Körfəz ölkələri Qətərə qarşı yeni sanksiyalarla bağlı razılığa gələ bilməyiblər.
DW xəbər verir ki, Qahirədə Səudiyyə Ərəbistanı, Misir və Bəhreyn rəsmilərinin iştirakı ilə toplantı keçirilib.
Toplantı iştirakçıları Qətərin 13 müddəalıq tələbnaməni rədd etməsindən təəssüf etdiklərini bildirsələr də, Dohaya qarşı yeni сəza tədbirinə qərar verməyiblər. Lakin bəyan ediblər ki, yaxın vaxtlarda beynəlxalq hüquqa uyğun sanksiyaların tətbiqi istisna deyil.
Misir xarici işlər naziri Sameh Şükrü Qətərin rədd cavabını yaranmış böhrana qeyri-ciddi münasibət kimi qiymətləndirib.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir Qətəri onların daxili işlərinə müdaxilə etməkdə və terrorizmi dəstəkləməkdə ittiham edərək iyunun 5-də Doha ilə diplomatik münasibətləri və bütün əlaqələri kəsiblər.
Bunun ardınca Dohaya 13 müddəalıq tələbnamə göndərilib. Tələbnamədə Qətərdən İranla münasibətləri məhdudlaşdırmaq, “Əl-Cəzirə” kanalını qapatmaq, İŞİD, “Əl-Qaidə” və “Hizbulla” ilə bütün əlaqələri kəsmək də tələb olunurdu.
İttihamları rədd edən Qətər irəli sürülən tələblərin real olmadığını və onları yerinə yetirməyəcəyini bəyan edib.
Gültəkin
Oxunub: 212