Azərbaycan Xarici işlər Nazirliyi, Müdafiə Nazirliyi, Baş Prokurorluq və Füzuli rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycanda akkreditasiya olunmuş xarici KİV nümayəndələrinin, hərbi attaşelərin Füzuli rayonunun Alxanlı kəndinə səfəri təşkil olunub.
Səfərdə “TRT”, “İhlas Haber Ajansı”, “MİR” Televiziyası, “Associated Press”, “RİA Novosti”, Amerikanın Səsi, “İnterfax”, “BBC” və digər xarici KİV nümayəndələri iştirak edirlər. Habelə, səfərdə 12 dövlətin 15 hərbi attaşesi və nümayəndəsi iştirak edir. Bu sırada ABŞ, Rusiya Federasiyası, Pakistan İslam Respublikası, Çin Xalq Respublikası, Koreya, Türkiyə, Qazaxıstan, Çexiya, Ukrayna, Gürcüstan, Belarus hərbi nümayəndələri və Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyinin diplomatı iştirak edirlər.
Səfər çərçivəsində onlar iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin atəşə tutması nəticəsində həlak olmuş Allahverdiyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhranın həlak olduqları hadisə yeri ilə tanış olacaqlar və əraziyə baxış keçiriləcək. Onlara baş vermiş hadisə barədə yerindəcə ətraflı məlumat veriləcək. Həmçinin onlar yaralı Quliyeva Sərvinaza baş çəkəcəklər.
Azərbaycanın Müdafiə Nazirliyinin açıqlamasına görə, iyulun 4-də saat 20:40-da Ermənistan Silahlı Qüvvələri Füzuli rayonunun Alxanlı kəndini 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutub. Bu zaman iki nəfər həlak olub. Bunlar kənd sakinləri 1967-ci il təvəllüdlü Sahibə Quliyeva və 2015-ci il təvəllüdlü Zəhra Quliyevadır. Daha bir nəfər – Sərvinaz Quliyeva yaralanıb.
Oxunub: 170