Bu namərd hücumu hakimiyyətinin “şərab diplomatiyasına” cavab kimi də qiymətləndirmək olar
AXCP sədri Əli Kərimli Füzuli rayonu Alxanlı kəndinin ermənilərin atəşə tutması nəticəsində iki vətəndaşımızın – 2 yaşlı Zəhra Quliyeva və nənəsi Sahibə Quliyevanın ölümü ilə bağlı kədərini paylaşıb. AXCP sədri təəssüflə bildirib ki, bu faciə ilk və sonuncu deyil. Çünki münaqişə həllini tapmayıb, onun həlli isə quru bəyanatlarla olacaq qədər sadə deyil:
Çox ağır faciədir. 2 yaşlı Zəhra balamızın nənəsilə birlikdə düşmənin artilleriya atəşilə öldürülməsi hamımızın ürəyini yandırır. Ancaq təəssüf ki, bu faciə nə birincidir, nə də sonuncu. Bu namərd hücumu ermənilərin Azərbaycan hakimiyyətinin “şərab diplomatiyasına” cavabı kimi də qiymətləndirmək olar. Əvvəlcədən bilindiyi kimi, bu yersiz təşəbbüs də iflasa uğradı. Çünki çətin problemlərin asan həlli olmur. Regionumuz Rusiyanın, eləcə də Azərbaycan və Ermənistandakı avtoritar rejimlərin nəzarətində qaldıqca, təəssüf ki, münaqişənin həlli gözlənilmir. Yalnız daxili auditoriya üçün nəzərdə tutulan “lazım gələrsə…” populizmi iflasa uğradığı kimi, yalnız xarici auditoriyaya istiqamətlənmiş “şərab diplomatiyası” da belə köklü problemi həll etmək iqtidarında deyil. Problemin köklü həlli üçün Cənubi Qafqazı Rusiyanın, Azərbaycan və Ermənistanı isə avtoritarizmin caynağından xilas etmək lazımdır. Uşaq qatilləri, müharibə cinayəti törədənlər isə istənilən halda cəzalarını almalıdırlar!
Oxunub: 764