Nəsimi Məmmədli
“Azərbaycan xalqında ermənilərin timsalında düşmən obrazının formalaşmasına imkan verməmək” düşüncəsi ölkəmiz və xalqımız üçün nə vəd edir?
Bir neçə gündür bu yanaşmanı təhlükəli hesab edənlərlə, onu doğru sayıb dolayısı ilə dəstəkləyənlərin sosial şəbəkələrdən müzakirələrini izləyirik. Bu mövzu açıldığı gün ona ilk münasibət bildirənlərdən olmuşam. Müəyyən müzakirələri izlədikdən sonra nə zamansa bu barədə təkrar fikirimi yazmağı düşünürdüm. Dünən erməni işğalçılarının nəzarətində olan ərazilərimizdən açılan düşmən atəşi nəticəsində Fizulinin Alxanlı kənd sakinlərinin, xüsusilə də 2 yaşlı körpənin ölümündən sonra bu barədə indi yazmaq zərurəti hiss etdim. Məncə bu məsələ dövlətimiz və xalqımız üçün elə bir əhəmiyyətli mövzudur ki, nəinki siyasi, hətta ən cüzi ictimai çəkisi olan şəxslərin də açıq münasibət ifadə etməsi olduqca vacibdir.
İlk olaraq müzakirələrdə diqqətimi çəkən o oldu ki, “ermənilərin timsalında düşmənçiliyin formalaşmasına imkan verməmək” düşüncəsi ətrafında müzakirələr iqtidarla müxalifət arasında deyil, müxalifət düşərgəsinin daxilində aparılır. Müzakirəyə səbəb olan tezis iqtidar təmsilçisindən gəldiyi üçün onun müdafiəsi ilə bağlı arqumentlərin də məhz o düşərgədən gələcəyini gözləyirdim. Lakin mövzu ətrafında bir-birinə oponenetlik edən tərəflər iqtidara müxalif mövqe sərgiləyən şəxslər oldu. Bir tərəf iqtidarın mövqeyini haqlı, digəri isə zərərli saymaqla ortaya mövqe qoydular. İlk dəfə idi ki, özlərini müxalifət hesab edən şəxslər iqtidarın tezislərini açıq dəstəkləməklə yeni yanaşma sərgilədilər. Ölkənin indiki reallıqlarında bunun müsbət və ya mənfi tərəflərindən, obyektiv və ya subyektiv amillərdən qaynaqlanmasından danışmaq məncə hələlik uyğun deyil. Hər iki tərəfdən əsas fikir ifadə edən intellektual şəxslərə müəyyən sahələrin mütəxəsisləri kimi hörmətimi də ifadə etmək istəyirəm.
Keçək mətləbə…
Qarabağ məsələsinin tarixi köklərini, inkişaf mərhələsini və bu günkü durumunu dəqiq öyrənmədən, problemin idarə edilməsində beynəlxalq təsirləri nəzərə almadan ermənilər haqqında çoxmilyonlu auditoriya qarşısında birmənalı fikir yürütmək olduqca yanlışdır. Xüsusilə də avtoritar idarəetmənin mənfi təsirlərində “xumarlanan” cəmiyyətimizə tanınmış şəxslərin “Qarabağ mesajı” ölçülü-biçili olmalıdır. Əks halda həm özlərinə, həm də cəmiyyətə zərər vura bilərlər.
Bizim tərəfimizdən ermənilərlə düşmənçiliyə ilk səbəb verən tək bir olayı belə kimsə tarixdən tapıb göstərə bilməz. Biz daim onların qeyri-insani addımlarına cavab verən tərəf olmuşuq və bu hal, bu gün də davam edir. İzlədiyim açıq müzakirələrdən gəldiyim qənaət budur ki sabah da belə olacaq. Təəssüf ki cəmiyyətin önünə qismən də olsa çıxmağa nail olan fəal insanların əksəriyyətinin siyasi təfəkkürü kənar qüvvələrin məqsədyönlü təbliğatı ilə yoğrulub və ölkə üçün olduqca təhlükəli meyllər hiss edilməkdədir.
Zaman-zaman ərazilərimizi itirməyimizə səbəb olan məsələləri tək bir cümlə ilə ifadə etsək, bu, kənar təsirlərin yaratdığı və bəslədiyi siyasi təfəkkürün daim idarəetmədə dominantlığı, milli iradənin hakim olmasına yaradılan sistemli əngəllər, təhsilin bərbad durumu və cəmiyyətiçi sosial-psixoloji münasibətləri formalaşdıran dəyərlərin olmamasıdır. Bütün bunların nəticəsində ölkə vətəndaşlarının əksəriyyətində düşmənə münasibətdə unutqanlıq, ərazi və insan itkilərinə biganəlik, hüquqsuzluğa dözüm hökm sürür.
