyətinin toqquşmasından meydana çıxıb. Bu barədə isə, yanılmıramsa, hətta orta məktəbin tarix dərsliklərində yazılıb.
“Şəhərli-kəndli qarşıdurması” bu gün təkcə Azərbaycanda yox, bütün dünyada, hətta inkişaf etmiş ölkələrin paytaxtlarında müşahidə edilir. Moskvada, İstanbulda, Romada da yerli-gəlmə söhbətləri var… Bəli, bu problemin mahiyyəti və onu doğuran səbəblərdən biri də yerli-gəlmə münasibətləridir.
Sizcə, gəlmələri dünyanın harasında sevirlər və ya onlar harda arzuediləndirlər? Hətta milli birlikdə bizə nümunə kimi təqdim edilən erməni cəmiyyətinin İrəvanda “qarabağlı ermənilərin” – gəlmələrin davranışlarından necə rahatsız olduğu da məlumdur…
Odur ki, ölkəmizdə yerli-gəlmə məsələsində “Bakı və bakılılar”ın adının hallandırılması çox yersiz və ürəkbulandırıcıdır, həm də təhlükəli. Bundan başqa, məsələnin belə qoyuluşu subyektivdir. Çünki Azərbaycanın paytaxtı bu gün Bakı yox, məsələn, Gəncə, ya da Şəki olsaydı, o zaman “gəncəli-rayonlu”, ya da “şəkili-rayonlu” söhbəti meydana çıxardı. Bəs, bütün Azərbaycan türklərinin öyündüyü Təbriz şəhəri necə, bir gün o da bütövləşən Vətənimizin paytaxtı olsa, onda da “təbrizli-rayonlu” söhbətini xırdalamalı olacağıq?!
Yaxud, yeni paytaxtda da yerli əhalinin hüquqları tapdanarsa, hətta yerli əhəmiyyətli vəzifələr məqsədyönlü şəkildə bir-iki bölgənin nümayəndələrinin ixtiyarına verilərsə, həmin şəhərin köklü əhalisi gəlmələri, şərti desək, rayonluları sevərdimi? Hərçənd, regionçuluq-tayfaçılıq bu gün bütün şəhər və kəndlərimizdə yerli sakinləri təhdid edir.
Bakıya qayıdaq, bu şəhərdə nəinki 50 il öncə, hətta son zamanlar məskunlaşanlar arasında da bölgələrdən axının əleyhinə çıxanlar, özləri “gəlmə” olduqları halda paytaxta yeni köç edənləri bəyənməyənlər var. Deməli, belə davam etsə, bir vaxtlar bakılıları “rayon camaatını” aşağılamaqda ittiham edənlərin öz övladları da gəlmələrə antipatiya hissi ilə yanaşacaq. Əlbəttə, ideal cəmiyyət arzusu ilə yaşayaq, amma ayrı-seçkilik “yadlar-doğmalar” arasında yox, hətta bir ailənin üzvləri arasında da rast gəlinir. Deməli, şəhərli-kəndli və ya yerli-gəlmə arasında bir-birini qəbul etməmək hissi həm də təkəbbürdən, eqoizmdən yaranır.
Problemi faciə kimi də qələmə verməyək, məsələni təbii hal kimi qəbul edək. Şəhər və kənd arasında kəskin fərqlər durduqca, yəqin vəziyyət də bu şəkildə davam edəcək. Amma unutmayın, bakılıların da hamısı şəhərli deyil, onların arasında kəndlilər də var, söhbət Bakı kəndlərinin əhalisindən gedir. Elə bilirsiniz Bakının şəhər və kənd camaatı arasında bəyənməzlik halları yoxdur? Yəni istənilən şəraitdə, istənilən bölgədə şəhər və kənd arasındakı fərqlilik qarşılıqlı münasibətlərə təsir göstərir… Amma yerli mənsubiyyətinə görə nə şəhərli öyünməli, nə də kəndli utanmalıdır. Kimsə iqri, milli və yerli mənsubiyyətini özü seçmir.
Bu yazıda hələlik problemin cəmiyyətə necə təqdim edilməsinə toxunduq. İmkan yaranarsa, gələcək yazılarda məsələnin təfərrüatları (yerlibazlıq, yerli-gəlmə münasibətlərinin tənzimlənməsi, şəhər və kəndin fərqlilikləri, yerli demokratiya və s.) barədə də mülahizələrimizi bölüşərik.
Sonda zəruri bir qeyd: ölkəmizdə “şəhərli-kəndli” probleminin “bakılı-rayonlu” kimi təqdim edilməsində maraqlı qüvvələrin mövcudluğunu bir daha unutmayaq. Son 20-25 ildə regionçuluğun faktiki dövlət siyasəti səviyyəsinə yüksəldilməsi bunu deməyə əsas yaradır. Cəmiyyətimizdə aqressiyanın, qarşılıqlı etimadsızlığın əsas səbəbi də budur. Deməli, problemin həllinə hüquqi dövlət quruculuğuna nail olmaqla da misilsiz töhfə verə bilərik.
Şövkət Məmməd
05.07.2017
Oxunub: 608