Cəmil Həsənli
İki yaşlı Zəhranın qana bulaşmış çöhrəsi ürəklər parçalayır. Müharibələrin ən dəhşətli məqamı uşaq ölümləridir. Məsum, günahsız bur yavrunun gözlənilən güllədən qana boyanması ruhumuzu sarsıtdı. İki yaşlı körpə güllə yetəcək mənzildə yaşayırdı. Zəhranın çöhrəsindəki qan 25 il öncə eyni taleyi yaşayan Xocalı uşaqlarının sifətlərində donmuş qana çox bənzəyir. Sanki soyuq fevral günlərində Xocalı uşaqlarının qar içində buzlaşmış qanı isti bir iyul gecəsində Alıxanlıda açıldı. Faciədir, böyük faciə.
Gül butasına bənzəyən Zəhra niyə düşmən gülləsindən al qana boyanmalı idi? 25 il ərzində niyə Azərbaycan torpaqları düşmən tapdağında qalmalı və iki yaşlı Zəhra erməni gülləsinə hədəf olmalı idi? Cənab İlham Əliyev 14 illik prezidentlik müddətində işğal olunmuş əraziləri azad etmək üçün nə edib? Axı, hər gün televiziya ekranlarından “Azərbaycan güclü ölkədir, onun güclü ordusu var” sözlərin təkrar etməklə iki yaşlı Zəhranı qorumaq mümkün olmadı və olmayacaq da.
Bu illər ərzində Azərbaycan hakimiyyəti işğal edilmiş torpaqları azad etmək, Zəhra kimi məsum körpələrin taleyini fikirləşmək kimi müqəddəs qayğılardan başqa bütün natəmiz əməllərə qurşandı. Ərazisi işğal olunan bir ölkənin hakim elitası korrupsiyaya qurşanıbsa, cəbhə xəttində yaşayan Zəhranın çöhrəsində laxtalanan qan gözlənilən idi. Zəhranı qorumaq, onun məsud həyatını təmin etmək üçün sərf edilməli olan neft pulları, ölkənin sərvətləri min bir oyunla talan edildi. Vətəni yağmalanan bir millətdən oğurlanıb ofşorlarda yerləşdirlən sərvətlərdə, torpaqları düşmən tapdağında olan məmləkətin 8 milyardlıq yay oyunlarında, Luka Valonteyə əta edilən 2,4 miloyon rüşvətdə, lap elə Ledi Qaqanın hakim elitanı əyləndirən 2 milyon dollarlıq “Qu nəğməsində” qan izləri var, Zəhranın qanının izləri.
Oxunub: 678