Hakimiyyət öz təhlükəsizliyi üçün Qarabağ problemini də, ermənilərlə münasibət məsələsini də tam monopoliyaya alıb və istədiyi formada cəmiyyəti monipulyasiya edə bilir. Gah hərbi əməliyyatlarla, gah da sülh çağrışları ilə ictimai rəy üzərində hökmranlıq edir. Yerli və beynəlxalq ictimaiyyət də bilir ki problemi monpoliyasında saxlayan hökumətin nə həll konsepsiyası, nə də aydın strategiyası var. İstisnalar olsa da, cəmiyyət də bu durumdan narahat görünmür. Belə gürünür ki, heç müxalifət düşərgəsində də Qarabağ probleminin həlli ətrafında vahid mövqe ortaya qoymaq elə də asan olmayacaq.
Ən qorxulusu budur ki, sabah hökumət hansısa təzyiqlərə davam gətirməyib təslimçi sülh təklifini qəbul edərsə, cəmiyyətın reaksiyası məhz indiki yanaşmalardan çox da fərqlənməsin. Bəlkə də hansısa hörmət etdiyimiz şəxslərin çıxıb belə bir sülhün də vacibliyini izah etməsi sürpriz olmayacaq. Mən hər zaman bu fikirdəyəm ki, siyasətlə məşğul olan şəxslərin ilk növbədə Qarabağ məsələsi ilə bağlı fikirləri ziddiyyətlidirsə və ya aydın deyilsə, onlara qətiyyən güvənmək lazım deyil. Belə şəxsləri açıq tənqid etməsəniz də, özünüz üçün nəticə çıxarın və onlara verdiyiniz dəstəklə xalqımızın gələcək faciələrinə təməl qoyduğunuzu unutmayın.
“Beynəlxalq arenada ermənilərə bəhanə verməməliyik” fikirləri də çox qorxulu və prinsipsizliyin ifadəsidir. Onda biz ölkədəki seçki saxtakarlıqlarını beynəlxalq müstəviyə çıxarmayaq ki, ermənilər bundan bəhanə kimi istifadə edəcək? Yüzlərlə siyasi məhbusları beynəlxalq arenada müdafiə etməyək ki, ermənilər bundan yararlanacaq? “Ermənilərlə düşmənçiliyimiz olmayacaq” deməklə kimsə bizə ərazi qaytaracaq? Bu, nə məntiqdir? Ərazisi işğalda olan bir ölkənin siyasətçiləri bütün beynəlxalq arenada bu problemin həlli üçün ən sərt ritorikadan istifadə etməlidir. Çəkinmədən hər yerdə deyilməlidir ki, ərazilərimiz işğalda qaldığı sürəcə erməni xalqı bizə düşməndir və onlarla barışmağımız mümkün deyil. Torpaqlarımızda təhlükəsiz məskunlaşan minlərlə sadə erməni də, onların siyasətçiləri də, generalları da və hətta qüdrətli havadarları da bilməlidir ki, biz işğalla barışmayacağıq. Hərbi və diplomatik sahədə məğlubiyyətimizin səbəbkarı hökumətdirsə, mənəvi məğlubiyyətimizin səbəbkarları da düşmənçilikdən imtinaya çağırışlar edənlərdir.
ATƏT-in Minsk Qrupunun bəzi həmsədr ölkələrinin səfirləri ilə canlı görüşlərim zamanı onların diplomatik dillə problemə baxışlarını çox dəqiq bilirəm. Heç bir müxalifət nümayəndəsi hansısa qərb dövlətlərinin rəğbətini qazanmaq üçün “sülhpərvər” çağırışların müsbət nəticəsinə ümid bəsləməsin. Onlar real durumu bizdən yüz dəfə dəqiq bilir. Ölkə əhalisinin də, müxalifətinin də, iqtidarının da yanaşması onlara tam aydındır. Kimsə özünü bilgili göstərməyə çalışmasın, onlar bizi özümüzdən də yaxşı tanıyır.
Biz beynəlxalq ictimaiyyətə və erməni xalqına ardıcıl olaraq prinsipial mesajlar verməliyik. İşğala tamamilə son qoyulmadıqca, sakinlər öz evlərinə qayıtmadıqca, bir daha ölkəmizə qarşı ərazi iddiaları qaldırılmayacağına rəsmi zəmanət almayınca biz ermənilərə düşmən kimi baxacağıq. Xüsusilə də bu mesajlardan siyasi müxalifət qətiyyən imtina etməməlidir. İqtidarın hansısa mövsümi diplomatik gedişlərinə aludə olmaq lazım deyil. Belə yanaşmanı müxalifətin etməsi olduqca zərərlidir və bizə gələcək itkilər vəd edir. Dərindən düşünsək, məhz dünən də, bu gün də, sabah da torpağa tapşırılan o körpə balalarımızın, vəhşicəsinə öldürülən qadınlarımızın, qocalarımızın, igid oğullarımızın faciəsinin əsas baiskarı bizlərik.
Oxunub: 450